Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Taliban” İranla sərhədə ağır texnika yığır
“Taliban” İranla sərhədə ağır texnika yığır

İranla Əfqanıstan müharibə astanasındadır. Bir neçə gün əvvəl baş vermiş gərginlik hətta canlı itki ilə nəticələnmişdi. Belə görünür ki, hadisələrin gedişi müharibəyə aparır. Çünki Əfqanıstanda hakimiyyətdə olan “Taliban” İranla sərhədə ağır texnika yığır.

Bizimyol.info xəbər verir ki, Asiyanın iki ölkəsini ayıran təmas xəttində əhəmiyyətli dəyişiklik var. Su üstündə yaranan kiçik gərginliyin miqyası böyüyür. “Taliban”ın Heratdan İranla sərhəddə yerləşən İslam Qalaya tank karvanı göndərdiyi bildirilir. Sosial şəbəkələrdə yayılan videolarda “Taliban” qüvvələrinin ağır hərbi texnika ilə bölgəyə üz tutduğu görünür. Videolardan birində İran sərhədinə doğru hərəkət edən tank karvanı nəzərə çarpır.

Müxtəlif mənbələrə diqqət yetirəndən sonra belə qənaətə gəlmək olar ki, son gərginliyə İran sərhədçilərinin yol və məftillər çəkməsi səbəb olub. Bu, Əfqanıstan tərəfinin su mənbələrinə çıxış imkanını məhdudlaşdırır. Gərginlik atışma ilə nəticələnib. İran mediası bu haqda yazmağa tələsmir. Daha doğrusu, yazırlar ki, sərhəddə sakitlikdir. Guya hər şey qaydasındadır. Amma dünya mediası müharibə ovqatından danışır.

İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli “Tasnim” xəbər agentliyi bölgədə Taliban ilə İran sərhədçiləri arasında gərginliyin olduğunu təkzib edib. Əfqanıstan hakimiyyəti isə sərhədə qoşun yeridilməsi ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

İslam Qalada gərginlik şənbə günü Nimrozda “Taliban” və İran sərhədçiləri arasında baş verən toqquşmadan sonra yaranıb. Sərhəd məntəqəsi yaxınlığında açılan atəş nəticəsində iki iranlı mühafizəçi və “Taliban”ın bir döyüşçüsü həlak olub. Bir neçə nəfərin də yaralanmasına gətirib çıxan insidentin nədən ibarət olduğu haqda dərhal məlumat verilməyib. Lakin su hüququ ilə bağlı gərginlik olduğu dəqiqdir.

İran “Taliban”ı Helmand (Hirmand da adlanır) çayından quraq şərq rayonlarına suyun axını məhdudlaşdıraraq 1973-cü ildə bağlanmış müqaviləni pozmaqda ittiham edib. “Taliban” ittihamla razılaşmır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »