Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"“Şimal-Cənub” Nəqliyyat Dəhlizinin də istifadəyə verilməsində Azərbaycanın öz maraqları var"
"“Şimal-Cənub” Nəqliyyat Dəhlizinin də istifadəyə verilməsində Azərbaycanın öz maraqları var"

Bu günlərdə Fransada fəaliyyət göstərən Ermənistan mətbuatında Rusiya ilə fars körfəzini birləşdirən və Qərbin sanksiyalarına məruz qalan Rusiya və İran üçün önəmli olan nəqliyyat xəttinin çəkilməsi ilə bağlı məlumatlar yer alıb. Məlumata görə, İran və Rusiya bununla bağlı saziş imzalayıb və tikintinin 2027-ci ildə başa çatacağı gözlənilir. Amma bu iki ölkəni birləşdirən xəttin Azərbaycan keçməsi planlaşdırılır. Ekspertlərin məsələyə baxışı fərqlidir. Bəziləri Azərbaycanın hər nə olursa, olsun bu layihəyə qoşulacağını düşünür.

“Azərbaycan coğrafi mövqeyinin verdiyi üstünlüklərdən istifadə edərək beynəlxalq əhəmiyyətli nəqliyyat – kommunikasiya xətlərinin qurulmasında və iştirakında maraqlıdır. Eyni zamanda “Şimal – Cənub” Nəqliyyat Dəhlizinin də istifadəyə verilməsində Azərbaycanın maraqları var. Bu dəhlizin təməli 2000-ci ildə Rusiya, İran və Hindistan arasında imzalanmış saziş əsasında atılıb. Azərbaycan tərəfi bu razılaşmaya 2005-ci ildə qoşulub. Ümumilikdə, sazişə 13 ölkə qoşulub. Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya və Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır”.

Bu barədə Bizimyol.info xəbər portalına “Ana Vətən” Partiyasının sədr müavini Yalçın Hacızadə danışıb. O, qeyd edib ki, uzunluğu 7200 kilometr olan dəhlizin başlanğıcı Hindistanın Nava-Seva limanıdır. Hesablamalara görə bu dəhlizdən istifadə nəticəsində yüklərin çatdırılma müddəti iki dəfə azala bilər. Hal-hazırda Hindistandan çıxan yük Süveyş kanalından keçən xətlələ Rusiyaya 30-45 günə çatdırılır. Şimal-Cənub dəhlizi vasitəsilə bu müddət 15-24 gün ola bilər. Eyni zamanda havaya atılan istixana qazlarının 25% azalması da olacaq.

Yalçın Hacızadə Yalçın Hacızadə

Politoloqun sözlərinə görə, dəhlizin əsas təşəbbüskarı Hindistandır. Belə ki, iqtisadiyyatı sürətlə inkişaf edən Hindistanın Avropaya yükdaşıma yollarının əksəriyyəti Çinin təsiri altındadır. Pekinlə münasibətləri gərgin olan Dehli bu səbəbdən Çindən aslı olmayan marşrutun işə salınmasında maraqlıdır.

Politoloq bildirib ki, 20 ildən artıq müddətdə dəhlizin fəaliyyətə başlaması mümkün olmayıb. Bunun da bir neç səbəbi var. Rusiya – Ukrayna müharibəsindən əvvəl Rusiya ərazisindən Avropaya yükdaşımalar üçün əlverişli şərtlər var idi. Eyni zamanda da İrana tədbiq olunan sanksiyalara görə razılaşmanı ratifikasiya etmiş ölkələr İranla bu istiqamətdə əlaqələrin qurulmasında maraqlı deyildilər. Regionda və beynəlxalq səviyyədə baş verən hadisələr, indi vəziyyəti kökündən dəyişib.

“Ukraynaya qarşı bağladığı müharibəyə görə Qərb bazarlarından sıxışdırılan Rusiyanın Asiya bazarlarına böyük ehtiyacı var. Yəni Avropanın almaqdan və satmaqdan imtina etdiyi mallar üçün yeganə ümid yeri Asiyadır. Bu dəhlizin qurulması üçün Azərbaycan və İran arasında da saziş imzalanmışdı. Həmin sazişə görə Rəşt-Astara dəmir yolunun tikintisinə qərar verilmişdi. Azərbaycan İran ərazisində yolun tikintisi üçün İrana 500 milyon dollar kredit də ayırıb. Lakin ABŞ-ın İrana qarşı sanksiyaları bu layihənin icrasına imkan vermədi. Bu ilin may ayının 17-də Rusiya və İran tərəfi “Şimal-Cənub” dəhlizinin qurulması üçün yenidən razılaşıblar. Mövcud regional və beynəlxalq vəziyyətdə Bakı bu dəhlizə ən az ehtiyacı olan tərəfdi. Çünki Rusiya-Ukrayna müharibəsi nəticəsində sanksiyalarla üzləşən Rusiya ərazisindən keçirilməyən yüklər Azərbaycandan daşınır”-deyən Yalçın Hacızadə bildirib ki, buna baxmayaraq, hazırda regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilən Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin də istifadəyə verilməsində maraqlıdı. Çünki Azərbaycan bu dəhlizin iştrakçısına çevrildikdə Ermənistan bundan da uzaqda qalacaq.

“Uzun müddətdir ki, fars-molla rejimi Ermənistanı blokadadan çıxarmaq üçün bu dəhlizin düşmən ölkənin ərazisindən keçməsini təmin etmək istəyirdi. Lakin maliyyə çətinliyindən dəhliz üçün zəruri ifrastrukturu yarada bilməyən Ermənistan bu fürsətdən də istifadə edə bilməyəcək”-deyən Yalçın Hacızadə vurğulayıb ki, Ermənistan mediasının “Şimal – Cənub” dəmir yolunun qurulması haqqında məlumatları işıqlandırmasında iki məqam var. Birincisi, onlar Azərbaycanın bu layihəyəyə qoşulması ilə Ermənistanın uzaqda qalacağını görürlər. İkincisi isə belə məlumatları qabartmaqla Azərbaycanı beynəlxalq sanksiyalara məruz qalan Rusiya və İranla əməkdaşlıq etməkdə, guya onların iqtisadi blokadadan çıxartmağa çalışmasını kimi beynəlxalq aləmə göstərmək istəyirlər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »