Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda təqaüdçülər yenidən etiraz aksiyalarına başlayıblar
İranda təqaüdçülər yenidən etiraz aksiyalarına başlayıblar

İranda etiraz aksiyaları adi hala çevrilib. Cəmiyyətin müxtəlif təbəqələri sosial tələblərlə küçələrə çıxır. Təqaüdçülər xüsusilə fəallaşıb. Onlar bir müddət əvvəl ard-arda etiraz aksiyaları keçirmişdilər. Müəyyən fasilədən sonra etirazlar davam etdirilir.

Bizimyol.info xəbər verir ki, İranda təqaüdçülər sosial şərtlərin ağırlaşması ilə barışmırlar. Buna görə də yenidən etiraz aksiyalarına başlayıblar. Sosial Təminat Təşkilatı etirazlara böyük dəstək verir. Sosial mediada yayılan videolarda təqaüdçülərin müxtəlif şüarlar səsləndirdiyi görünür. Həmin aksiyaların Rəşt, İsfahan, Əhvaz, Kirmanşah, Şuş şəhərlərində baş tutduğu bildirilir.

Təqaüdçülərin əsas narazılığı məbləğin artmamasındadır. Rial sürətlə dəyər itirir. Qiymətlər isə hər il bir neçə dəfə bahalaşır. Pensiya məbləği dolanmağa imkan vermir. Təqaüdçülər tibbi sığortadan da narazıdırlar.

İsfahanda polad sənayesinin təqaüdçüləri Polad Sənayesi Təqaqüd Fondunun ofisləri qarşısında toplaşıblar. Onlar parlament əleyhinə şüarlar səsləndiriblər.

Rəştdə etirazçılar açıq şəkildə bildiriblər ki, onların çəkdiyi bütün bəlaların arxasında rejim dayanır. Bazar günü keçirilən mitinqdə təqaüdçülər “Ölkəni qarət etdilər və insanların həyatını məhv etdilər” şüarlarını dilə gətiriblər.

Bazar günü də Qaçsaran, Kohqiluyə və Boyer Əhməd əyalətinin neft-qaz sektorunun işçiləri küçəyə çıxıb. Onlar 2012-ci ildə qəbul olunmuş və neft nazirliyinin qarşısında maaşlarının artırılması öhdəliyini qoyan qanunun icrasını tələb edərək etiraz aksiyası keçiriblər. Hökumət ard-arda qanunu həyata keçirəcəyinə söz versə də, zamanla bunu etməkdən boyun qaçırır. Neft-qaz sektorunun fəhlə və qulluqçularının həyatı isə yoxsulluq həddinə çatmaqda davam edir. Ölkə iqtisadiyyatını ayaqda saxlamalı olan sahə çox aciz görünür.

Ekspertlər payızda etiraz aksiyalarının miqyasının böyüyəcəyini düşünür. Çünki məhz keçən ilin sentyabrında ölkədə qarışıqlıq başlamışdı. Gənc qadının polis bölməsində öldürülməsi böyük etiraz dalğasına səbəb olmuşdu. Xeyli ölənlər vardı, minlərlə etirazçı həbs edilmişdi. İran hökuməti bu hadisələrə görə ölkədə böyük qəzəbə tuş gəlmişdi.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »