Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Geosiyasətin Zəngəzur dəhlizi
Geosiyasətin Zəngəzur dəhlizi

Azərbaycanla Ermənistan hazırda sülhə çox yaxınlaşıb. Ancaq hələ də xeyli razılaşdırılmamış məsələlər qalır. İnformasiyalı mənbələrdən bizimyol.info saytına daxil olan məlumata görə, iki ölkənin xarici işlər nazirlərinin gələn həftə keçiriləcək Vaşinqton görüşündən müəyyən irəliləyişlər gözləmək olar, ancaq bu, hələ sülh müqaviləsinin əldə olunacağı demək deyil. Çünki hələ də tərəflərin mövqeləri bəzi məsələlərdə bir-birindən xeyli uzaqdır.

Əsas müzakirə (həm də mübahisə) mövzularından biri Zəngəzur dəhlizi ilə bağlıdır. Ermənistan tərəfi (bir yandan da İranın təhriki ilə) Zəngəzur dəhlizini qəbul etmək istəmir. Hətta “Zəngəzur dəhlizi” ifadəsinin özünü Azərbaycanın Ermənistana ərazi iddası kimi başa düşür və ya belə təqdim etməkdə maraqlıdır. Azərbaycan Zəngilandan İran ərazisinə keçməklə bir yol, Ermənistan ərazisindən keçməklə də ikinci yol vasitəsilə Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə kommunikativ olaraq birləşdirməyə çalışır. Eləcə də, bu yollar vasitəsilə Türkiyənin Azərbaycandan keçməklə Mərkəzi Asiya ilə əlaqələrini təmin etmək niyyətindədir. Bu, İranı və Ermənistanı narahat edən məsələdir; Tehran və İrəvan hər iki yola Turan yolu, Turan xətti kimi baxır. Başqa sözlə, iqtisadi, nəqliyyat-kommunikasiya layihələrinə siyasi-ideoloji pəncərədən baxırlar.

İran istəyir ki, Naxçıvana gedən yol yenə onun ərazisindən davam etsin. Bununla da Azərbaycana təsir (yeri gələndə təzyiq) imkanlarını əlində saxlaya bilsin. Ermənistan isə, bu kommunikasiyalar açıldığı təqdirdə, istəyir ki, yollara nəzarəti özü etsin. Ancaq bu, Azərbaycanı narahat edən məsələdir; bir halda ki Ermənistanın sərhədlərinə Rusiya Federal Təhlükısizlik Xidmətinə bağlı olan Sərhəd qoşunları nəzarət edir, Zəngilandan Naxçıvana qədər Ermənistan ərazisindən keçən hissədəki yolun təhlükəsizliyinə də yenə Rusiya sərhədçiləri nəzarət etsin. Bu, məlum üçtərəfli bəyanatda da öz əksini tapıb.

Əlbəttə, rəsmi Bakı da istəməzdi ki, bu dəhlizə Rusiya nəzarət etsin. Ancaq siyasət, ümumiyyətlə, həyat elə qurulub ki, bəzi hallarda iki pis arasında daha az pisini seçmək lazım gəlir. Bu baxımdan, Azərbaycanın mövqeyi və istəyi aydındır: Azərbaycan Zəngəzur dəhlizindən keçəcək,  o yoldan istifadə edəcək vətəndaşlarının taleyini, həyatını Ermənistan əsgərinə etibar edə bilməz. Odur ki, Vaşinqtonda iki ölkənin xarici işlər nazirlərinin gündəliyinin əsas məsələlərindən biri məhz Zəngəzur dəhlizi ilə bağlı olacaq.

Qərbdə, əlbəttə, bu məsələyə başqa cür – öz maraqlarından baxırlar. Xüsusilə, Fransa, bütövlükdə Avropa İttifaqı istər Ermənistanla Azərbaycanın sərhədlərinə, istərsə də, iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinə nəzarəti öz əlinə almaqda çox maraqlıdır. Eyni zamanda hətta Avropa İttifaqı öz missiyasını bir formada Azərbaycan ərazisinə keçirməyə çalışır; erməni milliyyətindən olan və Qarabağ iqtisadi rayonunda yaşayan əhalinin olduğu bölgəyə daxil olmağa cəhd edir (ayrıca mövzu olaraq yazacağıq). Bunu Azərbaycan qəbul etmir.

Azərbaycanın daxilində Qərbdən maliyyələşən siyasi və ictimai qruplar da ara-sıra Zəngəzur dəhlizinə qarşı çıxış edirlər. Bunun da səbəbi aydındır. Qərb Azərbaycan dövlətinə həm Ermənistan ərazisindən, həm də elə Azərbaycanın öz içindən təzyiq etməyə çalışır.

Baxın, Avropa İttifaqı ilə Çin arasında 700 milyard dollar həcmində ticarət dövriyyəsi var. Hazırda Çindən Avropaya və ya əksinə gedən Şimal yolu Rusiya-Ukrayna müharibəsi səbəbindən bağlanıb. Yeni bir qısa və etibarlı nəqliyyat atreriyasına ehtiyac yaranıb. Bu, ildə 100 milyon tona çatacaq qədər böyük bir daşıma həcmi deməkdir. Onun böyük bir hissəsi Azərbaycan və Türkiyə üzərindən Avropaya keçirilə bilər. Bu, hər il çox böyük həcmdə tranzit gəlirləri, eləcə də, ölkənin təhlükəsizliyinin daha da artıtılması deməkdir. Həmin gəlirlər işğaldan azad olunmuş ərazilərin sürətlə bərpa olunması, köçkünlərin daha sürətlə öz evlərinə qayıtması, ölkənin başqa bölgələrinin yükünün azalması, inkişafının sürətlənməsi deməkdir. Qarabağın insan, torpaq, faydalı qazıntı resurslarının ölkə iqtisadiyyatına işləməsi deməkdir. Başqa sözlə, Zəngəzur Azərbaycan xalqına fayda gətirəcək, dövləti daha da möhkəmləndirəcək. Bölgənin təhlükəsizliyini artıracaq. Beləliklə, Zəngəzur dəhlizinə, sadəcə, 35-40 kilometrlik bir yol kimi baxmaq doğru deyil. Bu, ölkənin təhlükəsiz və firavan gələcəyinə hesablanmış nəhəng strateji bir proyektdir. O üzdən Azərbaycan diplomatiyası, bütövlükdə dövlət bu proyektə həyati önəm verir. Odur ki, Ermənistanla danışıqlarda Zəngəzur dəhlizi gündəliyin başlıca mövzularından biri olacaq. Bu danııqlarda həmin məsələdə əsaslı irəliləyiş gözləmək doğru olmaz; Ermənistan bəyan edir ki, o məsələdə mövqeyi dəyişməz qalıb. Vaşinqtona da o mövqe ilə gedir. Ancaq hər halda danışıqların nəticəsini gözləyək. Bir vaxtlar İrəvan: “Qarabağ – Ermənistandır” deyirdi və məsələyə “nöqtə qoyurdu”. Amma bu gün erməni hökuməti Azərbaycanın 86,4 kvadrat kilometrlik ərazisini tanıdığını qəbul edib. Deməli, son nəticə bəlli olana qədər hələ heç nə bəlli deyil. Dahilərdən biri deyib: “Bir dəlilər, bir də ölülər heç vaxt fikrini dəyişmir”. Qarşı tərəfin bu iki kateqoriyadan hansınasa aid olub-olmadığını zaman göstərəcək.

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »