ABŞ-ın keçmiş dövlət katibi, politoloq, ABŞ-ın ən nüfuzlu geostrateqlərindən biri Henri Kissincer bəşəriyyətin III Dünya Müharibəsinin astanasında olduğu barədə xəbərdarlıq edib. O, bu barədə “The Economist”ə müsahibəsində bildirib. Kissincer Çin və ABŞ arasında artan rəqabətdən narahatdır. Onun fikrincə, dünyada qüvvələr balansı və müharibənin texnoloji əsasları o qədər dəyişir ki, böyük dövlətlərin nizam-intizam qura biləcəkləri vahid əsaslı prinsipi yoxdur.
Politoloq deyir: “Biz Birinci Dünya Müharibəsindən əvvəlki kimi klassik bir vəziyyətdəyik, heç bir tərəf mühüm siyasi güzəştlər istəmir və bu zaman hər hansı disbalans fəlakətli nəticələrə gətirib çıxara bilər”. Onun fikrincə, bəşəriyyətin taleyi Amerika və Çinin ortaq dil tapa bilib-bilməyəcəyindən asılıdır. Kissincer hesab edir ki, ölkələrin razılığa gəlmək üçün hələ 5-10 il vaxtı var. Bundan sonra daha çətin olacaq.
Politoloq Turab Rzayev bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Çinlə ABŞ arasında münasibətlər kəskinləşir. Çünkü hər iki dövlət kifayət qədər artıq iqtisadi cəhətdən böyümüş dövlətlərdir. Belə ki, həm Çinin, həm də Amerikanın ümumi daxil dövriyəsi 20 trilyon civarındadır. Və bu, demək olar ki, dünya iqtisadiyatının hardasa 5-də 1 həcmi deməkdir.
“Üçüncü bir qüvvə kimi Avropa ittifaqı formalaşır. Avropa İttifaqının da təxminən Çinlə ABŞ-a yaxın bir ümumi daxili məhsulu var. Belə olan halda resusların bölgüsü prosesi getməlidir. Və indiki məqamda əgər mövcud trend bu şəkildə davam edərsə, bir müddət sonra ola bilsin ki, Çin artıq Amerika Birləşmiş Ştatlarını iqtisadi cəhətdən ötüb keçsin.
Yaxın şərqdə, dünyanın fərqli yerlərində möhkəmlənsin və Amerikaya, qərbə daha ciddi təhdid törətsin. Biz bunu bir sıra ölkəkərdə görürük.
Çin Afrikanı, başdan-başa mənimsəyib. Eyni zamanda bəzi Asiya ölkələrini mənimsəyib. Hətta Avropada Serbiya, Belarus, Yunanıstan kimi ölkələrə investisiya qoyub və onları Amerika Birləşmiş Ştatlarının əlindən çıxarmağa çalışır. Çin Şri-lanka bölgəsini demək olar ki, tamamilə öz ağuşuna alıb. Şri-lankanın Çinə borclarının əvəzinə, bütün dövlət strateji obyektləri Çinin əlinə keçib. ABŞ bunu təhdid olaraq görür və düşünür ki, Çin nə vaxtsa hərbi cəhətdən də, yəni hərbi gücünü də artırıb Amerikanı keçərsə, artıq Amerika sivilizasiyasının sonu olacaq”-deyən politoloq qeyd edib ki, məhz buna görə də ABŞ var gücü ilə çalışır ki, hansısa şəkildə Çini zəiflətsin. Və bunu Çin kifayət qədər güclənməmiş etsin.
Politoloqun fikrincə, hətta Rusiya müharibəsinin başlanma səbəblərindən biri də Çinin Rusiya ilə müttəfiq olmasıdır. Çünki Çinə qarşı mübarizədə Rusiya Çinə dəstək duracaqdı.
Turab Rzayev hesab edir ki, Rusiyaya qarşı Ukrayna müharibəsində tam dəstək ona görədir ki, ilk öncə Rusiya sıradan çıxarılsın və daha sonra növbə Çinə gəlsin. Bu səbəbdən də Çindəki "TALİBAN" məsələsi də vaxtaşırı olaraq qızışdırılır.
“Əslində bu münaqişədən qaçmaq mümkün deyil. Çünkü ABŞ öz əli ilə, öz yerini Çinə verə bilməz. Ya da Çinə versə, o zaman dünya liderliyini itirəcək. Yəni seçim etməlidir, ya Çini hansısa şəkildə zəiflətməlidir, ya da öz yerini Çinə verməlidir. Kissenerin dediyi kimi hansısa bir şəkildə bu prosesi maksimum 5 ya 10 il yubatmaq olar. Bu da mümkün olarsa… Ola bilsin ki, heç yubatmaq da alınmadı və dünya növbəti müharibəyə ev sahibliyi etməyə başladı”- deyən politoloq qeyd edib ki, dünyanın borcu katastrofik şəkildə artıb. Yəni dünyanın 300 trilyon dollardan çox borcu olduğu deyilir. Belə vəziyyətlərdə müharibələr həmişə qaçılmaz olur. Əvvəlki dünya müharibələri də, qlobal müharibələr də bunu göstərir.
İradə Cəlil, Bizimyol.info