Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Güney Azərbaycan uğrunda mübarizə aparan milli fəallarımız sui-qəsddən sığortalanmayıb"
"Güney Azərbaycan uğrunda mübarizə aparan milli fəallarımız sui-qəsddən sığortalanmayıb"

“Əhməd Obalı uzun illərdir ki, Güney Azərbaycan davasını aparan adamlardan biridir. Bu günə qədər onun barəsində başqa rəy, ictimai xarakter daşıyan hansısa bir problem ortaya çıxmayıb, hansısa bir anlaşılmazlıq olmayıb. Obalının əsas fəaliyyəti Güney Azərbaycan davasıyla bağlı olub. Bu səbəbdən də, onun başına hər hansı bir hadisə gəlirsə, təbii ki, öncə bu istiqamətdən izah etmək lazım gəlir”.

Bu barədə Bizimyol.info xəbər portalına Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev danışıb. Musayevin fikrincə, baş verən hadisənin Əhməd Obalıya qarşı bir terror cəhdi olduğu açıq-aşkar görünür. Obalının sağlamlığına ağır xəsarət yetirilib.

"Böyük Azərbaycan" Partiyasının sədri, politoloq Elşad Musayev "Böyük Azərbaycan" Partiyasının sədri, politoloq Elşad Musayev

“Bu hadisə ilə bağlı müxtəlif versiyalar var. Bu versiyalar içərisində ən məntiqli versiya, daha çox insanın inandığı versiya fəaliyyəti ilə bağlıdır. Bu təxribatın, bu sui-qəsdin İran tərəfdən olacağı daha çox ehtimal olunur. Çünki hamıya məlumdur ki, bu kimi üsullar İran hakimiyyətinə, İran dövlətinə yad deyil. Bunlar dünyanın müxtəlif ölkələrində bu cür üsullarla mübarizə aparırlar. Onlarda sivil mübarizə yoxdur. Kobud üsullar, “verbovka” üsulları... Agentura şəbəkəsi qursunlar, sui-qəsd etsinlər, öldürsünlər, assınlar, kəssinlər. Və bu əməllərinə də din pərdəsi çəkməyə çalışırlar”-deyə Elşad Musayev qeyd edib.

Partiya sədri hesab edir ki, Amerika höküməti bu hadisəni törədənləri, onun sifarişçilərini üzə çıxaracaq və onlar sərt cəzalandırılacaqlar. Musayevin fikrincə, belə hadiəsələr bundan sonra da olacaq.

“Güney Azərbaycan davası getdikcə qızışır, İranda ciddi bir proseslər gedir. Bu səbəbdən də, milli dava aparan heç bir kəs belə hücumlardan sığortalı deyil və buna da biz hamımız hazır olmalıyıq”-deyə politoloq əlavə edib.

Xatırladaq ki, bir neçə gün öncə ABŞ-da Güney Azərbaycanlı fəal, GünazTV-nin təsisçisi Əhməd Obalı bir qrup şəxs tərəfindən hücuma məruz qalıb. Vəhşicəsinə döyülüb. Obalının həyatı təhlükəsi olmasa da, barmaqları və qolları sındırılıb. ABŞ polisi həmin hücum edən şəxsləri saxlayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »