Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tərtər işgəncələri: “Hikmət Həsənov dedi ki, yuxarıdan göstəriş var, 100 adam ölsə də, davam etməlidir”
Tərtər işgəncələri: “Hikmət Həsənov dedi ki, yuxarıdan göstəriş var, 100 adam ölsə də, davam etməlidir”

2017-ci ilin may-iyun aylarında Tərtər hadisələrində işgəncəyə məruz qalmış şəxslər, eləcə də işgəncə nəticəsində ölənlərin ailə üzvlərinin ən çox ittiham etdiyi şəxslərdən biri də həmin vaxt orada briqada komandiri olmuş Teymur Məmmədovdur. Zərərçəkmişlər onun cinayət məsuliyyətindən kənarda qalmasına etiraz edirlər. O, hazırda Laçında hərbi hissə komandiridir.

Bizimyol.info xəbər verir ki, polkovnik Teymur Məmmədov iyulun 25-də Tərtər işgəncələrilə bağlı məhkəmə prosesində şahid qismində dindirilib.

Tərtər hadisələrini Bakı Hərbi Məhkəməsinin hakimləri araşdırır. Lakin məhkəmə iclasları Sumqayıt Məhkəmə Kompleksinin binasında keçirilir. Hazırda Tərtər işgəncələrilə bağlı məhkəmənin icraatında üç qrupun işi var. İki qrupun hər birində 4 nəfər (ümumilikdə 8 nəfər) mühakimə olunur. Daha 5 nəfərlik qrupun işi isə məhkəməyə daxil olsa da, məhkəmə prosesi yaxın vaxtlarda başlayacaq.

Teymur Məmmədovla zərərçəkmişlər arasında məhkəmədə gərginlik yaşanıb.

Teymur Məmmədov ifadəsində işgəncələrdə iştirakı barədə onun ünvanına səslənən ittihamları qəbul etməyib. O, etiraf edib ki, işgəncələri görüb. rəhbərlik etdiyi hərbi hissənin əsgər və zabitlərini işgəncə yerinə göndərib. Lakin iddia edib ki, verilən əmri icra edib:

“Komandirim deyib, mən də eləmişəm. Komandirimə deyə bilməzdim ki, eləmirəm. Mən iki nəfərin əmrini icra eləmişəm – korpus komandiri Hikmət Həsənov və korpusun komandiri Fuad Ağayev”.

Teymur Məmmədov ifadəsində təsdiqləyib ki, o, işgəncə verilən məkana – ikimərtəbəli köhnə qərargah binasına öz briqadasının 130 nəfər əsgər və zabitini göndərib. Onlardan 5-6 nəfəri isə işgəncə nəticəsində ölüb. O, əlavə edib ki, hərbi prokurorluğun nümayəndələri də hərbçilərə işgəncə verilən köhnə qərargah binasında olub, onlar da orada baş verənləri görüblər.

Şahid-polkovnik yalnız əmr icra etdiyini desə də, zərərçəkmişlər onun işgəncələrdə birbaşa iştirak etdiyini, bununla bağlı çoxsaylı sübutlar olduğunu bildiriblər.

“Bu adam oğlumun qatilidir”

İşgəncələr nəticəsində həyatını itirən hərbi qulluqçu Elçin Quliyevin anası Validə Əhmədova bildirib ki, övladının ölümündə birbaşa Teymur Məmmədovun günahı var:

“Hikmət Həsənov mənim oğlumu tanımırdı. Onu niyə çağırmalıydı? Oğlum sənin tabeliyində olub. Oğlumu niyə ora aparmısan? Yaxud da niyə göndərmisən? Oğluma niyə işgəncə verib öldürmüsən? Bu adam mənim oğlumun qatilidir. Gəlib burada şahid kimi ifadə verir. Mən video görmüşəm, bu adam əlində çubuqla hərbçilərə işgəncə verir...”

Teymur Məmmədov heç kimə işgəncə vermədiyini, Elçin Quliyev onun tabeliyindəki hərbi qulluqçu olmasına baxmayaraq, onu şəxsən tanımadığını bildirib.

Daha bir zərərçəkmiş bildirib ki, ona şəxsən Teymur Məmmədov özü işgəncə verib: “Bunun göstərişi ilə dırnaqlarımı çıxarmışdılar. Nasif Əliyevin başına tapança ilə vururdu. Bunun yanında adamları butılka ilə zorlayırdılar, tok verirdilər...”

O isə deyilənləri təkzib edib: “Böhtandır...”

“Bu qədər vətən xaini olar?”

Həmin dövrdə hərbi hissə komandiri olmuş, hazırda təqsirləndirilən şəxslər arasında olan Vüsal Ələsgərov da Teymur Məmmədovu ittiham edib:

“Mayın ya 3-ü, ya da 4-ü idi, korpus komandiri də dayanmışdı. Bir maşın “Ural” ağzına qədər hərbçi ilə dolu gətirildi, bu da qayıtdı ki, cənab general, hamısı xaindi. Korpus komandiri də qayıtdı ki, bu qədər xain olar? İndi bəzənib-düzənib, gəlib burada qırmızı-qırmızı yalan danışır. Hamısı günahkar oldu, bircə özünü kənarda saxladı. Bu, “süddən çıxmış ağ qaşıqdı”. Sənin briqadanda neçə ölüm olub? (Teymur Məmmədov “5-6” cavabını verir) Mənim briqadamda isə ölüm olmayıb. Fərqimiz nədədir ki, mən buradayam, sən yox? Gözünün qabağında o qədər qan-qada, sən nə qədər təmiz adam olmusanmış? Özüm də məəttəl qalıram sənin qırmızılığına. Yetimi (təqsirləndirilən Rüstəm Ələsgərovu nəzərdə tutur-red.) bura salmısan, heç olmasa, bir siqaret göndər də ona. Bədbəxtin xəstə uşağı qalıb çöllərdə, dərman pulu tapmır. Bu yetimin balasının, zərərçəkənlərin ahı nə vaxtsa səni tutacaq. Mən kiməsə bir şillə vurmuşamsa da, cəzasını il yarımdır çəkirəm. Sən nələr eləmisən, özün yaxşı bilirsən. Hələ müharibə vaxtı qaçıb gizlənməyini demirəm...”

Teymur Məmmədov ona belə cavab verib:

“Vüsal, səninlə fərqimiz bilirsən nədədir? Mənim təmkinli olmağımda...”

Rüstəm Ələsgərov Teymur Məmmədovun rəhbərlik etdiyi hərbi hissədə müddətdən artıq xidmət edən kəşfiyyatçı olub. Hərbçilərin sorğu-sual üçün çağrıldığı və sonradan işgəncəyə məruz qaldığı məkan köhnə qərargah binası olub. Teymur Məmmədov etiraf edib ki, rəhbərlik etdiyi briqadanın kəşfiyyat bölüyündən həmin hadisələr vaxtı 5-6 nəfər binanın mühafizəsi üçün göndərib. Biri də Rüstəm Ələsgərov olub. Onun sözlərinə görə, Rüstəmi binanın içində, hərbçilərə işgəncə verən yerdə və s. görməyib. Özü də onun kiməsə işgəncə verdiyinə inanmır.

“Onun yanında adamları zorlayırdılar, toka verirdilər”

Rüstəm Ələsgərov da ona qarşı işgəncə vermə, işgəncə nəticəsində kimlərisə öldürmə ilə bağlı ittihamları qəbul eləmir:

“Yetim adamam, heç kimim yoxdur, ona görə buradam. Məni həbs eləyəndə günü 20 manata kanalizasiya quyusu qazırdım. Autizm xəstəsi uşağım qalıb, siqaret, geyim tapmıram. Bağrım çatlayır. Oradakı ölümləri mənim üstümə yazanların Allah balasını öldürsün. Mənim xəbərim olub onlardan? İndi burada üstünüzdən atmaqla deyil ki?! Bir “KamAz” adam gətirdilər, əllərinizi arxanıza qoyub, gözümün qabağında əmr verdiniz ki, qaldırın bu qoduqları yuxarı...”.

Zərərçəkmiş Ruslan Məmmədov da deyir ki, şəxsən Teymur Məmmədov özü ona işgəncə verib: “Bu Teymur Məmmədov botinkanı başıma qoyub, təpikləyirdi. Niyə?”

O isə belə bir hadisənin baş vermədiyini iddia edib.

Həm təqsirləndirilən şəxslər, həm də zərərçəkmişlər bildiriblər ki, Teymur Məmmədovun yanında adamların zorlandığını, toka verildiyini sübut edən videogörüntülər var.

“Lap tutaq ki, siz işgəncələrdə iştirak etməmisiniz. Bəs niyə sizin əsgər və zabitlərinizə qarşı işgəncələrə, onların öldürülməsinə göz yummusunuz? Niyə bu barədə heç bir orqana məlumat verməmisiniz?”, - zərərçəkmişlər ondan soruşub.

Teymur Məmmədov suala belə cavab verib: “Müraciət edə biləcəyim orqanların hamısının nümayəndələri orada idi. Hərbi prokurora deyim ki, belə eləmə, elə elə?”

“Bunları başa sala bilmirəm ki, belə olmaz”

Daha sonra məhkəmədə Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin keçmiş rəisi, 2 il yarımdır ehtiyatda olan general mayor Rasim Əliyev şahid qismində ifadə verib. O, iddia edib ki, Tərtərdə baş verən hadisələrdən Müdafiə Nazirliyinin rəhbərliyi məlumatlı olub. Generalın sözlərinə görə, korpus komandiri Hikmət Həsənov ona demişdi ki, bütün proseslər Müdafiə naziri Zakir Həsənov və o vaxtkı Baş Qərargah rəisi Nəcməddin Sadıxovun razılığıyla həyata keçirilir.

Rasim Əliyev ifadəsində bildirib ki, o, Tərtərə hadisələr başlayandan bir müddət sonra - mayın 9-da ezam olunub. Ondan əvvəl isə hazırkı Baş Qərargah rəisi, o dövrdə nazirin şəxsi heyət üzrə müavini olan Kərim Vəliyev Tərtərdə olub.

Onun sözlərinə görə, gedəndə orada yüzlərlə işgəncəyə məruz qalmış, əlləri, gözləri bağlı hərbçi görüb. Həmin vaxt Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi Rauf Kişiyev də orada olub: “Rauf Kişiyev dedi ki, bunları başa sala bilmirəm ki, belə olmaz”.

Onun sözlərinə görə, Tərtərdə proseslərə rəhbərlik edən şəxs o zaman korpus komandiri olan general Hikmət Həsənov, korpusun hüquqşünası Fuad Ağayev idi. General ifadəsində “Dəniz piyadaları”nın komandiri Cəfər Seyidov (Ali Məhkəmənin hakimi Əziz Seyidovun oğlu-red.) və tabeliyindəki heyətin Tərtərə gəlib, orada hərbçilərə qarşı işgəncələrdə iştirak etməsindən də danışıb.

“Gərək səni güllələyərdim...”

Rasim Əliyev işgəncələrə etiraz etdiyini, buna görə Hikmət Həsənovla aralarında narazılıq yarandığını iddia edir:

“İşgəncələrdə əsas rol oynayanlardan biri koröusun hüquqşünası Fuad Ağayev idi. Ona irad bildirmişdim. O da məndən Hikmət Həsənova şikayət eləmişdi. Hikmət Həsənov zəng eləyib dedi ki, proseslər nazir və Baş Qərargah rəisinin göstərişiylə həyata keçirilir. Lap 100 nəfər ölsə belə, araşdırma davam etdirilməlidir. Mənim işimə qarışma...”

Rasim Əliyev iddia edir ki, Tərtərdə baş verənlərə müdaxilə etməyə çalışsa da, gücü çatmayıb.

Rasim Əliyev onu da əlavə edib ki, Tərtərə çatanda təqsirləndirilən Vüsal Ələsgərovun bir maşında bir neçə nəfər cırıq paltarlı hərbçini gətirdiyini görüb. Buna görə ona irad da bildirib. Lakin Vüsal Ələsgərov onun yalan danışdığını, orada olarkən də heç bir tədbir görmədiyini, kimsəyə də heç bir irad bildirmədiyini deyib:

“General-mayor deyir ki, “gücüm çatdığı qədər müdaxilə elədim”. Onda niyə o vəzifəni tutmuşdunuz? Raport yazıb, kənara çəkiləydiniz. Burada oturası adam sizsiniz. Mən sizlərin cinayət zəncirinizdə 1000 halqadan 998-ciyəm”

Rasim Əliyev ona belə cavab qaytarıb: “Düz deyirsən, gərək səni yerində güllələyərdim...”

Zərərçəkənlər də generalı ittiham edib. Deyiblər ki, o, vaxtında öz səlahiyyətlərindən istifadə eləsəydi, bu hadisələrin qarşısı alınardı. Baş verənlərdə onun da rolu var.

“Bütün rəhbərlik işgəncələrdən xəbərdar idi. Kimə nə deməliydim? Hamı hər şeyi bilirdim. Elə bil, hamı ərik ağacının altında dayanıb, ağacda olanları görür. Onlara deməyə nə ehtiyac var ki, ağacdakı ərikdir?”, - Rasim Əliyev bildirib.

Tərtər hadisələri zamanı həbs olunub, 5 il 6 ay sonra bəraət alaraq azadlığa çıxmış, hazırda zərərçəkmişlər arasında olan Müşfiq Əhmədli tələb edib ki, Müdafiə naziri Zakir Həsənov, o dövrdə Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıqov məhkəməyə çağırılıb dindirilsin:

“Belə generallara görə mənim həyatım məhv olub. Ailəm dağılıb. Məni vətən xaini hesab edib yoldaşım. İllərim həbsxanada keçib. Psixoloji vəziyyətim bu gün də gərgindir. Bunları heç nə ilə geri qaytara bilməzsiniz”

Rasim Əliyevin istintaqa verdiyi ifadə də məhkəmədə elan olunub.

Hikmət Həsənovun ona telefon zəngi, Müdafiə naziri və Baş Qərargah rəisindən göstəriş alması, nə qədər ölən olsa belə, dayanmayacaqları, sorğu-sualı və işgəncələri davam etdirəcəkləri barədə istintaqdakı ifadəsini təsdiq edib-etmədiyini vəkillərdən biri ondan soruşub. General-şahid suala belə cavab verib:

“Hikmət Həsənov mənə dedi ki, nazir və Baş Qərargah rəisi mənə “dobro” verib. Ölənlər olsa belə, davam edəcək...”

Rasim Əliyevin ifadəsində də “Dəniz piyadaları”nın komandiri Cəfər Seyidov və tabeliyindəki heyətin işgəncələrdə iştirakından bəhs olunub.

Rasim Əliyev istintaqa ifadəsində polkovnik Teymur Məmmədovun işgəncələrdə iştirakını birbaşa özü görməsə də, bu barədə ona məlumat verildiyini də qeyd edib.

Tərtər işgəncələri ilə bağlı məhkəmə araşdırmaları davam edir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »