Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya XİN-dən Azərbaycan-Ermənistan razılaşması barədə açıqlama
Rusiya XİN-dən Azərbaycan-Ermənistan razılaşması barədə açıqlama

“Bakı və İrəvan arasında sülh müqaviləsi uzunmüddətli, davamlı həll yollarına əsaslanmalıdır”.

Bizimyol.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA Novosti agentliyinə müsahibəsində bildirib.

O, tərəflər arasında sülh müqaviləsinin hazırlanması ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, “bu məsələlərin həddindən artıq həssaslığını nəzərə alaraq, danışıqlar prosesinin gedişatına mane olmamaq üçün onun gedişini şərh edə bilmərik”.

"Bakı və İrəvan nəyin onların fundamental maraqlarına cavab verdiyini və xalqları üçün sabit və etibarlı sülhü necə təmin etmək niyyətində olduqlarını özləri qərar verirlər",- deyə Rusiya xarici işlər nazirinin müavini əlavə edib.

O xatırladıb ki, “Rusiya Azərbaycan və Ermənistan arasında sülh prosesini hər cür dəstəkləyir”. 31 oktyabr 2022-ci il tarixli Soçi sammitindən sonra liderlərin üçtərəfli bəyanatı regionda davamlı və uzunmüddətli sülhə nail olmaq üçün sülh müqaviləsinə fəal hazırlaşmağın vacibliyini vurğulayır.

Qaluzin əmindir ki, bu birgə işə 2020-ci ilin noyabrından Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən razılaşdırılmış üçtərəfli sazişlər toplusunun həyata keçirilməsi kontekstində baxılmalıdır.

"Onlar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin əsasını təşkil edir və Bakı ilə İrəvanın barışması üçün yol xəritəsini formalaşdırır. Bura nəqliyyat və iqtisadi əlaqələrin blokunun açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və vətəndaş cəmiyyəti vasitəsilə təmasların inkişafı istiqamətində addımlar daxildir",- deyə o, bildirib.

Sülh müqaviləsinin mövzusuna qayıdaraq Qaluzin bildirib ki, Rusiya tərəfi “ümumi dil tapmağa, onlara uyğun gələn razılaşmalara və güzəştlərə getməyə” kömək edir.

Məlumat üçün bildirək ki, bu gün Rusiya prezidenti Vladimir Putin Azərbaycan və Ermənistandan olan həmkarları İlham Əliyev və Nikol Paşinyanla iki ikitərəfli görüş keçirəcək, daha sonra üçtərəfli görüş gözlənilir.

Onu da əlavə edib ki, mayın 24-də Paşinyan bəyan edib ki, Ermənistan və Azərbaycan sovet inzibati sərhədləri daxilində bir-birinin ərazi bütövlüyünü tanıyacaq. Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında bildirib ki, İrəvanın tanımağa hazır olduğu Azərbaycan ərazisinin 86,6 min kvadrat kilometrinə Qarabağ ərazisi də daxildir.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »