Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinin Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin (Hollandiya) verdiyi order əsasında həbsini indiki mərhələdə məqsədəuyğun hesab etmir. Fransa liderinin fikrincə, bu, “bir neçə aydan sonra” açıla biləcək “danışıqlar pəncərəsi” ilə bağlıdır.
Bizimyol.info “The Guardian”a istinadən xəbər verir ki, prezident bu fikri Avropa İttifaqı liderlərinin Bratislavada (Slovakiya) keçirilən konfransında deyib. Makron izah edib ki, Putinin həbsi mümkün olmaya bilər, çünki o, Rusiya Federasiyasının Ukraynaya tam miqyaslı müdaxiləsinə son qoymaq üçün danışıqlar aparmaq mümkün olan yeganə şəxsdir.
"Vaxt məsələsinə gəldikdə, mən burada sizinlə çox dürüst və şəffaf olmaq istəyirəm. Məsələ burasındadır ki, əgər bir neçə aydan sonra Rusiyanın mövcud siyasi hakimiyyəti ilə danışıqlar aparmaq üçün bir pəncərəniz olarsa, sizin qarşınıza çıxan sual, iki ölkə arasında seçim etməkdir. Və ertəsi gün onları beynəlxalq ədalət qarşısında mühakimə etməli olsanız belə, siz sahib olduğunuz liderlərlə de-fakto danışıqlar aparmalı olacaqsınız...”,-deyə siyasətçi bildirib. Fransa rəhbəri çıxışı zamanı "mən səni həbsxanaya düşməyini istəyirəm, amma danışıqlar apara biləcəyim yeganə şəxs sənsən", -deyə Rusiya prezidentinə müraciət edib. O, əlavə edib ki, eyni zamanda Rusiya Federasiyası və onun rəhbərlərinə qarşı sübutlar toplanmalıdır. Makron həmçinin bildirib ki, Ukraynanın təhlükəsizlik zəmanətinə ehtiyacı var və Rusiya bütün legitimliyini itirib.
Siyasətçinin fikrincə, Ukraynanın gələcək əks-hücum əməliyyatı hərbi məqsədlərə çatmasa, Avropanın Kiyevə gələcək dəstəyinin xarakterini qiymətləndirmək lazım gələcək. Eyni zamanda o, Ukraynanın təkcə öz sərhədlərini deyil, həm də Avropanın sərhədlərini müdafiə etdiyini təkid edib.
Məlumat üçün bildirək ki, əvvəllər Makron Fransanın “L'Opinion” nəşrinə əlamətdar müsahibə verərək, Rusiyanın Ukraynaya qarşı müharibəni “geosiyasi baxımdan uduzduğunu” və hazırda Çinin vassal dövlətinə çevrildiyini bildirib.
Qeyd edək ki, Makron, ukraynalıların işğalçılar tərəfindən deportasiyasını hərbi cinayət adlandırıb. O, təcavüzkar ölkəni məcburi şəkildə deportasiya edilmiş uşaqları dərhal Ukraynaya qaytarmağa çağırıb.
Leyla Mirzə, Bizimyol.info