Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlətin bel sütunu... qanundur
Dövlətin bel sütunu... qanundur

Tez-tez eşidirik, deyirlər: “Polis dövlətin bel sütunudur”. Milli Məclisin bugünkü iclasında da bu fikir səslənib. Deputatlardan bir deyib: “Polis ölkənin bel sütunudur”.

Mən bu fikirlə razı deyiləm. Belə çıxır ki, dövlət, sadəcə, polisin üzərində qurulub?! Bu söz, polisin daşıdığı missiyanın özünə də ziddir.

Bəli, polis dövlətin önəmli bir strukturudur. Ancaq ölkənin, dövlətin bel sütunu nə polisdir, nə prokurorluq, nə də... başqa qurumlar. Ölkənin bel sütunu Konstitusiyadır, qanunlardır. O cümlədən, polis də Konstitusiyaya və qanunlara əsaslanan (əsaslanmalı olan) və Konstitusiyanı, qanunları tətbiq edərək xalqı və dövləti qoruyan (qorumalı olan) bir mühüm təşkilatdır.

“Polis dövlətin bel sütunudur” deyənlər çox ciddi siyasi səhvə yol verirlər. Çünki ölkədə polis dövləti olduğunu iddia etmiş olurlar. Yəni bu sütun qırılsa, dövlət çökər.

Xeyr! Dövlət o zaman çökür ki, qanun çökmüş olsun. Qanun işləməyən yerdə dövlət də bitir. Milli Məclisdə oturub qanun çıxaran adam: “Ölkənin bel sütunu polisdir” deyirsə, bu artıq ciddi  siqnaldır. Ola bilsin, parlamentdəki deputatlardan yalnız biri belə düşünür. Ancaq qalanları da bu fikrə etiraz etməyiblər. Qanunverici hakimiyyət olan Milli Məclisin sədri özü heç olmasa bu fikrə münasibət bildirməliydi. Görünür, o da qanunu dövlətin bel sütunu saymır. Elədirsə, deməli, yerində deyil.

Bu fikrin müəlliflərinin və ifaçılarının sözündən belə çıxır ki, hamı polisi göz bəbəyi kimi qorumalıdır. Əslində polisin işi xalqı göz bəbəyi kimi qorumaqdır, gözünə qaz sıxmaq deyil. Polis xalqı qoruyanda həm də özünü qorumuş olur. Çünki düzgün tətbiq eləsə, qanun onun özünü də qoruyacaq.

Biz elə bir ortam, elə bir cəmiyyət istəyirik ki, nə polisin özünü xalqdan qorumağa ehtiyacı olsun, nə də xalqın polisdən qorunmağa ehtiyacı olsun. Polis xidməti çətin xidmətdir, bu, anlaşılandır. Bu adamlar üzərində dövlətin atributu olan mundir daşıyır. Bu atributlara xalq hörmət edir. Qanunun təmsilçisi kimi polisin səlahiyyəti və nüfuzu var, bu da aydındır. Ancaq polis qanundan kənara çıxırsa, onu xalq kimdən, niyə və necə qorusun?!

Əlbəttə, bu fikir – “polis ölkənin bel sütunudur” tezisi bu dəfə Gədəbəy hadisələrinin kontekstində deyilib. Orada – o hadisədə qanunu pozan polis işçilərinin əməlləri də qanun əsasında araşdırılırsa, qanuna uyğun olaraq da qiymət veriləsidir. Hər halda Daxili İşlər Nazirliyi bu haqda açıqlama yayıb; dövlət özü bunu bəyan edib. Biz də vərəndaş və jurnalist olaraq gözləyirik. Nəticəyə uyğun olaraq şərh edəcəyik. Heç bir qurumu nə əsassız yerə qaralamaq, nə də əsassız yerə qüsursuz göstərmək doğru deyil. Nə bir fərdin qüsuruna əsasən bütövlükdə sistemə qiymət vermək olmaz, nə də sistemin qüsurunu bir fərdin, ya da fərdlərin ayağına yazmaq olmaz.

Bir də mən polisin bütövlükdə ölkənin (ya dövlətin) bel sütunu olması haqda fikirlərlə, bilirsiniz, həm də niyə razılaşmıram?! Çünki polisin də qanunla çərçivələnən bir səlahiyyət həddi və mandatı var. Ona bel sütunu “statusu” verəndə, bütün yükü polisin çiyninə yükləmiş oluruq. Başqa sistemlərin, qurumların da məsuliyyət yükünü bax beləcə polisin üzərinə qoyuruq. O da bu yükü daşıya bilməyəndə, bilərəkdən və ya bilməyərəkdən səhvə yol verəndə bu dəfə də bütün qınağı polisin üzərinə yönləndiririk. Mülki strukturların yoluna qoymalı olduğu problemi polislə həll etməyə öyrəşmişik.

Qardaşım, bu polisin onsuz da öz çətin xidməti var, qarşısında vəzifələr, tapşırıqlar var. Özünün görməli olduğu işlər kifayət qədərdir. Hansısa zavodun yaratdığı problemi niyə mülki orqanlar yoluna qoymayıb?! Nazirliklər, rayonun deputatları, icra başçısı, bələdiyyə və sair və ilaxır. Bəs bunlar nə işlə məşğul olublar?! Belə çıxır, heç nə ilə. Və sonda iş gəlib o yerə çatıb ki, dağ başında insanların üzləşdiyi ekoloji problemə, dolanışıq probleminə, sağlamlıq probleminə də polisi daxil etmək ehtiyacı yaranıb.

Bəli, polisin yaşlı qadınlara qarşı etdiyi qanunazidd əməllər hamımızı hiddətləndirdi, üzdü. Çox utancverici hərəkətlər idi. Ancaq mərkəzi və yerli mülki qurumların, vəzifəli şəxslərin məsuliyyətindən də danışmaq lazıımdır. Bu vəziyyətin yaranmasında günahkar olanların cəzası nə olacaq?! İllərlə camaatı dinləməyən, dərdinə dərman olmayan yüksək vəzifəli şəxslər, icra başçıları, deputatlar... bunlar süddən çıxmış ağ qaşıqdır?!

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »