Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Putinin anası” vəfat edib
“Putinin anası” vəfat edib
Rusiya prezidenti Vladimir Putinin anası olduğunu iddia edən Vera Putina Gürcüstanda 97 yaşında həyatla vidalaşıb. Qadın Gürcüstanın şərqindəki Kaspi bələdiyyəsinin Metexi kəndində dəfn edilib. Gürcüstan mediası Vera Putinaya həmişə xüsusi diqqət göstərib. Amma o, son illər jurnalistlərlə ünsiyyəti dayandırmışdı.

Bizimyol.info xəbər verir ki, Vera Putina 1926-cı ildə Rusiyanın Perm vilayətindəki Terexino kəndində doğulub. Onun iddiasına görə, orada evli Vladimir Putinlə tanış olub, münasibətdən uşaq dünyaya gəlib. Vera sonradan oğlu kiçik Vladimirlə Metexiyə köçüb. Amma ailə həyatı qurduğu insan uşağa yaxşı münasibət göstərməyib. Buna görə də balaca Vovanı Rusiyaya göndərmək lazım gəlib. Vera Putina danışırdı ki, sonradan televizorda Vladimir Putini görəndə öz oğlunu dərhal tanıyıb.

Bu versiyaya inanan jurnalistlər Putinin uşaqlığı haqqında real məlumatların çox az olmasına diqqət çəkirlər. Metexi kəndinin sakinləri isə bu hekayəni müzakirə etməyi çox sevirlər və hər dəfə daha çox təfərrüatlara varırlar. Məsələn, kənddə deyirər ki, bir müddət qadın ciddi mühafizə olunub, guya ondan hətta DNT testi də götürüblər. İddia olunurdu ki, məxfi xidmətlər oğlunun bütün köhnə fotolarını və sənədlərini Veranın əlindən alıblar.

2003-cü ildə holland rejissor İneke Smits “Putinin anası” sənədli filmini çəkib. Bu yaxınlarda Ukrayna mediası Polşa yazıçısı və jurnalisti Kristina Kurçab-Redlixə istinadən əsl “Putinin anası”nı xatırladıb. Yazıçının 2013-cü ildə “Azadlıq Radiosu”na verdiyi müsahibədə dedikləri:

“Putinin ilk seçkilərindən əvvəl “Soverşenno Sekretno” holdinqinin prezidenti Artyom Borovik məlumat vermişdi ki, onun uşaqlıq hekayəsi tezliklə dərc olunacaq. 2000-ci il martın 9-da Borovik və Ziya Bajayev Putinin uşaq fotoşəkillərini əldə etmək üçün uçmağa hazırlaşarkən ölmüşdü. Şeremetyevoda Borovikin şəxsi təyyarəsi niyə partladı? Elə həmin gün, martın 9-da Vera Putina ilə tanış olmaq üçün Gürcüstanda gözləyən jurnalistlər üçün böyük ziyafət hazırlanıb, lakin onları dərhal avtobusa mindirib geri yola salıblar. Oraya çatmaq üçün heç bir yol yox idi. Nəhayət, bu faktları toplayıb kitab yazan Vaxa İbrahimovu öldürüblər. Yəni bu böyük sirrə gedən yolda artıq üç cəsəd var. Başqa bir sual da düşündürür: əgər Vladimir Putin Sankt-Peterburqda doğulubsa, niyə onun uşaqlıq fotoları yoxdur, niyə onu 8 yaşına qədər tanıyanlar ortaya çıxmır? Bunu mən də daxil olmaqla Putinin həmkarları dilə gətirirdilər. Amma indi bu insanların hamısı susur”.

Vera Putina son illər ağır xəstəlikdən zəiyyət çəkirdi. Buna görə də 2022-ci ildə paytaxt Tbilisiyə gətirilmişdi.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »