Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Hadisənin şokunda idim, yaralansam da, təcili yardım maşını ilə getmədim”
Vəzifəli şəxsin ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən oğlu məhkəmədə ifadə verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Arif Rəhimovun cinayət işi məhkəmə iclası başlayıb. Bizimyol.info xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəməyə iş üzrə mülki iddiaların verildiyi elan edilib.

Zərərçəkmiş Xalid Məmmədov 13 min 800 manat və 5 min dollar maddi, 40 min manat isə mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki iddia qaldırıb.

Digər mülki iddia isə zərərçəkmiş Gülnaz Əliyev tərəfindən verilib. O, 22 800 manat maddi, 10 min manat isə mənəvi ziyanın ödənilməsini tələb edib.

Zərərçəkmiş Vahir Məmmədov isə iddiasında 6 min maddi, 5 min manat isə mənəvi ziyanın ödənilməsini istəyib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib və təqdirləndirilən ittiham üzrə özünü qismən təqsirli bildiyini söyləyib.

O, qəzanın tələbə yoldaşları ilə birgə gedərkən baş verdiyini, avtomobilin sürətinin neçə olduğunu isə dəqiq xatırlamadığını deyib. “Müstəntiq dedi ki,100 ilə getmisəm, mən də hər şey tez bitsin deyə razılaşdım. Mən yolun sağı ilə gedirdim, qarşımda gedən "Şaqman" qəfildən sağa dönmək istədi. Mən məcbur olaraq sol zolağa çıxdım. Mən elə bildim Prado ilə toqquşmuşam, amma Opeli vurmuşdum”. Təqsirləndirilən bildirib ki, onun maşında olanlara heç nə olmayıb. “Yanımdakılar salamat olduğu üçün elə bildim o birilər də yaxşıdı. Sonra onlara yaxınlaşıb nəbzini yoxladım, artıq dünyalarını dəyişmişdilər”.

A.Rəhimov deyib ki, qəza zamanı özü də yaralanıb. “Hadisənin şokunda idim, yaralansam da, təcili yardım maşını ilə getmədim, orada qaldım. Tibbi yoxlamaya isə axşam getdim”.

Təqsirləndirilən ölənlərə rəhmət, qalanlara can sağlığı diləyib və əməlindən peşman olduğunu söyləyib.

O suallara cavab olaraq, atası Qalib Rəhimovun "Subaru" markalı avtomobili etibarnamə olmadan idarə etdiyini deyib.

Təqsirləndirilən suallara cavab verən zaman təqsirləndirilən şəxsin atası, Qalib Rəhimov müdaxilə etdiyi üçün hakim ona xəbərdarlıq edib. Qeyd edək ki, A.Rəhimov Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arifin (Rəhimov) oğludur. Qalib Arif də iş üzrə zərərçəkmiş şəxs kimi tanınıb.

Daha sonra prosesdə zərərçəkən qismində ifadə verən və hadisə zamanı "Opel" markalı avtomobildə olan Əflatun Zəbiyev bildirib ki, Lerik rayonundan yeznəsi Füzuli Məmiyevlə birgə Bakıya gəlib. "Maşını Füzuli sürürdü, Kamal da öndə oturmuşdu. Qəfildən gurultu oldu, bir anlıq dondum. Sonra məni maşından çölə çıxartdılar, əlimi cibimə vurdum pulqabım yox idi”.

Zərərçəkən vurğulayıb ki, təqsirləndirilən ölənlərin nəbzini yoxlamasını yalan deyir. O həmçinin deyib ki, qəzada biri 530 manat olan iki ədəd qızıl onluq sikkəsi itib: “Tələbim yoxdur, müalicəmə çəkdiyim pulları və qızılı qaytarsalar da sağ olsunlar, qaytarmasalar da".

Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata əsasən, sentyabrın 7-də saat 16 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan paytaxt sakini Seymur Məmmədova məxsus “Toyota Prado” markalı avtomobilə vurub və idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb. F.Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini, A.Rəhimov və 1 sərnişini xəstəxanaya yerləşdirilib. A.Rəhimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »