"Bəzən qanunları hörümçək toruna bənzədirəm: zəiflər o tora ilişir, güclülər isə onu dəlib keçir" - Onore de Balzak (fransız yazıçısı)
Önsöz: Əmək Nazirliyi yanında Respublika Əlillərin Bərpa Mərkəzininin Bakıdakı ünvanını "google map" vasitəsilə axtardığınız zaman, qarşınıza xəritə çıxır, həmin xəritənin rəy bölməsində Bərpa Mərkəzi haqqında bir-birindən "əlvan" şərhlərə rast gəlirsiniz. Mən deyərdim, ölkənin bir nömrəli problemli, başdan ayağa qüsurlu və təzadlı qurumu olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini (ya da qısaca Əmək Nazirliyi) sözün bütün mənalarında hələ bu cür tanıdan ikinci bir daxili quruma rast gəlməmişdim. Allah xalqımızı özlərinin bərpaya ehtiyacı olan Əmək Nazirliyi və onun bu, adı hallanan "əlil" qurumundan qorusun.
Saatlı rayon sakini, bronxial-astma xəstəliyindən əziyyət çəkən Sarvan Sarxanov və onun atası redaksiyamıza müraciət edərək, bildirib ki, Sarvan uzun müddətdir adıçəkilən xəstəlikdən əziyyət çəkdiyi üçün rayon xəstəxanasında, daha sonra isə Ağciyər İnstitutunda müalicə görüb, xəstəliyi ilə əlaqədar həkimlər rəy veriblər. Lakin onlar bu rəylə ƏƏSMN yanında Respublika Əlillərin Bərpa Mərkəzinə müraciət etsələr də, heç bir nəticəyə vara bilmirlər - Bərpa Mərkəzi nə xəstənin xəstəliyini təsdiq edir, əlillik sənədini verir, nə də "sən sağlamsan" deyir. Beləcə ötən ildən bəri xəstə və atası rayon-Bakı arasında get-gələ düşüb, süründürməçiliyə məruz qalıblar. Problemlə əyani tanış olmaq üçün vətəndaşla birgə adıçəkilən Bərpa Mərkəzinə getdik. Səhər saatları burada o qədər çox adam olur ki, inzibati binanın qapısı görsənmir. Nəhayət, sıramız gəldi və biz binaya daxil olduq. Sarvan Sarxanovu qəbul edən xanım həkim həmişəki kimi yenə konkret bir fikir bildirmir, xəstə isə dil tökərək, əlindəki kağızları həkimə göstərirdi.
Daha sonra isə bizə qanunvericilikdən leksiya oxuyaraq, vətəndaşın F88 sənədinin altsistemdə olmadığını, bunun üçün də heç nə edə bilməyəcəyini bildirdi. Hansı ki, bu sənəd dəfələrlə xəstə tərəfindən altsistemə vurulsa da, Bərpa Mərkəzi bunu görməzdən gəlmişdi. Nəticədə isə bu sənəd öz keçərlilik müddətini (6 ay) bitirdiyindən keçərsiz hesab edilirdi. Xəstəxanalar xəstəyə "sən xəstəsən" deyib, üzərində həkim rəyi əks olunmuş sənəd verirlər, həmin sənədlər tibbi komissiyadan keçir, qurumun altsisteminə yüklənir, nə olursa, bax, elə ondan sonra olur. Nazirlik prosesi bilərəkdən süründürür, zaman ötür və sonra yenidən eyni müayinələri və stasionarları xəstəyə təkrar etdirir.
Problemlə əlaqədar Əmək Nazirliyinin Mətbuat Xidməti rəhbəri Fazil Talıbovla əlaqə saxladıq. O, bizi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə Əlaqələr və Daxili Kommunikasiya Şöbəsinin müdiri Tural Qurbanova yönəltdi.
Bəlkə də şikayətçiyə inanmazdıq, amma elə bizim özümüzə də eynisini dedilər, yəni sənədlərin vaxtı ötüb və xəstə yenidən əvvəl keçdiyi müayinələrdən təkrar keçib müalicələr almalıdır. Şöbə müdiri bildirdi ki, xəstənin F88 sənədi altsistemdə əks olunmadığına görə, onu qiymətləndirə bilmirlər. Gərək, xəstə yenidən əvvəl keçdiyi müayinələrdən keçə, müalicələr ala, tibbi komissiyanın rəyi ilə təsdiqlənə, ondan sonra verilən F88 altsistemə yüklənə və bu məsələyə baxıla. Bu prosedurun neçə dəfə təkrarlandığını artıq xəstə də xatırlamır...
Şöbə müdiri onu da bildirdi ki, tibbi komissiyanın rəyi və digər məsələlər barədə yaxşı olar ki, vətəndaş TƏBİB-ə müraciət etsin. Ancaq anlaşılmayan odur ki, burada TƏBİB-lik nə var? TƏBİB-in nəzdində olan bütün tibbi müəsisələr xəstənin xəstəliyini təsdiqləyib və rəy veriblər. Həmin rəyi qəbul etməyən, nala-mıxa vurub, min bir bəhanə ilə vətəndaşı yola verən, süründürməçiliyə salan elə məhz Bərpa Mərkəzinin özüdür. Daha sonra şöbə müdiri Tural Qurbanov da eynilə Bərpa Mərkəzindəki əməkdaşları kimi qanunvericiliyin üstünlüyündən, qanunları heç kimin poza bilməməsindən ağızdolusu danışaraq, yaranmış narazılıqla və süründürməçiliklə bağlı vətəndaşı məhkəməyə yönəltdi: "Narazısınızsa, məhkəməyə müraciət edin". Ancaq Tural Qurbanova xüsusi təşəkkür də düşür, digər həmkarlarından fərqli olaraq, ən azından, "gedin, kimə şikayət edirsiniz, edin" demədi.
Şöbə müdirinin, Bərpa Mərkəzindəki həkimin vətəndaşa qayda-qanundan mühazirə oxuması, mənə ingilis filosofu Frensis Bekonun bu ifadəsini xatırlatdı: "İşgəncələrin ən dəhşətlisi "qanun" adı ilə edilən işgəncədir".
P.S. Yolunuz bir gün Əlillərin Bərpa Mərkəzindən düşəsi olsa, öncədən "google map"dəki "al-əlvan" rəylərlə tanış olub, qurum barədə məlumatlı olmağa çalışın ki, daha sonra sürprizlə qarşılaşmayasınız.
P.S. Respublika Əlillərin Bərpa Mərkəzi ilə əlaqədar oxşar problemləri yaşayan vətəndaşların müraciətlərini də dinləməyə hazırıq.
Mətin Şükürlü, Bizimyol info