Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran polisinin oğurladığı azərbaycanlı tələbənin anası Prezidentə müraciət edib
İran polisinin oğurladığı azərbaycanlı tələbənin anası Prezidentə müraciət edib

Bu ilin martında İranda yoxa çıxan, indi isə orada casusluq ittihamıyla həbsdə saxlandığı məlum olan azərbaycanlı tələbə Fərid Səfərlinin anası Dilarə Əsgərova Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevaya müraciət edib.

Bizimyol.info xəbər verir ki, Dilarə Əsgərova dövlət başçısı və vitse-prezidentin bu məsələyə müdaxilə etməsini, oğlu ilə görüşməsinə, onun azadlığa buraxılmasına yardım göstərilməsini xahiş edib.

Ana məktubunda yazır:

"3 aydir ki , İrana dostunu görməyə getmiş oğlum Səfərli Fəriddən xəbər ala bilmirem.Dunən Xarici İşlər Nazirliyinin mənə ünvanladigi məktubda oğlumun İranda casusluq maddəsi ilə saxlanildigi bildirilir.

Mən bu ittihamı rədd edirəm. Duşunurəm ki, Fərid iki olkə arasindaki konfliktin qurbani oldu.

Fərid öz üzərində daim çalisan, ana dilindən başqa 3 dildə sərbəst danışa bilən, kifayət qədər dunyagorüşü olan bir gəncdir. Onu taniyan hər kəs - dostları, qonşular, qohumlar bunu təsdiq edə bilər.

Almaniyada Data Analizi sahəsində ixtisaslaşmısdi və Leypsiq şəhərində bir şirkətdən iş təklifi almisdi. Bu ilin aprel ayından həmin sirkətdə işə baslayacaqdi. Belə bir insanın kiminsə təsiri altına düşüb casusluq etməsi absurddur. O, İrana sadəcə dostunu görməyə getmisdi.

Mehriban xanim, Fərid oğlunuz Heydərlə yaşıddır ve ADA universitetində tələbə yoldaşi olublar. Siz bir ana kimi, məni daha yaxşı anlayarsınız. İranda casusluqda ittiham olunanlarin necə ağır cəzalandırıldıqlarını Fərid yaxsi bilir. Onun indi nələr düşündüyünü təsəvvur edəndə içim yanir.

Bir qarışqanı belə, incitməyə ürəyi gəlməyən balamın saxta ittihamla, tamamilə təcrid olunmuş halda zindanda nələri yaşadığını ağlıma belə, gətirmək istəmirəm.

Cənab Prezident, Fərid İranda müdafiəsiz ittiham olunur. Sizdən çox xahiş edirəm, Fəridin vəkillə təmin olunmasına, mənim onunla görüşməyimə imkan yaradılmasina tapşırıq verəsiniz. Mən onun üçün cox darıxıram, onu görmək, bağrıma basmaq istəyirəm. Ona müdafiə olunacağını, hər şeyin yaxşı olacağını demək istəyirəm.

Mən inanıram ki, Siz Azərbaycan dövləti adına Fəridi müdafiə edəcəksiniz və ailəsinə qovuşmasina nail olacaqsiniz".

27 yaşlı Fərid Səfərli Almaniyanın Jena şəhərində magistr təhsili alırdı. Dilarə Əsgərovanın sözlərinə görə, oğlu fevralın 20-də Almaniyadan İrana Jena universitetində təhsil almış iranlı həkim qız dostunu görməyə gedib. O, martın 3-nə qədər ailəsi, dostlarıyla əlaqə saxlayıb. Hətta martın 3-də dostlarından xahiş edib ki, ona geri qayıtmaq üçün bilet alsınlar. Fərid Səfərli üçün martın 4-nə Tehran-İstanbul-Berlin reysinə bilet alınsa da, o, geri qayıtmayıb. Ümumiyyətlə, martın 4-dən onunla əlaqə saxlamaq mümkün olmayıb. Araşdırma zamanı məlum olub ki, o, təyyarəyə də minməyib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »