Bu gün Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh danışıqlarına getməsini, Azərbaycanın ərazi bütövlüyünü tanımasını birmənalı qarşılamır. Və istənilən halda sülh müqaviləsi imzalanarsa, bunu hüquqi sənəd kimi qəbul etməyəcəklərini iddia edirlər. Görünən odur ki, Ermənistan müxalifəti qana susayıb. Yəni sülh istəməyən qüvvələr yenidən müharibəyə, qana, itkilər verməyə hazırlaşırlar…
Prezident İlham Əliyevin Şuşaya son səfəri zamanı, ADA üniversitetinin keçirdiyi “ Avrasiya geosiyasətinin formalaşdırılması: keçmişdən bu günə və gələcəyə” adlı beynəlxalq konfrans zamanı səsləndirdiyi fikirlərə hamımız şahid olduq. “Ermənistan əgər sülh istəmirsə, sülh olmayacaq”… Təbii ki, bu söz yerində deyilmiş bir ifadə idi. Çünki Ermənistanda bəzi qüvvələr sülh sazişinin imzalanması mövzusu ilə siyasi manipulyasiyalara yol verirdilər”.
Bu barədə Bizimyol.info xəbər portalına Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov danışıb. O, qeyd edib ki, eyni zamanda elə Nikol Paşinyanın özü də bu mövzudan siyasi manipulyasiya məqsədləri üçün istifadə edirdi.
“Prezident İlham Əliyev bunu deməklə əslində bir daha onların diqqətinə çatdırdı ki, sülh əslində daha çox sizə lazımdır. Yəni sizə lazım olduğu qədər bizə lazım deyil. Biz onsuz da istəyimizə nail olmuşuq və əgər sülh sazişinin imzalanması istiqamətində siz bu prosesə tövhə vermək istəsəniz, sülh sazişi olacaq. İstəməsəniz, sülh sazişi olmayacaq”,- deyən politoloq hesab edir ki, bu fikirlər Ermənistan cəmiyyətində bəzi qarşıdurmaların, bəzi sualların cavabını vermiş olur.
“Hər bir halda sülh sazişi olacaqsa da, yenə də vəziyyət düzəlməyəcək” deyə fikirlərə gəldikdə, politoloq qeyd edib ki, öncə sülh sazişi olsun. Bu sülh sazişi ilə tərəflər bir-birilərinin siyasi müstəqilliklərini, ərazi bütövlüklərini, sərhədlərini tanısınlar, ondan sonra artıq Ermənistanın istənilən təxribatı tamamilə fərqli şəkildə dəyərləndiriləcək. Bundan sonra onlara layiqli cavab veriləcək.
İradə Cəlil, Bizimyol.info