Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid analarından “Nərmin işi”nə görə Prezidentə və Vitse-Prezidentə müraciət: “Günahsızın ahının yerdə qalmasına imkan verməyin...”
Şəhid analarından “Nərmin işi”nə görə Prezidentə və Vitse-Prezidentə müraciət: “Günahsızın ahının yerdə qalmasına imkan verməyin...”

Tovuz rayonunun Dondar Quşçu kəndinin sakinləri Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevaya müraciət edərək, 3 il yarım öncə bu kənddə 11 yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 47 gün sonra yandırılmış meyitin tapılmasıyla bağlı cinayət işi üzrə obyektiv, ədatətli qərar verilməsi üçün yardım istəyiblər. Onlar hesab edir ki, bu cinayət işi düzgün araşdırılmayıb, uşağın qanı batırılıb, İlkin Süleymanov isə cinayətin üstünün açılması görüntüsü yaratmaq üçün qurban verilib.

Bizimyol.into xəbər verir ki, Prezident və Birinci Vitse-Prezidentdən yardım istəyənlər arasında övladları 2020-ci ildə 44 günlük Vətən Müharibəsində şəhid olanlar da var.

Dondar Quşçu kəndindən olan şəhid Ruslan Quliyevin anası Səxavət Quliyeva deyir ki, həm dövlət başçısından, həm də Mehriban Əliyevadan bu cinayətin başında dayananların cəzalandırılmasına göstəriş vermələrini xahiş edir:

“Bir şəhid anası olaraq, xahiş edirəm, bu iki günahsızın ahının yerdə qalmasına imkan verməsinlər. Günahsızın biri Nərmindir, o biri də İlkin. O, çox abır-həyalı adamdır. Vətən müharibəsində qeyrətli oğullarımız prezidentimizin arxasında dayanıb, onun səsinə səs verdilər. İndi də onun bizim kəndin sakinlərinin arxasında dayanıb, bizim səsimizə səs verməsini xahiş edirəm. Göstəriş versinlər, bu işin başında dayananlar öz cəzalarına çatsınlar...”

Dondar Quşçu kəndinin başqa bir şəhidi Əmrahın anası anası Zahidə Əliyeva da İlkin Süleymanovun təqsirsiz olduğunu düşünür. Onun sözlərinə görə, əks halda, bu qədər kənd sakini onun müdafiəsinə qalxmazdı:

“Mən də şəhid anası olaraq, xahiş edirəm, bu işin şəffaf, ədalətli araşdırılmasına göstəriş verilsin. Günahsız insanın nahaqdan cəzalandırılmasına imkan verilməsin”.

2009-cu il təvəllüdlü Nərmin Quliyevanı 2019-cu il noyabrın 21-də atası əmisigilə gödəkçə arxasınca göndərib. Əmisi uşaqlarının dediyinə görə, o, gödəkçəni götürüb çıxıb, ondan sonra Nərmini görən olmayıb. Bir də 2020-ci il yanvarın 6-da kənddə İlkin Süleymanovgilin evinin qarşısında yandırılmış meyit tapılıb.

Bu hadisədən bir müddət əvvəl Nərmin Quliyevanın ana nənəsi Minayə İsmayılova telekanallardan birindəki axtarış proramına çıxıb, nəvəsinin itkin düşməsinə görə uşağın əmisi, valideynlərini ittiham edib. Bundan sonra sosial şəbəkələrdə uşağın itkin düşməsiylə bağlı müzakirələr gedib. Prezident bu işi nəzarətə götürüb, hüquq-mühafizə orqanlarına cinayətin üstünün qısa müddətdə açılmasıyla bağlı göstəriş verilib.

Kənd sakinləri hesab edir ki, cinayətin üstünün açılması görüntüsü yaratmaq üçün də İlkin süleymanovu qurban seçiblər. Onlar iddia edir ki, məhz bu səbəbdən meyiti gətirib onların evinin qarşısına atıblar.

İki ildir Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə keçirilən məhkəmə prosesi yekunlaşmaq üzrədir. Artıq prokuror çıxış edərək, İlkin Süleymanova 20 il azadlıqdan məhrumetmə cəzası istəyib. Mayın 24-də məhkəmədə İlkin Süleymanovun vəkilləri müdafiə nitqilə çıxış edəcək.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »