Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İndiki məqam Türkiyə xalqının məsələyə həssas yanaşdığını ortaya qoydu"
"İndiki məqam Türkiyə xalqının məsələyə həssas yanaşdığını ortaya qoydu"

Türkiyə tarixində ilk dəfə ikinci tura qalan seçki mübarizəsi geridə qaldı. Və Türkiyə xalqı öz seçimini etdi. Son nəticələrə görə, Rəcəb Tayyib Ərdoğan 52,16 faiz səslə, 47,84 faiz səs toplamış Kamal Kılıçdaroğlunu məğlub edərək, yenidən Türkiyənin prezidenti seçildi və bundan sonra 5 il daha Türkiyənin taleyi Rəcəb Tayyib Ərdoğandan asılı olacaq.

“Rəcəb Tayyib Ərdoğan Türkiyənin 13-cü prezidenti oldu. Bu, əslində bir çoxunun gözlədiyi nəticə idi. Düzdür, nəzərə almaq lazımdır ki, Kamal Kılıçdaroğlu da bu seçkidə “Millət” İttifaqı olaraq, böyük fəaliyyət göstərdi. Onların daxilində parçalanma əvvəldən hiss edilirdi. Seçkidən öncə aprel ayında Meral Akşenerin masadan qalxması da bu seçimə təsir etdi.

İkinci məsələ təbii ki, seçkinin birinci turundan sonra səslərin parçalanması oldu. Məhərrəm İncənin çəkilməsinin də təsiri oldu. Məhərrəm İncə açıq şəkildə deyirdi ki, “məni şantaj edirlər” və bunu “Millət” İttifaqına istiqamətləndirirdi. Digər bir tərəfdən Sinan Oğanın Ərdoğana dəstək verməsi, "Ata" İttifaqında bir parçalanması, millətçi kəsimlərin, Türk millətçilərinin Ərdoğanı dəstəkləmə məsələsi, Ümit Özdağın isə Kamal Kılıçdaroğlunu dəstəkləməsi, bütün bunlar hamısı seçkiyə təsir göstərən proseslər idi”…

Bu barədə Türkiyə seçkilərini Bizimyol.info xəbər portalına şərh edərkən danışan, politoloq Samir Hümbətov hesab edir ki, seçki sözün həqiqi mənasında tam demokratik vəziyyətdə keçirilib.

Samir Hümbətov Samir Hümbətov

“Türkiyədə formalaşmış bir demokratik seçki sistemi, ənənəsi var. Bu seçkilərə hər hansı formada müdaxilə etmək olmur. Seçki bitdikdən dərhal sonra Meral Akşenerin Rəcəb Tayyib Ərdoğanı təbrik etməsindən aydın oldu ki, deməli, artıq müxalifət seçkinin nəticələrini qəbul edib və bu məsələ ilə razıdır. Daha sonra Kamal Kılıçdaroğlunun seçkinin nəticələrini dəyərləndirmələri və çıxışları oldu. Həmin çıxışlarda “yox, biz bu seçkini tanımırıq” deyə iddialar olmadı. Əsas müxalifət partiyasının rəhbərləri bu fikirlə razılaşıblarsa, deməli artıq qəbul ediblər”- deyə Samir Hümbətov əlavə edib.

Türkiyənin daxili və xarici siyasətinə gəldikdə isə, politoloqun fikrincə, olduğu kimi davam edəcək. Daha doğrusu qaldığı yerdən davam edəcək. Bu seçkinin nəticələri Azərbaycana da təsir edəcək.

“Ərdoğanın qələbəsindən həmən sonra onu ilk təbrik edən Azərbaycan prezidenti İlham Əliyev oldu. Bu, xüsusi önəm daşıyır. Bu, eyni zamanda Azərbaycanın Türkiyə ilə nə qədər yaxın olmasından xəbər verir”- deyə politoloq bildirib.

Sami Hümbətov hesab edir ki,bundan sonra Türkiyə xarici siyasətini yeni mərhələyə cəlb edəcək. Qarşıya qoyulan hədəflər var. Bölgənin əsas gücünə çevrilmək və yeni hədəfləri həyata keçirmək, regional və qlobal lahiyələri həyata keçirmək və s. bunların hamısı həyata keçiriləcək. Yəni bu süçkinin nəticələri Türkiyənin növbəti 100 ilinə təsir edəcək.

“Bu, bir keçid dövrüdür. Türkiyənin açılımında da ən əsas önəmli keçid dövrü kimi nəzərə almaq lazımdır. Bu keçid dövrü 5 il ərzində lazım olan hədəfə çatandan sonra artıq Türkiyə özü sabit bir prosesi davam etdirəcək. İndiki məqam çox önəmlidir və burada da artıq Türk milləti, Türk xalqı nə dərəcədə məsələyə həssas yanaşdığını ortaya qoydu”- deyə politoloq fikrini yekunlaşdırıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »