Məşhur amerikalı şahmatçı Hikaru Nakamura Bakıda "susuz qalıb". FİDE Dünya Kuboku üçün Bakıya gələn yapon əsilli amerikalı şahmatçı qaldığı oteldə susuz qalıb. Şahmatçı bu barədə öz "Twitter", daha doğrusu yeni adı ilə desək "X" platformasındakı hesabında yazıb. Deyib ki, qaldığı oteldə duşdan su gəlmir. Rəhmətliyin nəvəsi biz il uzunu su üzünü fasilələrlə görən millətik, “duşdan su gəlməyib” nə böyük iş olub. Bəs suyu fasilərlə verilən ərazilərin sakinləri neyləsin?! İlin-günün bu vaxtında suyu maşınla alan ərazilərin sakinləri neyləsin?
Bir neçə il əvvəl Kürün suyu Xəzərin suyuna qarışdı. Neftçala sakinləri susuzluqdan ölürdü. Suyun kənarında yaşayan sakinlərə həmin su az qala litr hesabı ilə verilirdi. 2021-ci ildə prezident İlham Əliyev Azərsu sədri Qorxmaz Hüseynovu işdən azad etdi. Azərsu ASC rəhbərinin və komandasının yarıtmaz fəaliyyəti barədə, hələ o dövrdə çox sayda ittiham tərkibli yazılar yazılırdı. Azərsu-da irihəcmli mənimsəmələrin olduğu qeyd edilirdi. Və nəhayət 2021-də sabiq sədr Azərsu-dan uzaqlaşdırıldı. Hətta o dövrdə mətbuatda yazılırdı ki, Oğuz-Qəbələ su kəməri çəkilən zaman böyük yeyintilər olub, qazılan quyulardan su çıxmayıb. Yəni Azərsu-nun sabiq sədri ilə bağlı kifayət qədər şikayət yazılıb, deyilib.
Bu gün camaat susuz, Azərsu da başsız qalıb. Sabiq sədrin 5 müavini olsa da, hələ ki, quruma yeni sədr təyin edilməyib. Keçmiş komandadan da işdən çıxarılan olmayıb. Adətən işdənçıxarmalar yeni sədr gələndən sonra olur ki, o da öz komandasını gətirir.
Mətləbdən çox uzaqlaşmayaq. Amerikalı şahmatçının otağına su verməyənlər utansın. Burada yazdı, üstümüzə "qaynar su" tökdü. Oyun bitsin, ölkəsinə qayıdıb orada da bizi biabır edəcək. Yenə ölkəmizdə özümüz Qorxmazın, Əlinin, Vəlinin eyiblərini gizlədə bilirdik. Bu gedib Amerikada deyəcək ki, “Bakıda susuz qaldım”…
Amerikada Bakını tanımayan da susuz tanıdı. Eh, gör nəyin dərdini çəkirik. Üzüsulu söhbəti yekunlaşdıraq. Ay bala, bax, gör su gəlir?
İlahin, Bizimyol.info