Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan Moskvanın Laçın dəhlizi ilə bağlı müzakirələrindən narazıdır
Paşinyan Moskvanın Laçın dəhlizi ilə bağlı müzakirələrindən narazıdır

Ermənistanın baş naziri Nikol Paşinyan Laçın dəhlizi ilə bağlı Moskvada keçirilən müzakirədən narazıdır.

Bizimyol.info xəbər verir ki, o, bunu parlamentdə 2022-ci il büdcəsinin icrası ilə bağlı keçirilən dinləmələrdə deyib.

Ermənistanın baş naziri bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev və Rusiya lideri Vladimir Putinlə üçtərəfli görüşdə “Dağlıq Qarabağdakı humanitar böhran və Laçın dəhlizi” müzakirə mövzularından biri olub.

"Bu, rusiyalı həmkarlarla da müzakirə olunub. Nəticələrin qənaətbəxş olduğunu deyə bilmərəm. Bu, ağrılı vəziyyətdir, mən artıq demişəm ki, dəhlizin bağlanması Rusiya sülhməramlılarının iştirakı ilə və gözü qarşısında olub. Biz bu vəziyyəti həll etmək üçün həmkarlarımızla birlikdə müzakirələri davam etdirəcəyik”, - deyə Paşinyan qeyd edib.

Nazirlər Kabinetinin rəhbəri həmçinin əlavə edib ki, Moskvada regional kommunikasiyaların açılması müzakirə olunub və İrəvan buna hazır olduğunu bir daha bəyan edib. Eyni zamanda, Paşinyan qeyd edib ki, bu, 9 noyabr 2020-ci il tarixli Qarabağla bağlı üçtərəfli bəyanatın 9-cu bəndində göstərilən kommunikasiyalara aiddir. Bu kontekstdə Paşinyan əlavə edib ki, İrəvan ərazilərindən keçdikləri ölkələrin suverenliyi altında kommunikasiyaların tezliklə açılmasına hazırdır.

"Biz kommunikasiyaların açılmasında qərarlıyıq və maraqlıyıq. Və biz çeviklik nümayiş etdiririk, lakin biz suverenlik prinsipinə və dövlətlərin səlahiyyətlərinə sadiqik",- deyə o, bildirib.

Baş nazir əlavə edib ki, Moskvada dəmir yolu infrastrukturunun açılması məsələsi də müzakirə olunub. Onun fikrincə, bütün kommunikasiyaların açılması Ermənistan iqtisadiyyatının artımına təkan verəcək.

Məlumat üçün bildirək ki, mayın 25-də Ermənistan, Rusiya və Azərbaycan liderləri arasında danışıqlar olub. Görüşdən sonra Rusiya prezidenti Vladimir Putin xüsusilə bildirib ki, hər hansı çətinlik və problemlərə baxmayaraq, vəziyyət nizamlanma istiqamətində inkişaf edir. Onun sözlərinə görə, tərəflər arasında həll olunmamış məsələlər var, lakin onlar sırf texniki xarakter daşıyır.

Qeyd edək ki, Nikol Paşinyanla İlham Əliyev arasında növbəti görüş iyunun 1-də Kişinyovda planlaşdırılır. Liderlər Avropa Siyasi Birliyinin sammiti çərçivəsində görüşəcəklər.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »