Ermənistanın Azərbaycanın suveren ərazilərində davam edən qeyri-qanuni hərbi mövcudluğu, daxili işlərimizə davamlı müdaxilə, Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağ bölgəsinin erməni əsilli yerli sakinləri arasında dialoqa əngəl yaratması və beynəlxalq səviyyədə, o cümlədən ATƏT çərçivəsində genişmiqyaslı qarayaxma kampaniyasının aparılması bəyan edilmiş bu öhdəliyə ziddir və əksinə, Azərbaycan və Ermənistan arasında dövlətlərarası normallaşma üzrə danışıqlara əsas maneədir.
"Report" xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı deyib.
"Azərbaycan dövlətlərarası normallaşma prosesi ilə yanaşı, ərazilərimizin 30 ildir davam edən hərbi işğalının ağır nəticələrini aradan qaldırmaq üçün daxildə münaqişədən sonra genişmiqyaslı reabilitasiya, yenidənqurma və reinteqrasiya səylərinə başlamışdır. Bu, son nəticədə yüz minlərlə azərbaycanlının öz evlərinə təhlükəsiz, ləyaqətlə qayıtmaq və münaqişədən zərər çəkmiş Azərbaycan vətəndaşlarının dinc yanaşı yaşaması kimi pozulmuş hüquqlarını reallaşdırmaq hüququnu təmin etmək məqsədi daşıyır", - C.Bayramov bildirib.
Nazir qeyd edib ki, Azərbaycan, ölkəmizin Qarabağ bölgəsinin etnik erməni sakinlərini bərabərhüquqlu vətəndaşlar kimi Azərbaycanın siyasi, hüquqi, iqtisadi və sosial çərçivəsinə reinteqrasiya etməkdə qərarlıdır:
"Hökumət onların reinteqrasiyasına aid məsələləri müzakirə etmək üçün yerli erməni sakinləri ilə dialoq üzrə xüsusi nümayəndə təyin edib. Tərəfdar çıxdığımız beynəlxalq sənədlərlə yanaşı, xüsusən də Avropa İnsan Hüquqları Konvensiyası və Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyası, Azərbaycan Konstitusiyası və milli qanunvericiliyi buna əsaslı zəmin yaradır".
"Bununla belə, Azərbaycan ərazilərinin kütləvi şəkildə mina və digər partlayıcı maddələrlə çirklənməsi buna əsas maneədir və ciddi humanitar təhlükə yaradır. Fərq qoymadan basdırılan minalar demək olar ki, hər gün insanların həyatına son qoymağda davam edir", - Azərbaycan XİN başçısı vurğulayıb.
Onun sözlərinə görə, Ermənistanın bütün hərbi fəaliyyətlərin dayandırıldığını elan etməsindən sonra belə minalanmış ərazilərin bütün xəritələrini paylaşmaqdan imtina etməsi və minaların basdırılmasını davam etdirməsi, mina tələləri və digər partlayıcıları qurması vəziyyəti daha da gərginləşdirir və qurbanların sayını artırır:
"2020-ci ildə Üçtərəfli bəyanat imzalanandan bəri 302 nəfər minaların qurbanı olub. Bura həmçinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycan ərazisinə gətirilən və orada basdırılan minalar da daxildir.
Məcburi köçkünlərin təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıtmasına imkan yaratmaq məqsədilə bu humanitar təhlükə ilə mübarizə aparmaq üçün Azərbaycan hökuməti minalarla mübarizəni özünün milli prioritetlərindən biri kimi müəyyənləşdirib və həmçinin minasızlaşdırma ilə bağlı xüsusi milli Dayanıqlı İnkişaf Məqsədi formalaşdırır. Bundan əlavə, Azərbaycan humanitar minasızlaşdırma üzrə yeni qlobal DİM-in yaradılmasını təşviq edir.
Azərbaycanda davam edən mina problemini və onun həllində milli qurumların üzləşdiyi çətinlikləri nəzərə alaraq, Azərbaycanın humanitar minalarla mübarizə potensialını gücləndirmək üçün artan beynəlxalq dəstəyə təcili ehtiyac vardır. Bu cür dəstək yalnız minalardan təmizləmə səylərinə istiqamətlənməyib, həm də minalara qarşı qlobal kampaniyaya töhfə verəcək və regionda sülh və əməkdaşlığa sadiqliyi nümayiş etdirəcək".