Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrailin casus proqramı Qarabağ müharibəsində Ermənistanın ictimai adamlarını izləyib
İsrailin casus proqramı Qarabağ müharibəsində Ermənistanın ictimai adamlarını izləyib

Ermənistanın azı 12 jurnalisti və hüquq müdafiəçisi casus proqramının qurbanı olub. İsrailin məşhur “Pegasus”u Qarabağ müharibəsində onları hədəf seçib. “Access Now” beynəlxalq qeyri-kommersiya təşkilatı, Ermənistanın CyberHUB-AM İT qrupu, Toronto Universitetinin “Citizen Lab” tədqiqat mərkəzi, “Amnesty International” hüquq müdafiə təşkilatının təhlükəsizlik laboratoriyası və müstəqil mobil təhlükəsizlik təşkilatının birgə araşdırmasında belə deyilir.

Bizimyol.info xəbər verir ki, cihazların “sındırılması” 2020-ci ilin oktyabrından 2022-ci ilin dekabrına qədər həyata keçirilib. “Access Now” hakerlərin bu zaman kəsiyini təsadüfi seçmədiyini düşünür. Ermənistanlı ictimai fəallar məhz müharibənin ilk günlərindən izlənməyə başlanılıb.

Zərərçəkənlərdən 7-si bu haqda açıq danışır: Anna Nağdalyan – Ermənistan Xarizi İşlər Nazirliyinin keçmiş mətbuat katibidir. İndi qeyri-hökimət təşkilatlarından birində işləyir. Qurumun adını özü açıqlamaq istəmir.

Karlen Aslanyan - “Azadlıq Radiosu”nun Ermənistan xidmətinin əməkdaşıdır. Astxik Bedevyan - “Azadlıq Radiosu”nun Ermənistan xidmətinin əməkdaşıdır. Ruben Məlikyan – “Haqq yolu” qeyri-hökumət təşkilatının hüquq müdafiəçisidir.

Varujan Geqamyan – türkoloq siyasətçi, Yerevan Dövlət Universitetinin professorudur. Samvel Fərmanyan – “ArmNews” telekanalının təsisçisidir. Kanal 2022-ci ilin fevralında bağlanıb. Kristinne Qriqoryan – Ermənistanın insan haqları üzrə səlahiyyətli nümayəndəsi olub. İlin əvvəlində istefa verib.

“Pegasus” əsasən “Apple” cihazlarındakı boşluqlardan istifadə edərək məqsədinə nail olub. Hələ neçə-neçə ictimai fəalın adı açıqlanmır. Onların arasında hətta BMT nümayəndəsi də var.

Ermənistan İctimai Televiziyasının əməkdaşı Vitali Qriqoryanın da “iPhone” telefonuna müdaxilə edildiyi bildirilir. Jurnalist özü hələ araşdırma getdiyini deyir.

Apple 2021-ci ildə “Pegasus” casus proqramından istifadə edilərək cihazların “sındırılmasına” imkan verən boşluğu aradan qaldırdığını açıqlamışdı. Virus cihazlara “iMessage” vasitəsilə daxil olub və işləmək üçün istifadəçidən heç bir hərəkət tələb etməyib. Korporasiya “Pegasus”un fəaliyyətini həyata keçirən İsrailin “NSO Group” şirkətini məhkəməyə verib. “Apple” şirkəti casusluq məqsədi ilə proqram təminatından istifadədə ittiham edib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »