Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəsmi inflyasiya rəqəmləri maaş artımı nağılını necə yalan çıxarır
Rəsmi inflyasiya rəqəmləri maaş artımı nağılını necə yalan çıxarır

Ölkədə qiymət artımı o qədər yüksək dərəcədədir ki, hətta deputatlar da dilə gəlir. Ərzaqların dəyəri ilə bağlı dəyişiklik az qala hər gün baş verir. Əhalinin sosial vəziyyəti göz qabağında ağırlaşır. Maaş artımı heç bir işə yaramır. Qiymətlər dəfələrlə çox artır.

Bizimyol.info xəbər verir ki, rəsmi inflyasiya rəqəmləri belə, maaş artımı nağılını yerindəcə yalan çıxarır. Ölkədə orta aylıq məvacib son bir il ərzində təxminən 11 faiz artıb. Amma Dövlət Statistika Komitəsi illik inflyasiyanın 14 faiz olduğunu bildirir. Deməli, rəsmi rəqəmlər də əhalinin azı 3 faiz itkiyə məruz qaldığını deyir.

Hələ bu, məsələnin rəsmi tərəfidir. Aydın məsələdir ki, rəqmi məlumat reallığı tam əks etdirmir. Əksinə, gerçəkliyin gizlədildiyini düşünməyə əsasımız var. Heç kimə sirr deyil ki, son bir il ərzində ərzaq qiymətləri azı 50 faiz artıb. Bunun üçün xüsusi sorğuya, hesabata da ehtiyac yoxdur. İstənilən ərzaq məhsulunu müqayisə predmeti kimi götürə bilərik. Əhali ən çox nəyə ehtiyac duyur? Çörəyə. Qiymətlərə baxın. İnflyasiya dəfələrlə böyük olub. Amma hətta açıqlanan rəqəmlər də maaş artımının nə qədər kiçik olduğunun ortaya qoyur.

Qiymət artımı hökumətin başqa yöndən işinə yarayır. İndi idxal dəyərini yüksək göstərmək olur. İş orasındadır ki, əhali daha azərzaq istifadə etmək məcburiyyətində qalıb. Əslində, idxalın real həcmi ilin ilk üç ayı ərzində 4 faiz azalıb.

İnflyasiyanın belə yüksək səviyyəsi (rəsmi rəqəmləri yox, reallıığı nəzərə alsaq) cəmiyyətdə həm də təbəqələşməni dərinləşdirir. Əhalinin aztəminatlı kəsiminin vəziyyəti getdikcə ağırlaşır. Bu kəsimə daxil olanların sırası da genişlənir. Təssüf ki, bununla bağlı geniş statistika təqdim olunmur. Ümumiyyətlə, sosial institutların fəal olmaması durumu daha yaxşı ifadə etməyə mane olur. Amma ən bəsit ifadələrlə desək, insanlar sürətlə yoxsullaşır, sosial baxımdan gücünü itirir. Ortaya konkret sosial proqram qoyulmalıdır. Nağıl danışmağın heç bir əhəmiyyəti, faydası yoxdur.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »