Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ərdoğanın fəaliyyəti nəinki Türkiyə xalqı, bütün Türk dünyası tərəfindən təqdir olunur"
"Ərdoğanın fəaliyyəti nəinki Türkiyə xalqı, bütün Türk dünyası tərəfindən təqdir olunur"

“Türkiyədə demokratik bir seçki oldu. Türkiyə xalqı yenə də öz müdrikliyini göstərdi. Və dünyaya göstərdi ki, onlar azad, sivil yolla istədikləri insanı prezident seçməyə qadirdilər. Mən müşahidəçi kimi orada iştirak etmədim. Ancaq ondan bir gün əvvəl biz Türkiyədə idik. Antalya şəhərində görüşlər keçirdik. Ondan əvvəl Trabzon şəhərində olmuşduq. Orada görüşlərimiz oldu. Çoxsaylı insanlarla görüşdük. AK partiyada, bələdiyələrdə olduq, şəhər icra hakimiilə görüşdük. İctimai nümayəndələr ilə əlaqələrimiz oldu. Biz heç də bu seçkilərə təsir etmək məqsədi ilə ora getməmişdik. Biz Türkiyənin son ildəki inkişafından beynəlxalq aləmdə qazandığı uğurlardan, Azərbaycan-Türkiyə münasibətlərindən, bu qardaşlıqdan dostluqdan danışmaq məqsədi, həm də Türkiyəyə öz dəstəyimizi nümayiş etdirmək üçün bu qardaş ölkədə olduq”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Türkiyədə mayın 28-də baş tutan prezident seçkilərinin ikinci turu ilə bağlı danışarkən qeyd edib.

Tahir Rzayev Tahir Rzayev

Deputat bildirib ki, Türkiyədə seçkilərin belə demokratik keçməsi və Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi hər bir azərbaycanlını sevindirir. Çünki cənab Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə rəhbərlik etdiyi son illərdə böyük uğurlar əldə olunub. Türkiyə söz sahibidir. Türkiyə demokratik sivil bir dövlət kimi tanınır. Türkiyənin ən mötəbər tədbirlərdə sözü keçir. Və Türkiyə ilk növbədə özünün sülhsevər məramı ilə dünyaya bir nümunə göstərir. Çünki o, neytral mövqedədir və dünya ölkələri arasında sülhün, əmin-amanlığın bərqərar edilməsi üçün öz səylərini əsirgəmir.

“Digər tərəfdən Azərbaycan Türkiyə münasibətləri çox möhkəmdir. Və Türkiyə ən çətin anlarda Azərbaycanın yanında olub. Azərbaycan da daimi Türkiyənin yanındadır, qardaşdır”-deyən deputat bildirib ki, bu gün Türkiyə və Azərbaycan prezidentlərinin Türk Dövlətləri Təşkilatının yaradılması və dünyada türkdilli dövlətlərin birləşməsi, onların əməkdaşlıqlarının genişlənməsi sahəsində gördükləri tədbirlər təqdirə layiqdir. Bu, nəinki iqtisadi məqsədlər daşıyır, həm də bu ölkələri təhlükəsizliyi baxımından çox vacibdir. Ona görə də cənab Ərdoğanın fəaliyyəti nəinki Türkiyə xalqı tərəfindən qiymətləndirilir, bütün Türk dünyası tərəfindən təqdir olunur və dəstəklənir”-deyə deputat əlavə edib.

Tahir Rzayev hesab edir ki, Türkiyənin mövqeyi, Türkiyənin qüdrətli olması Azərbaycanın qüdrətli olması, möhkəm olması deməkdir. Bu səbəbdən də, seçkilərin belə yüksək səviyyədə keçirilməsi və yenidən Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsi Azərbaycana gələcəyi üçün xoş məqamlar, yaxşı gələcək vəd edir.

Deputatın fikrincə, Türk dövlətlərinin birləşməsi, Türk dövlətlərinin birliyi heç də dünyaya meydan oxumaq deyil. Dünyanı sivil qaydada idarə etmək, dünyada baş verən bu münaqişələrin qarşısını almaq məqsədi daşıyır. Bu da insanlıq, bəşəriyyət üçün çox önəmlidir, vacibdir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »