Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hakim “Nərmin işi” üzrə çıxarılmış 18 illik hökmü İlkin Süleymanovun vəkillərinə vermir
Hakim “Nərmin işi” üzrə çıxarılmış 18 illik hökmü İlkin Süleymanovun vəkillərinə vermir

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanovun 18 il azadlıqdan məhrum edilməsi haqda hökm Gəncə Ağır Cinayətlər Məhkəməsində iyunun 5-də elan olunub. Lakin hakim Dadaş İmanov hələ də vəkillərə hökmün surətini verməyib.

Bizimyol.info xəbər verir ki, iyunun 9-da İlkin Süleymanovun vəkilləri yenidən hakimə müraciət edərək, hökmün surətini istəyiblər. Onlar bildiriblər ki, hökmdən apellyasiya şikayəti verəcəklər. Qanuna görə üç gün ərzində hökm hazır olmalı, tərəflərə təqdim edilməlidir. Lakin hakim yenə də hökmü verməyib.

Bununla əlaqədar İlkin Süleymanovun vəkilləri Məhkəmə-Hüquq Şurasına şikayət edib. Eyni zamanda, onun atası İbrahim Süleymanov da Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla yanaşı, Ali Məhkəmənin sədri İnam Kərimova da müraciət edib.

İbrahim Süleymanov müraciətində yazır ki, Dadaş İmanovun sədrliyilə iki il davam edən məhkəmə prosesində oğlunun təqsirsiz olduğu ortaya çıxdı: “Lakin o, ədalətsiz və qanunsuz olaraq, oğlum barədə 18 il azadlıqdan məhrumetmə hökmü çıxardı”.

Dadaş İmanovun hökmün surətinin verilməsini gecikdirdiyini vurğulayan İbrahim Süleymanovun sözlərinə görə, 5 gündür ki, hökm onlara təqdim olunmur. Bu səbəbdən ittiham hökmünün necə əsaslandırıldığını bilmirlər.

Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində əmisigildən çıxandan sonra itkin düşüb. 6 yanvar 2020-ci ildə kənddə yandırılmış meyit aşkarlanıb və onun azyaşlıya məxsus olduğu bildirilib.

Meyit 1973-cü il təvəllüdlü İlkin Süleymanovgilin evinin qarşısında yandırılıb.

Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham olunan İlkin Süleymanov bu ittihamları qəbul etmir. O, cinayətin işgəncə yoluyla üzərinə qoyulduğunu bildirir.

Baş Prokurorluq isə Süleymanovun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »