Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, Rusiya ilə həmsərhəd olan bütün ölkələr Avropa İttifaqı (Aİ) və NATO-ya daxil olmalıdır.
Bizimyol.info xəbər verir ki, Ukrayna prezidenti bu barədə Moldovada keçirilən Avropa siyasi ictimaiyyətinin sammitində bildirib.
"Jurnalistlər məndən niyə NATO ilə əməkdaşlıq etdiyimizi soruşdular. Cavab sadədir - Ukraynanın NATO-ya daxil olması təhlükəsizlik zəmanəti deməkdir. Ona görə də Rusiya ilə həmsərhəd olan və Rusiyanın hücumuna məruz qalmaq istəməyən bütün ölkələr Aİ və NATO ilə birləşməlidir. Alternativ yoxdur. Biz Belarusda, Gürcüstanda baş verənləri görürük”, - deyə Zelenski qeyd edib.
Bundan əvvəl Ukrayna prezidenti moldovalı həmkarı Maya Sandu ilə keçirdiyi brifinqdə bildirib ki, Ukrayna NATO-ya üzv olmağa hazırdır, lakin alyansın onu qəbul etməyə hazır olmasını gözləyir.
NATO 2008-ci ilin aprelində Buxarest sammitində Ukraynanın nəticədə NATO-ya üzv olacağına dair siyasi bəyanat qəbul etdi, lakin ölkənin təşkilata qoşulması ilə bağlı hüquqi prosesdə ilk addım olan Üzvlük Fəaliyyət Planını təqdim etmədi. 2019-cu ilin fevralında Ukrayna Ali Radası konstitusiyaya NATO-ya üzv olmaq istəyini təsbit edən dəyişiklikləri təsdiqləyib. Zelenski dəfələrlə bəyan edib ki, Kiyev alyansa qoşulmağın konkret şərtlərini başa düşmək istəyir.
Bu gün Kişinyovda Avropa siyasi birliyinin sammiti keçirilir. Səhər saatlarında Odessadan Moldovaya gələn Zelenski də daxil olmaqla, tədbirə Avropa ölkələrinin 50 lideri dəvət olunub. Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğan və San Marinodan nümayəndə heyəti gəlməyib.
Rusiya mətbuatı qeyd edir ki, ölkə 16 dövlətlə həmsərhəddir: Abxaziya, Azərbaycan, Belarusiya, Gürcüstan, Şimali Koreya, Qazaxıstan, Çin, Latviya, Litva, Norveç, Monqolustan, Polşa, Ukrayna, Finlandiya, Estoniya, Cənubi Osetiya. Daha iki ölkənin - ABŞ və Yaponiyanın Rusiya Federasiyası ilə dəniz sərhədləri var. Latviya, Litva, Norveç, Polşa, Finlandiya və ABŞ NATO-nun üzvləridir.
Qadir, Bizimyol.info