Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada məscidin qarşısında “Quran”ı yandıran şəxs həbs olunub
Rusiyada məscidin qarşısında “Quran”ı yandıran şəxs həbs olunub

Volqoqradın Mərkəzi Məhkəməsi 19 yaşlı yerli sakin Nikita Juraveli dindarların hisslərini təhqir etmə (Cinayət Məcəlləsinin 148-ci maddəsinin 2-ci hissəsi) cinayət işi üzrə iki ay müddətinə həbs edib. O, məscidin qarşısında “Quran”ı açıq şəkildə yandırmaqda təqsirli bilinir.

Bizimyol.info xəbər verir ki, cinayət işinə səbəb Volqoqradın Povorinskaya küçəsindəki Katedral məscidinin ərazisində çəkilmiş videonun Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan saytlardan birində yayılması olub.

İstintaqın məlumatına görə, dindirmə zamanı Juravel 10 min rubl (təxminən 125 dollar) mükafat müqabilində Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə Quranı yandırdığını və daha sonra videonu qonşu ölkəyə təhvil verdiyini bildirib. O, hərbi obyektlərin çəkilişlərini həyata keçirdiyini də deyib. Rusiya mediası burada ABŞ kəşfiyyat xidmətlərinin izi olduğunu yazır.

Juravel Sevastopolda doğulub, bir neçə ildir Volqoqradda yaşayır. Volqoqrad Dövlət Sosial və Pedaqoji Universitetində oxuyur, ərzaq təminatçısı işləyir. “Quran”ın yandırılmasını əks etdirən video əvvəlcə “Telegram” kanallarından birində yayımlanıb. Söhbət müəllif olduğu iddia edilən şəxsin əli və məscidin fonunda yanan “Quran”ın göründüyü 11 saniyəlik videodan gedir.

Juravel məhkəmədə əməldən peşman olduğunu dilə gətirib: “Bütün müsəlmanlardan həqiqətən üzr istəyirəm. Çox pis hərəkətə yol vermişəm. Dünya müsəlmanlarının qarşısında çox utanıram. Maddi mənfəət naminə belə hərəkət etmişəm. Nə etdiyimi başa düşməmişəm”.

İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin şəxsi göstərişi ilə Nikita Juravelin işi əlavə araşdırma üçün İstintaq Komitəsinin Çeçenistan üzrə şöbəsinə verilib. Komitənin yaydığı press-relizdə “Ərazi yurisdiksiyasının dəyişdirilməsi ilə bağlı qərarın verilməsinə səbəb bir sıra məsələlər, xüsusən də Çeçenistan Respublikasının sakinlərinin onların qurban kimi tanınması xahişi ilə çoxsaylı müraciətləri olub” ifadəsini oxumaq mümkündür.

Çeçenistanın milli siyasət naziri Əhməd Dudayev bildirib ki, Juravelin məhkəməsi də respublikada baş tutacaq: “Burada mühakimə olunacaq, cəzasını burada çəkəcək. Çünki o, müsəlman dindarların hisslərinə toxunub. Bizdə qanun çərçivəsində cəzasını tapacağını düşünürəm”.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »