Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəzərin Qazaxıstan və Türkmənistan sahilləri sürətlə quruyur
Xəzərin Qazaxıstan və Türkmənistan sahilləri sürətlə quruyur

Sahil ölkələri üçün biomüxtəliflik və iqtisadi baxımdan əvəzolunmaz su hövzəsi olan Xəzər dənizi sürətlə dayazlaşır. Bu məsələ Azərbaycanda sirr deyil. Üstəlik, ABŞ-ın NASA agentliyi də bununla bağlı məlumat yayıb.

Bizimyol.info xəbər verir ki, dənizin şimal qütbündə dayazlaşma xüsusilə qabarıq nəzərə çarpır. NASA problemin miqyasını anlamaq üçün Xəzərin Qazaxıstan hissəsinin 2006-cı və 2022-ci ilin sentyabrında çəkilmiş iki peyk şəklini dərc edib. Fotodan görünür ki, bəzi yerlərdə sahil xətti kilometrlərlə geri çəkilib. Kaydak körfəzi tamamilə quruyub.

Xəzərin sürətlə quruması Türkmənistanın sahilyanı ərazilərində də nəzərə çarpır. Məsələn, hələ 2007-ci ildə eyniadlı yarımadada yerləşən Xəzər şəhəri birbaşa dəniz sahilində idi. Dəniz quruduqca sahil xətti uzaqlaşmağa başladı. İndi bəzi yerlərdə su 800 metr geri çəkilir.

Türkmənistanın milli turizm zonası olan “Avaz”da dənizin qurumasına görə əlavə tədbirlər planı həyata keçirirlər. İndiyə qədər su hövzəsinin kənarında yerləşmiş otellər çətin vəziyyətdə qalıb. Su əvvəlki sahildən xeyli uzaqlaşıb. Yeni estakadaların qurulmasına ehtiyac yaranıb. Yoxsa turizm zonası əhəmiyyətini itirir. “Avaz”da infrastrukturun yenilənməsi üçün xeyli vəsait ortaya qoymaq lazım gəlib.

Türkmənbaşı şəhərində suyun təxminən 25-50 metr çəkildiyi bildirilir. Dövlət qulluqçularından biri alternativ mediaya məlumat verib ki, bu günlərdə büdcə təşkilatlarının əməkdaşları çimərliklərin suyun çəkildiyi yerlərini zibildən, tullantılardan, polietilen torbalardan təmizləməyə cəlb olunub.

Xəzərin sahilində yerləşən “Qyami” otelinin əməkdaşı jurnalistlərə bu obyektin də çətinliklə üzləşdiyini deyib. Su azı 50 metr çəkilib.

Azərbaycanda mütəxəssislər Xəzərdə suyun səviyyəsinin azalmasını daha çox seysmik aktivliklə əlaqələndirirlər. Volqa çayında müəyyən dambaların, stansiyaların quraşdırılması da təsirsiz ötüşməyib.

Amma Xəzərə tökülən çaylar arasında xüsusi payı olan Kürün suyunun quruması da vacib rol oynayır. Şoranlıq ərazilərdə aqroparkların salınması çaya böyük zərbə vurub. Nəticədə Xəzər də əziyyət çəkir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »