Ukrayna prezidenti Vladimir Zelenski və işğalçı ölkənin lideri Vladimir Putin Türkiyəyə səfər etməyi planlaşdırır.
Bizimyol.info xəbər verir ki, "Hürriyət" qəzetinin verdiyi məlumata görə, siyasətçilər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 3-də şənbə günü baş tutacaq andiçmə mərasimindən sonra ölkəyə gələcəklər.
Qeyd olunur ki, Putin əvvəlcə ölkəyə ayrıca səfərlə gələcək. Onun ardınca Zelenskinin də Ankaraya gələcəyi gözlənilir.
“Bir çox xarici dövlət başçıları şənbə günü baş tutacaq mərasimdə iştirak etmək üçün məlumat veriblər. Putin Türkiyəyə ayrıca xüsusi səfər edəcək. Putindən sonra Ukrayna prezidenti Zelenski Türkiyəyə gələcək. Putin və Zelenskinin bu müntəzəm səfəri zamanı müharibənin gedişi və taxıl dəhlizi müzakirə olunacaq”,– deyə mətbuat qeyd edib.
Ukraynanın daha əvvəl verdiyi məlumata görə, Ukrayna prezidenti xaricə bir sıra səfərlərdən sonra yalnız mayın 22-də ölkəyə qayıdıb.
Xüsusilə, o, mayın 19-21-də Yaponiyada keçirilən "G-7" sammitində iştirak edib, həmçinin Ukraynanın tərəfdaş ölkələri və müttəfiqlərinə bir sıra səfərlər edib.
Genişmiqyaslı müharibə başlayandan sonra Zelenskinin səfərləri əvvəlcədən elan edilmir, təhlükəsizlik səbəbi ilə səfər baş tutandan sora məlumat verilir.
Qeyd edək ki, Mayın 14-də Türkiyədə seçkilər keçirilib, ölkə sakinləri eyni vaxtda yeni prezident və parlament üzvlərini seçiblər. İyirmi ildən artıqdır ki hakimiyyətdə olan Rəcəb Tayyib Ərdoğan və onun əsas rəqibi olan Kamal Kılıçdaroğlu prezidentlik yarışının ikinci mərhələsinə qalıblar. Mayın 28-də hazırkı prezident seçkilərin ikinci turunda qalib gələrək yenidən Türkiyə prezidenti seçilib.
Qadir, Bizimyol.info