Yaponiya hökuməti hesab edir ki, Rusiyaya məxsus qeyri-strateji nüvə silahlarının Belarus ərazisinə ötürülməsi Ukraynadakı vəziyyət ətrafında gərginliyin dərəcəsini artıracaq.
Bizimyol.info xəbər verir ki, bu barədə cümə günü Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno məlumat verib.
“Biz Rusiyanın Ukraynada davam etdirdiyi işğalı fonunda yalnız gərginliyin dərəcəsini artıracaq Moskvanın taktiki nüvə silahlarını Belarus ərazisində yerləşdirilməsi qərarını pisləyirik. Dünyanı heç bir ölkədə bir daha bu silahda istifadə edilməsini qəbulediməz hesab edirik”, - deyə o qeyd edib.
Matsuno vurğulayıb ki, Yaponiya atom bombardmanlarından əziyyət çəkən yeganə ölkə olaraq, nüvə silahından istifadə təhlükəsini tamamilə qəbuledilməz hesab edir.
Cümə axşamı Rusiya müdafiə naziri Sergey Şoyqu və Belarusun hərbi naziri Viktor Xrenin Minskdə Rusiya nüvə silahlarının Belarus ərazisindəki xüsusi anbarda saxlanması qaydasını müəyyən edən sənədləri imzalayıblar.
Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Rusiyadan qeyri-strateji nüvə silahlarının artıq respublika ərazisinə daşınmasına başlanılıb.
Rusiya prezidenti Vladimir Putin martın 25-də bildirib ki, Kremil Minskin xahişi ilə, ABŞ-ın öz müttəfiqlərinin ərazisində çoxdan etdiyi kimi, öz taktiki nüvə silahlarını Belarus respublikası ərazisinə yerləşdirəcək. Rusiya dövlət başçısının verdiyi məlumata görə, iyulun 1-də Belarus ərazisində taktiki nüvə silahları üçün anbarın tikintisinin başa çatdırılması planlaşdırılır. Moskva artıq Minskə nüvə silahının daşıyıcısı ola biləcək “İsgəndər” raket kompleksini təhvil verib və Belarus təyyarələrinin xüsusi sursatlardan istifadə edə bilməsi üçün yenidən təchiz edilməsinə yardım edib.
Qadir, Bizimyol.info