Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dəlixanaya çevrilmiş ölkə: Ata-oğul cütündən daha bir anormal qərar
Dəlixanaya çevrilmiş ölkə: Ata-oğul cütündən daha bir anormal qərar

Türkmənistanda əsaslandırılmamış qadağaların sayı-hesabı yoxdur. Hökumət əhali ilə hesablaşmadan müxtəlif qərarlar çıxarır. Növbəti qadağaya da anlam vermək olmur. İnsanları dənizə buraxmırlar.

Bizimyol.info xəbər verir ki, Türkmənistanda sahilyanı şəhərlərin və Balkan vilayətinin bəzi kəndlərinin sakinlərinə, eləcə də bura istirahətə gələn yerli turistlərə izahat vermədən dənizdə çimmək qadağan edilib. Məsələyə polis nəzarət edir.

Asayiş keşikçiləri insanlara dənizə yaxınlaşmağa imkan vermir. Qadağaya məhəl qoymayanları yerindəcə cərimələyirlər. Yerli administrasiya və hüquq-mühafizə orqanlarının nümayəndələri qadağanın səbəblərini izah etmirlər.

İstirahət edənlərin bəziləri avtomobili ilə yaşayış məntəqələrindən uzaqlaşmağa çalışır. Lakin Xəzər sahilində çox sayda polis əməkdaşı xidmət çəkir. Onlar heç də həmişə qayda pozanları cərimələmir. Cərimədən rüşvətlə yaxa qurtarmaq olur.

Cərimənin məbləği 200 Türkmənistan manatıdır. Dövlət məzənnəsi bunun 57 dollar olduğunu deyir. Amma “Qara bazar”da 200 manata uzağı 10 dollar almaq mümkündür.

Daha çox Quvlımayak, Kiyanlı və Qaraboğaz şəhərlərində, eləcə də Türkmənbaşı şəhəri ətrafındakı kəndlərdə dənizə girməyə imkan verilmir. Xaricdə fəaliyyət göstərən alternativ media yerli mənbələrə istinadən bildirir ki, Qaraboğazda sərhədçilər 3 metr dərinlikdə xəndəklər qazaraq dənizlə sahil boyu keçən yol arasında tikanlı məftillər çəkiblər.

“Bu, əsasən ona görə edilir ki, balıqçılar maşınlarla sahilə çıxıb qayıqlarını qarşılaya bilməsinlər. Amma insanlar da üzə bilmirlər”,- türkmənistanlı jurnalistlər yazır.

Türkmənistanda qadağalar insanların sosial vəziyyətini də ağırlaşdırır. Demək olar, hər şey ölkə hakimiyyətinin inhisarındadır. İşsizlik faizi yüksəkdir. Kiçik sahibkarlıq belə, inkişaf edə bilmir. Ölkəni tərk eləyənlərin sayı çoxdur.

Türkmənistan hökuməti gedənlərin qarşısının mümkün qədər almağa çalışır. Bunun üçün ümumvətəndaş pasportlarının verilməsi proseduru çətinləşdirilib. Xaricdən ölkəyə qayıdanlar yenidən ölkəni tərk etməyə çətinlik çəkirlər.

Türkmənistan hakimiyyəti miqrant axınına çox həssas yanaşır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »