Abşeron Milli Parkı Xəzər rayonu ərazisində yerləşir. Park 2005-ci ildə yaradılıb. Ərazisi 783 hektardır. Əvvəllər bura Abşeron yasaqlığı olub. Sonradan isə, park yaradılıb. Abşeron Milli Parkı gündən-günə inkişaf edir. Düzü bir neçə il əvvəl də parkda olmuşdum. Bu gün parkda inanılmaz dəyişikliklər var. Eyni zamanda təmizlik göz oxşayır. İstər dəniz sahili, istər dəniz, istərsə də parkın ərazisi təmizdir. Ətrafda məişət tullantılarının atılması üçün urnalar qoyulub. Parkın havası, dənizin suyu o qədər təmizdir ki, park ərazisində özünü sanki başqa dünyada hiss edirsən. Sözün əsl mənasında, ciyərlərin "bayram" edir…
Qeyd edək ki, Abşeron Milli Parkına hər gün saat 9:00-dan 18:30-dək daxil olmaq mümkündür. Parkı gün batımından sonra, hava qaralanadək tərk etmək tələb olunur.
Parkın ərazisində çimmək qəti qadağandır. Bu, bəzən parka gələnlərin xoşuna gəlməsə də, hər kəs qəbul etməlidir ki, parkda çimmək olmaz. Birincisi ona görə ki, dəniz təlatümlü olduğu üçün dənizin içində dərinlik 1 metr olduğu halda, səhər həmin ərazi 2-3 metr dərinlikdə ola bilər. Ərazi çimərlik ərazisi hesab edilmədiyi üçün burada Fövqəladə Hallar Nazirliyinin xüsusi idarəsinin əməkdaşları fəaliyyət göstərmir. Yəni burada çimməyə cəhd edib, boğulmaq təhlükəsi yaşaya biləcək şəxsləri quratramaq mümkün deyil. Bu səbəbdən də parkda çimmək olmaz. İkincisi, etiraf etməliyik ki, bəzi vətəndaşlar dəniz sahillərinə o qədər də diqqətli yanaşmırlar. Özlərinə aid və istifadə etdikləri məişət tullantılarını belə atmağa ərinən insanlarımız çoxdur…
Abşeron Milli Parkının direktoru Etibar İbrahimov Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, parkın ərazisini əhatə edən Şahdili burnu Azərbaycanın materikdə yerləşən ən ucqar şərq nöqtəsidir.
“Müqayisə üçün qeyd olunmalıdır ki, Şahdili burnu Avropa qitəsinin quruda yerləşən ən ucqar şərq nöqtəsi, Portuqaliyada yerləşən Roka burnu isə ən ucqar qərb nöqtəsidir. Şahdili coğrafi cəhətdən burun kimi xarakterizə olunur, dənizin içərisinə doğru tədricən ensizləşir və uzununa təxminən 10 km məsafəni əhatə edir”-deyən İbrahimov əlavə edib ki, dünya xəritəsində burun tipli coğrafi nöqtələr arasında öz sahəsinə və miqyasına görə ən böyük ərazilərdən biri hesab olunur, su akvatoriyasının içərisinə doğru uzanan ərazi olaraq unikal relyef görüntüsünü əks etdirir.
Etibar İbrahimov bildirib ki, Xəzər dənizində min illər ərzində baş verən tərəddüdlərə baxmayaraq (suyun azalıb-artması) Şahdili burnunun relyefi dəyişmir, xəritədə məcazi olaraq qartalın dimdiyi formasını saxlayır.
Parkda velosipedlə hərəkət etmək imkanı, piknik etmək üçün köşklər, velosipedlərin kirayəsi, elektro samokatların kirayəsi, at və fayton gəzintisi xidməti, paratrike uçuş xidməti var.
Həftənin şənbə və bazar günləri samovar çayı, sac qutabını dadmaq mümkündür. Giriş haqqı adambaşına 2 manatdır. Eyni zamanda 6 yaşadək uşaqlar, müharibə əlilləri və məktəblilər sinif halında ödənişsizdir.
“Xəzər dənizində enmələr yəni tərəddüdlər dövrü olaraq hər 30, 40 ildən bir baş verir. İndi hazırda Xəzər dənizində suyun enməsi prosesi gedir. Və yəqin ki, bundan sonrakı illərdə də davam edəcək. Gördüyünüz kimi indi dayandığımız yer qurudur və dəniz sahilindən xeyli aralıdayıq. Amma bir neçə il bundan əvvəl buralar su olub və təxminən dəniz bu istiqamətdə olub”-deyə İbrahimov izah edir.
Parkın mühafizə əməkdaşı Namiq Hüseynov isə, 29 ildir ki, burada işləyir. O da gördüklərini, yaşadıqlarını bizimlə bölüşdü…

Abşeron Milli Parkı haqqında yazmaqla onu tərif etmək, tanıtmaq azdır. Abşeron Milli Parkını görmək lazımdır. Bakının mərkəzindən bir qədər uzaq olsa da, Şahdilini görmək və “qartalın burnunda” olmaq üçün bu yolu qət etməyə dəyər. Siz də həftəsonu işlərinizi bir kənara buraxıb, Abşeron Milli Parkına baş çəkin. Bəyənəcəksiniz!!!
İradə Cəlil, Bizimyol.info