Ekvadorda aparıldığı xəstəxanada öldüyü bildirilən 76 yaşlı qadın tabutda dirilib.
Bizimyol.info xəbər verir ki, bu barədə Ekvadordan olan sosial media istifadəçiləri tərəfindən yayılıb.
Cümə günü xəstələnən Bella Montoya oğlu tərəfindən təcili olaraq xəstəxanaya çatdırılıb. Həkimlərin ilkin tibbi yardım göstərdiyi 76 yaşlı qadını "bütün səylərə baxmayaraq xilas etmək mümkün olmayıb". Ən azı Los Rios əyalətindəki "Martin Icaza" xəstəxanasının həkimləri ailəyə belə söyləyiblər.
Oğlu evlərində halı pisləşən anasını xəstəxanaya yerləşdirildikdən üç saat sonra həkimlər ona anasının öldüyünü bildiriblər. Montoyanın ölüm xəbərini alandan sonra ailə dəfn prosesi üçün hərəkətə keçib.
76 yaşlı ananı son mənzilə yola salmaq üçün bir araya gələn yaxınları dəfndən əvvəl tabutda olan Montoyanın mərasim üçün nəzərdə tutulan paltarını dəyişərkən onun nəfəs almağa çalışdığını görüblər.
Həkimlərin öldüyünü bildirən qadın tabutda nəfəs almağa başlayıb və hərəkət edib. Qadının tabutda nəfəs almağa çalışdığı anlar yaxınları tərəfindən tefon kameraları vasitəsi ilə çəkilərək sosial şəbəkələrdə paylaşılıb.
4 saat tabutda qalan qadının sağ olduğunu anlayan oğlu və yaxınları dərhal təcili yardım çağırıblar. “Anam sol əlini tərpətməyə, gözlərini açmağa, ağzını açmağa başladı”, - deyə oğlu qeyd edib.
Dəfn evinə gələn tibb qrupları Montoyanı tabutdan çıxararaq təcili olaraq eyni xəstəxananın reanimasiya şöbəsinə aparıblar. Qadın süni nəfəs aparatına qoşulduqda onun öldüyünü deyən həkim xəstəxanadan qaçıb.
Ekvador mətbuatına danışan tibb mütəxəssisləri vəziyyətin katalepsiya ola biləcəyini düşünürlər. Mütəxəssislər bildirirlər ki, katalepsiya zamanı xəstə əzələ sərtliyi yaşaya bilər və xarici stimullara reaksiya verə bilmir.
Qadir, Bizimyol.info