Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gədəbəydə nə baş verir, yaxud "adekvat tədbir" necə olur?..
Gədəbəydə nə baş verir, yaxud "adekvat tədbir" necə olur?..
"Güc, ədalətdədir!"  Əmir Teymur

İslami əqidədə olan insanlar üçün Elmin Qapısı həzrəti Əlinin həyatı - insanlarla, xüsusilə də öz tabeliyində olanlarla, sıravi əhali və hətta ən qatı düşmənləri ilə olan münasibət tərzi hər zaman örnək təşkil edib. Nəinki İslam dünyası, hətta xristian Qərb dünyası da bu gün xəlifənin idarəçilik prinsiplərini, qətiyyət və ədalət anlayışlarını araşdırır, ondan mərhəmətin psixologiyasını öyrənirlər. Livanlı xristian yazıçı Corc Cordaq həzrəti Əli haqqında yazdığı məşhur "İmam Əli - İnsan ədalətinin səsi" kitabından sonra başqa şəxsiyyətlər üzərində araşdırmalar aparmaqdan və kitablar yazmaqdan imtina edərək, deyib: "Qələmim Əlidən sonra başqa biri haqqında kitab yaza bilmir. O elə fəzilətli bir insan idi ki, qələmim ondan başqasına razı olmur. Əli tarixdə yeganə dövlət başçısıdır ki, zülmünün yox, ədalətinin çoxluğuna görə öldürülüb."

Dövlət İdarəçiliyində qayda-qanun yaratmağın və ədaləti təmin etmənin əsas şərti doğru qərar və möhkəm qətiyyətdən keçir. Bu metod nəinki dövlət idarəçiliyində, hətta insanın özü-özünü idarə etməsində - nəfsi istəklərinə, maraqlarına "yox!" deməsində də olduqca təsirli vasitədir. İdarəçilikdə ədalət və qətiyyət prinsipləri şəxsi maraqlara dayanmadığı, patoloji nifrət üzərindən formalaşmadığı müddətcə, təmiz və şəffafdır. Yəni səlahiyyət sahibi insanlar əllərindəki gücü şəxsi nifrət və qəzəbinə xərcləyərək, onu "ədalət" adı ilə bəzəyib, "dövlətin qətiyyəti" adlandıra bilməz. Oxucularda daha aydın təəssürat formalaşdırmaq üçün yenə də həzrəti Əlinin həyatından və tarixdən müəyyən sitatlar gətirmək istəyirəm: Xəndək döyüşündə 21 yaşlı Əli qarşısına çıxan yəhudi döyüşçü Əmr ibn Əbdəvidi yaralayaraq yerə yıxır. Yerə yıxılan Əmr Əlinin üzünə tüpürür. Bu zaman Əli ondan uzaqlaşır və bir qədər var-gəl etdikdən sonra gəlib Əbdivədin başı üzərində dayanır. Əbdivəd Əliyə deyir: "Sənin üzünə tüpürdüm ki, qəzəblənib məni tez öldürəsən, çünki insanların istehzalı baxışları məni narahat edir." Əlinin yəhudi döyüşçüyə cavabı belə olur: "Üzümə tüpürməyin məni qəzəbləndirdi, ancaq həmin an səni öldürə bilməzdim. Çünki səni o an öldürsəydim, onda öz razılığımı Allahın razılığından üstün tutmuş olardım və cihadım heç olardı. Buna görə də biraz var-gəl etdim, qəzəbimi sakitləşdirdim. İndi isə səni Allahın razılığı və onun əmri ilə öldürürəm".

Bu, içinə nəfsi arzu-istəklər qatılmamış, şəxsi ambisiyalara xidmət etməyən şəffaf ədalət nümunəsidir. Yəni, birinə şəxsi və ya patoloji nifrətin ola bilər, lakin sən əgər saləhiyyət və güc sahibi birisənsə, heç şübhəsiz ki, təkcə özünü təmsil etmirsən və ona adekvat davranmalı, təmkin və intizama riayət etməlisən. Adil və zalim insanın hər ikisi də güc sahibidir, lakin aralarındakı fərq ondan ibarətdir ki, adil insan öz gücünü səbr və intizamla məhdudlaşdırır. Bunu bacara bilməyən isə "adil" yox, "zalim" adını alır.

44 günlük Vətən Müharibəsində düşmənin üzərinə şığıyan Azərbaycan əsgərindən heç vaxt təmkin gözləmək olmazdı. Çünki qarşıda dayanan düşmən tarix boyu o əsgərin xalqının qanını içib, naxələf olub. Həmin əsgər ömrü boyu qəzəb və intiqam hissi ilə böyüyüb və istər-istəməz onda düşmənə qarşı patoloji nifrət formalaşıb. O nifrətini də cəbhədə bacardığı hər yolla büruzə verdi - düşmən üzərinə əli yalın atılıb, onu çılpaq əlləri ilə öldürməklə, qumbaranın üzərinə uzanıb, özünü fəda etməklə, minalı sahəni qaçaraq keçməklə - siyahını "N" qədər uzada bilərik. Bəs, yaxşı, kimsə əsgərin bu davranışına görə ona irad tuta bilərmi? Deyə bilərmi ki, "sən qanunlara tabe olmursan, adekvat olmayan güc göstərirsən"? Təbii ki, deyə bilməz, haqqı da yoxdur. Elə o adamın özünü cəmiyyət daş-qalaq edər, necə ki, edirdə.

Yanında hərbçi yoldaşının daxili orqanları üzərinə dağılmış əsgərin, zabitin əlinə keçən düşməni cəmi bir güllə ilə öldürəcəyinə inam bəsləmək olarmı? Bəs etdiklərinə görə onu qınamaq olarmı? Mümkün deyil. Öldürmək, qisas almaq və Vətəni qorumaq üçün dizayn olunmuş Ordudan, onun fərdlərindən "humanitar qanunlara tabe ol və düşmənlə ona görə davran" tələb oluna bilməz. Məlum, sən əsgərsən və qarşındakı düşməndir. Onu nə yolla olur olsun, məhv etməlisən.

Polis və hərbçi arasındakı fərq də bundan ibarətdir - hərbçi xaricdən gələn təhlükəyə qarşı, polis isə daxili asayişin bərpası və ədalətin təminatı üçün çalışır. Bir qədər kobud desək, polisin iş tərzi xalqla, cəmiyyətlədir. Ona görə də polisdən tələb olunan təmkin və intizam yeri gələndə, hərbçidən daha çoxdur. Polis orqanlarında o mundiri geyinmiş və dövlətin verdiyi vasitələrlə təmin edilmiş hər bir ağıllı, əxlaqlı, qabiliyyətli polis zabiti, nəfəri bu məsuliyyəti bütün vicdanı ilə dərk edir, anlayır ki, o, düşmənlə yox, öz dilini danışan, eyni vətəndaşlığı daşıyan xalqı ilə işləyir - istər qatı cinayətkar olsun, istərsə də, polisə heç bir təhlükə yaratmayan əliyalın yaşlı qadın.

Gədəbəyin Söyüdlü kəndində polis taqımının önündə yavaş addımlarla gedən yaşlı qadını və onun gözünə bibər qazı sıxan "polis"in bu hərəkətini hər birimiz demək olar ki, müşahidə etdik. Daxili İşlər Nazirliyi yaranmış vəziyyətlə bağlı açıqlama verdi və bildirdi ki, "...adekvat tədbir görülüb". Artıq nə qədər adekvatdır, onu heç şübhəsiz ki, məsələni yerində araşdırmaq üçün bölgəyə ezam olunmuş yoxlama nümayəndələri daha yaxşı bilərlər.  Xoşagəlməz bir hadisə baş verdikdə, onun hüquqi qiymətini dövlətimiz, əxlaqi qiymətini isə cəmiyyətimiz verib. Ancaq indi inanmaq istəyirəm ki, "adekvat tədbir" kimi tanıdılan patoloji nifrət göstəricisi o hərəkət cəmiyyətə "ədalətin bərpası" kimi tanıdılmayacaq və öz hərəkətini bilməyən hansısa yaramazın əməli insanlara "polisin sarsılmaz qətiyyəti" kimi göstərilməyəcək. Ona görə ki,ədalət və qətiyyət, yaşlı bir qadın üzərindən nümayiş olunacaq qədər cılız və aciz bir anlayış deyil. Nə də Azərbaycan Polisi öz qətiyyətini o cür nümayiş etdirəcək qədər zəif deyil.

Qeyd: Hərbi xidmət keçənlər "sıra müqəddəsdir!" anlayışı ilə çox yaxından tanışdırlar.  Sıra müqəddəsdir - fərqi yoxdur, hərbi, ya polis sırası - hər ikisini də müqəddəsləşdirən, o sıralardan çıxan şəhidlər, qazilər, qəhrəmanlardır  - şərəfli insanlardır. Tərbiyə əskikliyi olanlar, intizamsız və qabiliyyətsizlər müqəddəslərin sırasını çirkləndirə bilməz!

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »