Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bank kartlarının çox olması nəyin göstəricisidir?
Bank kartlarının çox olması nəyin göstəricisidir?

Ölkədə dövriyyədə olan ödəniş kartlarının sayı 14 milyon 465 minə çatıb. Aprel ayında nağdsız əməliyyatların həcmi illik 90 faiz artmış və aylıq 3.2 milyarda çatıb.

Kartların çox olması nəyin göstəricisidir?

İqtisadçı Pünhan Musayev Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, bu tendensiya təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur. Məsələn statistikaya görə, ABŞ-da bu gün dövriyyədə 1 milyarddan çox kredit kartı, əhalinin sayı qədər debet kartı var. Türkiyədə toplam kart sayı əhalinin sayını 4 dəfə üstələdiyini qeyd edən iqtisadçı bildirib ki, çağdaş dünyada kartlardan istifadənin bu qədər populyar olmasının əsas motivləri nağd pula xas olan daşınma, saxlanma, sıradan çıxma, qalıq tələb olunma və s. kimi neqtiv xüsusiyyətlərdir ki, kartdan istifadə zamanı onların təsiri ən pis halda minimuma düşür.

Pünhan Musayev Pünhan Musayev

“Yeri gəlmişkən, dünya uzun müddətdir ödəniş və əməliyyatlarda kart sistemindən istifadə etsə də kütləviləşmə prosesi pandemiyadan sonraya təsadüf etdi. Çünki Covid-19 insanların davranış və vərdişləri kimi ödəmə üsullarını da deformasiyaya uğratdı. Virus cəmiyyətdə təkcə təmassız ünsiyyəti deyil, təmassız ödənişləri də labüdə çevirdi. Bu həm də nağd pulun doğurduğu sağlamlıq risklərinə qarşı da atılan addım idi”-deyən Pünhan Musayev hesab edir ki, həmin dövrdə dünyada cərayan edən axınların ölkəmizə sirayət etməməsi mümkünsüz idi. Əlavə olaraq, prosesə pandemiyadan öncə rəqəmsal ödənişlərin genişləndirilməsilə əlaqədar qəbul edilən Dövlət Proqramı üzrə həyata keçirilən tədbirlər də təsir göstərir. Proqramdan irəli gələn məsələlərin həlli nağdsız ödəniş mühitinin genişləndirilməsi, innovativ texnologiyanın tətbiqi, habelə vətəndaşların bu istiqamətdə maarifləndirilməsini təşviq etməklə, nağdsız ekosistem üçün şərait formalaşdırdı. Onun sözlərinə görə, proqramın icrasına başlanandan indiyədək ölkədə olan bankomatların sayı 20 faiz, pos-terminalların sayı 19 faiz çoxalıb, milli ödəniş sistemləri üzrə əməliyyatların (AZIPS, XÖHKS, AÖS) sayı əhəmiyyətli səviyyədə artmışdır. Bununla belə, rəqəmsal infrastrukturun böyük bir hissəsi paytaxtda (bankomatların 50, pos-terminalların 70%-i) cəmlənmişdir ki, bu da region baxımından ciddi sıxıntılar doğurur.

"Yeri gəlmişkən, kartlar üzrə də bu cür təsnifat aparılsa nəticələri maraqlı olardı. Düzdü, rəqəmlər nəyisə dəyişməz, amma əhalinin ərazi bölgüsü üzrə mənzərəni təsvir etməyə yardımçı olar"- deyən iqtisadçı bildirib ki, ödəniş kartlarının sayının artmasına, bizə məlum olan məqamlar ondan ibarətdir ki, artıma debet kartları 16.1 faiz, kredit kartları isə 27.2 faiz töhfə verib. Ancaq, səbəblər bəlli deyil. Rəqəmsal tendensiyadan da asılı ola bilər, yüksək infilyasiyadan da. İstənilən halda, 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasına əsasən, milli ödəniş sistemlərində kart ödənişlərilə aparılan əməliyyatların həcmi və payının gələcək dövrdə də artırılması mümkündür.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »