Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Əhməd Obalı və Fazil Mustafa sui-qəsdləri Azərbaycanın ictimai fikrinə qarşı İran rejiminin başlatdığı “səlib yürüşləridir”..."
"Əhməd Obalı və Fazil Mustafa sui-qəsdləri Azərbaycanın ictimai fikrinə qarşı İran rejiminin başlatdığı “səlib yürüşləridir”..."

Hər şey 2020-ci il 44 günlük müharibədə Azərbaycanın qələbə çalmasından sonra başladı. Yəni o zamana qədər biz sadəcə olaraq, İranın dost olmadığını bilirdik. Bilirdik, amma bunu sübut edə biləcək dəlillərimiz olsa belə, “qonşudur”, “dostdur”, “yarımız ordadır” deyib, güzəştə gedir, hətta göz yumurduq. Amma qələbədən sonra İran iç üzünü açıq şəkildə göstərməyə başladı. Müharibə dövründə Ermənistana göstərilən yardımlar, işğal dövründə Azərbaycan torpaqlarının məhz İran tərəfindən yağmalanması, ərazilərimizdə narkotik plantasiyalarının salınması, Azərbaycanın Tehran şəhərindəki rəsmi təmsilçilik göstərilən binasında bir nəfərin ölümü ilə nəticələnən terror hadisəsi, Fazil Mustafanın vurulması, Əhməd Obalının döyülməsi və s. bu kimi hadisələrlə İran –fars-molla rejimi iç üzünü göstərdi.

Azərbaycan müstəqilliyini əldə etdiyi ilk illərdə İranın dini təhsil adı altında göndərdiyi agentlər burada özlərinə şərait yaradıb, fəaliyyət göstərməyi bacarmışdı. Gənclərimizin beyni “yuyulur”, onlar manqurtlaşdırılır və Azərbaycan dövlətinə qarşı hazırlanırdı. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, bu proseslər daha çox nəzarət altına alınsa da, yeni müstəqilliyini qazanmış Azərbaycanı ayağa qaldırmaq, dünyaya tanıtmaq böyük güc tələb edirdi. Bir tərəfdən Azərbaycan torpaqlarının işğalı, Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibəsi, digər tərəfdən hələ formalaşmaqda olan Azərbaycanın daxili problemləri fonunda İran agenturası Azərbaycanda kök sala bilmişdi. İndi gündəmdən izlədiyiniz kimi hələ də, İranın Azərbaycanda olan agentləri ifşa olunub həbs edilir. Azərbaycanda din pərdəsi altında gizlənmiş, əslində dövlətçiliyimizə zərbələr hazırlayan bu qüvvələrin aşkarlanıb, ortaya çıxarılması o qədər də asan görünmürdü.

Heydər Əliyev hakimiyyət dövründə qonşuluqdakı müsəlman ölkələrlə münasibətlərə çox önəm verirdi. Amma o, bütün münasibətlərin şəffaf olmasına çalışırdı. Heydər Əliyev deyirdi ki, İran İslam Respublikasının Azərbaycanla əlaqələri heç vaxt Ermənistan əlaqələri ilə müqayisə edilməməli və ya eyniləşdirilməməlidir. Əlbəttə, Heydər Əliyev güclü siyasətçi idi və İranın ikiüzlü münasibətini çox yaxşı görür, başa düşürdü. Amma həmin dövrlərdə Azərbaycan gücsüz idi, daha yeni doğulurdu, yeni formalaşmağa başlayırdı və Azərbaycan üçün həmin dövrdə qonşularla münasibətlərin yaxşı səviyyədə olması vacib idi.

İllər keçdi, Azərbaycan inkişaf etdi. Azərbaycanın müharibədə qələbəsini İran həzm edə bilmədi. Çünki regionda lider ölkə olmaq, Azərbaycanı hər zaman “əzilmiş” görmək İranın Azərbaycan siyasətinin mahiyyəti idi. İran Azərbaycanda, ümumiyyətlə bölgədə sabitliyin bərqərar olmasını arzulamırdı. Bu səbəbdən də Azərbaycan daxilində hadisələrin törədilməsi əmri verilmişdi. Öncə Azərbaycan səfirliyində terror hadisəsi törədildi. Bundan bir neçə gün sonra “Bravo” marketdə qanlı atışma oldu, daha sonra deputat Fazil Mustafanı vurdular. Bir neçə gün öncə isə, İran rejiminə qarşı mübarizə aparan, Güney Azərbaycan Türkləri üçün yayımlanan GünAZ televiziya kanalının qurucusu Əhməd Obalı və oğlu Dəniz Obalıya hücum edildi. Amerika vətəndaşı olan Əhməd Obalı ailəsi ilə birlikdə uzun illərdir ki, ABŞ-da mühacir kimi yaşayır. Hücumdan bir neçə gün öncə Əhməd Obalı Azərbaycanda olub. O, öncəki səfər zamanında Xudafərin körpüsünün yaxınlığında şəkil çəkdirib.

Azərbaycanlı politoloqlar hesab edir ki, İran rejimi bu olayla “harda olsanız əlimiz sizə çatar” mesajını vermək istəyib. Yəni artıq İran rejimi Azərbaycana qarşı fiziki güc tətbiq etməyə başlayıb. Maraqlısı budur ki, İran rejimi yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktını ailədaxili münaqişə kimi qələmə verməyə çalışdığı kimi, Əhməd Obalıya qarşı terror aktını da ailədaxili münaqişə kimi cəmiyyətə sırımağa çalışıb. Hər iki olayın eyni formada cəmiyyətə sırınması, elə hər iki olayın eyni mənbədən sifariş edildiyinin sübutudur...

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Əhməd bəy Obalıya qarşı hücum İran molla rejiminin törətdiyi terror aktıdır. Çünki Əhməd bəy müxtəlif dövrlərdə bu kimi təhdidlərlə qarşılaşıb.

Sadiq İsabəyli Sadiq İsabəyli

Sadiq İsabəyli, Fazil Mustafaya qarşı törədilən terror aktı ilə Əhməd Obalıya qarşı törədilən terror aktının eyni mənbədən olduğunu hesab edir.

Bəli, İran rejimi bu gün bütün sərhədləri keçir. İnsanlara qarşı silahlı hücumlar İran siyasətinin ana xəttidir. Öldürmək, asmaq, edam etmək, şallaqlamaq, daş-qalaq etmək...

Din pərdəsi altında gizlənərək bəşəriyyətə divan tutmaq, ölkəni daxili və xarici siyasəti 12-ci əsrdən qalma şəriət qanunları ilə idarə etməyi ancaq İran bacarır. Bəşəriyyətin sağalmayan, iltihablanan qara yarası İran...

Politoloq Tural İsmayılovun fikrincə, bu günə qədər istər Fazil Mustafaya qarşı, istərsə də Əhməd Obalıya qarşı törədilən cinayətlərin səbəbkarlarının cəzalandırıldığını görməmişik. Azərbaycan tərəfindən İrana konkret olaraq çağırışlar edilsə də, İran Azərbaycana qarşı dezinformasiya və saxta xəbərlər siyasətini davam etdirib.

“İran ərazisindən Azərbaycana qarşı informasiya hücumları həyata keçirən və Azərbaycan tərəfindən cinayət işi qaldırılmış, Tohid İbrahimbəyli, Orxan Məmmədov separatçı, bölüçü, terrorçu ekstremistləri Azərbaycana təhvil vermir. Bu səbəbdən də Əhməd Obalı, Fazil Mustafa sui-qəsdləri Azərbaycan ictimai fikrinə qarşı İran irticası tərəfindən həyata keçirilən “səlib yürüşləridir”... Lakin Azərbaycan Milli mücadələsi, Azərbaycanın sekulyar düşüncə tərzi, Azərbaycanın düşüncəsi və ictimai adamlarının öz milli haqları uğrunda barışmaz mövqeləri İran mollakratiyasının bütün hücumlarına rəğmən hər zaman özünü doğruldacaq”-deyə politoloq bildirib.

Fazil Mustafa sağaldı, Əhməd Obalı da sağalacaq... Və onlar öz milli mücadələlərini davam etdirəcəklər. Biz də onlarla eyni mübarizəni aparacağıq, bəlkə də son damla qanımıza qədər...

Bizi din ilə pərdələnmiş terrorçular, Allahu Əkbər deyib baş kəsən, insan öldürən cəlladların əməlləri qorxuda bilməz. Çünki bizim damarlarımızda əsl Türk qanı axır...

Və Türkü ölümlə qorxutmaq mümkün deyil... Ölüm nədir ki?

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.9. azərbaycançılıq ideyasının təbliği – “Heydər Əliyev İli”.

Son xəbərlər
Bütün xəbərlər »