Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin "Vaqner" tələsi...
Putinin "Vaqner" tələsi...

Yevgeni Priqojinin komandanlığı altında "Vaqner" Özəl Hərbi Şirkətinin "qiyam qaldırması" dünyanın əsas gündəmidir. Buna "səbəb" Rusiya Silahlı Qüvvələrinin müdafiə naziri, ordu generalı Sergey Şoyqunun əmri ilə "Vaqner" ÖHŞ-nin bölmələrinə zərbə endirməsi, onlarla "Vaqner"çinin öldürülməsidir. Hiddətlənən Priqojin Rostov və Voroneji "ələ keçirir", xalqı küçələrə çıxmağa çağırır. Moskvaya doğru gedir. Və 12 bənddən ibarət olan "Rusiyanın xilası" adlı planını bəyan edir. Bu plana görə 31 milyon səfərbərlik ehtiyatından könüllü olanlar seçilməli, milyonlarla muzdlu əsgər toplanmalı, varlılar və oliqarxlar orduya pul ödəməli, ölkədə hərbi vergi qoyulmalıdır (yəni döyüşməyən əhali orduya pul ödəməlidir). Kiyevə hücum olunmalı, Ukrayna Silahlı Qüvvələrinin qərargahı, Ukrayna Təhlükəsizlik Xidmətinin və hərbi mərkəzlərin binaları, yollar və körpülər bombalanmalıdır və sair.

Göründüyü kimi, Priqojinin bütün tələbləri əslində Ukraynada müharibənin daha da şiddətlənməsinə hesablanıb. Priqojin ələ keçirdiyi şəhərlərdə mülki rəhbər strukturlara toxunmur, camaatla işi yoxdur. Hədəfində nazir Şoyqu və Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov var.

Prezident Vladimir Putin dərhal xalqa müraciət etdi. Priqojini xain elan etməklə yanaşı bütün hərbi və təhlükəsizlik strukturlarına "qiyam"ı yatırmaq əmri verdiyini dedi. "Rusiyanın bu sınaqdan da güclənib çıxacağını" xüsusi vurğuladı.

Bizim təhlilimizə görə, doğrudan da, Putin rejimi bu hadisələrə nəzarəti itirməsə (ki, itirməyəcək), "bu sınaqdan" güclənib çıxacaq. Böyük ehtimalla, bu, Putinin özünün özünə qarşı quraşdırdığı "qiyam" realiti-şousudur. Moskva şəhərində və Moskva vilayətində antiterror vəziyyəti elan etməklə narazı əhali kütləsinin meydana çıxmasının qarşısını almaq üçün preventiv addımlar atdı.

Bu "qiyam", təbii ki, yatırılacaq. Federal Təhlükəsizlik Xidməti onsuz da Priqojinə qarşı cinayət işi açıb. Priqojin ya həbs, ya da məhv ediləcək (Rövşən Cavadovun öldürülməsini xatırlayın). "Vaqner" ləğv ediləcək. Priqojinə sadiq "Vaqner"çi komandirlər ya həbs, ya məhv ediləcək. Qalan döyüşçülər müxtəlif hərbi hissələrə bölüşdürülərək ön cəhhəyə göndəriləcək.

Putin bu əməliyyatı öz istədiyi kimi axıra çatdırsa, Silahlı Qüvvələrin rəhbərlərinə - Şoyquya və Gerasimova, eləcə də, narazı generalitetə qarşı əl-qolu açılmış olacaq. Hərbi və mülki ierarxiyada, eləcə də, xüsusi xidmət orqanlarında öz istədiyi kimi "təmizləmə" apara biləcək. Kreml sahibinin hesablamasına görə, Priqojinin qorxutduğu onun, yəni oliqarxiya və əhali Putinin ətəyindən daha bərk yapışmaq zorunda qalacaq. Bu "qiyam, Putinin planlaşdırdığı sonluqla bitərsə, o, bundan sonra müharibəni istədiyi qədər uzada da biləcək, əksinə, istədiyi vaxt dayandırıb danışıqlar masası qura da biləcək. İndi tutmuş olduğu ərazidə möhkəmlənib özünü qalib elan etməsi (münaqişəni dondurması) belə mümkündür. Hər üç halda "günah keçisi" (və ya "günah keçiləri) artıq hazırdır. "Vaqner"in "qiyam"ı Ukrayna müharibəsindəki bütün itkilərin və uğursuzluqların məsuliyyətini Putinin üzərindən götürdü. Kreml sahibinin manevr imkanları çoxaldı və təbii ki, "qiyam"ı yatırmaqla əvvəl itirmiş olduğu reytinqini geri qaytarmaq imkanı qazanacaq.

Beləliklə, Priqojin və bütün generalitet Putinin tələsinə salınıb. Bu, hərbi qiyam-filan deyil. Bu, xüsusi Putinin və ən yaxın dar çevrəsinin hazırlayıb həyata keçirdiyi xüsusi əməliyyatdır. Bu hadisələrin bizə də təsiri olacaq. Rusiyada hadisələrin istənilən ssenari üzrə sonluğu postsovet məkanında Moskvanın basqısını artıracaq. Putin qalib gəldiyi zaman (ki, bu, ən böyük ehtimaldır), keçmiş SSRİ-nin bərpası ritorikası daha da güclənəcək və Moskva mərkəzli inteqrasiya daha da sərtləşərək sürətlənəcək. O cümlədən, postsovet ölkələrində, yəni Azərbaycanda da sosial zəmində lokal insidentlərin, münaqişələrin quraşdırılması və idarə olunması da qaçılmazdır. Bunlar bizim proqnozlarımızdır. Bizə aid olan hissəsinin doğrulmaması ümidi ilə...

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »