Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin Avropa qitəsinin əvəzsiz investoruna çevrilir: İqtisadi vəziyyət nə yerdədir...
Çin Avropa qitəsinin əvəzsiz investoruna çevrilir: İqtisadi vəziyyət nə yerdədir...
Almaniya Çin ilə münasibətlərini maliyyə itkisi və siyasi gərginlik olmadan balanslaşdırılmış qətiyyətlə davam etdirməyə çalışır. Almaniya Federal Hökuməti cümə axşamı bu məqsədlə Çin Strategiyasını dərc edib. Müvafiq olaraq, Almaniya Çini ticarət tərəfdaşı, rəqabətli ölkə və sistemli rəqib kimi görür. Çin strategiyasında ən diqqət çəkən anlayış olan sistemli rəqabət ideoloji rəqabətə və hətta siyasi müxalifətə də çata bilən geniş mənalara malikdir.

Belə bir strategiyanın zəruriliyini Almaniyanın xarici işlər naziri Annalena Baerbok bu sözlərlə izah edir: “Biz son on ildə Çinin davranışının yaratdığı çağırışa qarşı öz mövqeyimizi nümayiş etdiririk”. Almaniyada strategiya planı həm nazirliklər üçün fəaliyyət kursu, həm də sənayeyə xəbərdarlıq edir. Çünki dövlət yəqin ki, onların Çinə qoyduğu investisiyalarda baş verəcək iqtisadi riskləri qarşılamayacaq. Baerbok onu da vurğulayır ki, belə bir strategiyanın formalaşması üçün əsas motiv Rusiyanın təcrübəsidir. Müharibədən əvvəl Rusiya ilə iqtisadi əlaqələr, xüsusilə alman tərəfinin enerji təchizatından birtərəfli asılılığının kompensasiyası Almaniyaya 200 milyard avroya başa gəldi. Almaniya Çinlə münasibətlərdə belə bir riski aradan qaldırmağa çalışır.

21-ci yüzillikdə Çindəki hadisələr həlledici olacaq. Yəqin ki, bundan sonra Çin mərkəzli dünyanı oxumalı olacağıq. Ukrayna müharibəsi ilə dünya bu reallıqla üzləşməyi təxirə saldı, lakin Çinin dünyanın hər yerindən sərmayələri gec-tez siyasi təzyiq vasitəsinə çevrilir. Almaniya qanuni olaraq strateji əhəmiyyətli alman obyektlərinin çinlilərə satışının qarşısını aldı. Lakin Hamburq limanında bütün ictimai təzyiqlərə baxmayaraq, çinlilər əməliyyat hüquqlarını qismən də olsa satın ala biliblər.

Yunanıstan, İtaliya və İspaniya kimi digər Avropa ölkələrində Çinə qarşı bu cür sanksiyaların tətbiqi imkanları yoxdur. Bu arada Türkiyənin Çinlə ticarət əlaqələri o baxımdan diqqətlə oxunmalıdır ki, bu ölkə Yaxın Şərqdə vasitəçi (İran-Səudiyyə Ərəbistanı gərginliyində barışıq-red.) və Afrikada, xüsusilə də Misirdə və demək olar ki, bütün qitədə mühüm investordur.

Almaniyanın Çin strategiyasında bu məqama aşağıdakı cümlələrlə diqqət çəkilir: “Federal hökumət Çinin öz təkpartiyalı sistem maraqları çərçivəsində beynəlxalq nizama təsir göstərməyə çalışmasını narahatlıqla izləyir”. Çox güman ki, ABŞ-la razılaşdırılaraq strategiyaya əlavə edilən bu cümlə həm də ehtimal olunan böhran zamanı Almaniyanın hansı mövqe tutacağını göstərmək baxımından maraqlıdır.

Strategiya planı ilə iki ölkə arasında münasibətlərdə nələrin dəyişəcəyini proqnozlaşdırmaq çətindir, lakin indiki şəraitdə qarşılıqlı iqtisadi asılılıqdan danışmaq mübaliğə olmaz. 2022-ci il rəqəmlərinə görə, Almaniya ilə Çin arasında ticarət həcmi düz 300 milyard avro təşkil edir. Çin Almaniyaya 192 milyard avro ixrac edib. Almaniyada satılan noutbukların 80%-i Çindən gətirilir. Bundan əlavə, Almaniyada enerjinin çevrilməsi layihələri üçün tələb olunan külək turbinləri, elektrik mühərrikləri və günəş sistemlərinin yarıdan çoxu da Çindən gəlir. Yəni enerji baxımından Rusiyadan asılı olmaq istəməyən Almaniya dolayı yolla da olsa, Çindən asılıdır.

Çin Strategiya planında Çinin iqtisadi strategiyasının xarici asılılığı minimuma endirmək və Çin mallarına xaricdən asılılığı gücləndirmək olduğu qeyd edilir. Bu məqsədlə Çin investisiyalarına ağır nəzarət şərtləri qoyulur.

Çinə qarşı effektiv strategiyanın ancaq Avropa ilə ortaq addım atılması ilə mümkün ola biləcəyini bildirən Baerbok, Avropanın Almaniyasız strategiya inkişaf etdirə bilməyəcəyinə işarə edir. Almaniyanın Çin strategiyasının ilk sınağı ölkədə qurulan 5G mobil şəbəkələrində Çin hissələrinin istifadə edilib-edilməyəcəyidir. Aidiyyatı qurumlar bu məsələyə baxır. Onlar bu hissələri Avropa istehsalçıları ilə əvəz edə biləcəklər, yoxsa Çin məhsullarından asılı olacaqlar? Strategiya əslində belə qərarların hüquqi və siyasi əsasını təmin etmək və çevik addımlar atmaq üçün hazırlanıb.

Çin Xarici İşlər Nazirliyi isə vəziyyəti hələlik sakit və səssiz bir bəyanatla ötürdü. Rəsmi açıqlamada bildirilib: “Riskləri minimuma endirmək və asılılığı azaltmaq üçün rəqabətli müharibələrə və qoruyucu sistemlərə müraciət etmək konstruktiv deyil. Sistemlərin, maraqların və dəyərlərin rəqabəti dövrün tendensiyalarına ziddir. Bu, dünyadakı parçalanmanı dərinləşdirir”.

Beləliklə, Çin Almaniyadan və Avropadan asılı olduğunu yaxşı bilir.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »