Belarus və Rusiyanın müdafiə orqanları Birlik Dövlətinin (BD) sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün kifayət qədər tədbirlər görür.
Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə günü respublikanın müdafiə naziri Viktor Xrenin parlamentin aşağı palatasında çıxışı zamanı bildirib.
“Bu gün hərbi idarənin Rusiya Federasiyası ilə birlikdə təhlükəsizliyin təmin edilməsi üçün həyata keçirdiyi tədbirlər kifayətdir. Qəbul edilmiş qərarlar da daxil olmaqla, bu yaxınlarda rusiyalı həmkarımla Belarus Respublikası ərazisində nüvə silahının saxlanmasına dair əsasnamə imzalanıb”, - deyə o bildirib.
Nazir qeyd edib ki, Rusiyanın qeyri-strateji nüvə silahlarının Belarusda yerləşdirilməsi qonşu ölkələrdən gələn aqressiv xarakteri və döyüşkən ritorikanı soyudacaq və onun genişmiqyaslı qlobal müharibəyə çevrilməsinin qarşısını alacaq effektiv tədbirdir. "Hər iki dövlət bu ustiqamətdə intensiv fəaliyyətlə məşğuldur. Qeyd edək ki, görülən işlər bu gün də, gələcəkdə də təhlükəsizlik üçün əvəzedilməz effektə malikdir", - deyə o qeyd edib.
Rusiya prezidenti Vladimir Putin martın 25-də bildirib ki, Rusiya Belarusun tələbi ilə ABŞ-ın öz müttəfiqlərinin ərazisində çoxdan etdiyi kimi, öz taktiki nüvə silahlarını respublikada yerləşdirəcək. Rusiya dövlət başçısının sözlərinə görə, iyulun 1-də Belarus ərazisində taktiki nüvə silahları üçün anbarın tikintisini başa çatdırmaq planlaşdırılır.
Rusiya və Belarusun müdafiə nazirləri Sergey Şoyqu və Xrenin mayın 25-də Minskdə Rusiyanın nüvə silahlarının Belarus ərazisində saxlanması qaydasını müəyyən edən sənədləri imzalayıblar. Həmin gün Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyadan qeyri-strateji nüvə silahlarının artıq onun ölkəsinə ötürülməsinə başlanıldığını bəyan edib.
Qadir, Bizimyol.info