Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu hücum təkcə Azərbaycana deyil, həm də Güney Azərbaycanlı mühacirlərə mesajdır"
"Bu hücum təkcə Azərbaycana deyil, həm də Güney Azərbaycanlı mühacirlərə mesajdır"

Ötən gün ABŞ-da Cənubi Azərbaycanlı mühacir Əhməd Obalı və oğlu bir qrup tərəfindən hücuma mərzu qalaraq, vəhşicəsinə döyülüb. Əhməd Obalının həyati təhlükəsi olmasa da, ona qarşı edilən bu hücum terror adlandırılmalıdır. Bu hücum həm də Azərbaycana bir mesaj kimi dəyərləndirilməlidir.

Qeyd edək ki, Əhməd Obalı İran rejiminə qarşı mübarizə aparan GünAz TV-nin rəhbəridir. O bir müddət əvvəl Azərbaycana gəlmiş, Xudafərin körüpüsü yaxınlığında fotolar çəkdirmiş, eyni zamanda İran terrorçu qüvvələrinin hücumuna məruz qalmış deputat Fazil Mustafa ilə də görüşmüşdü. Geri qayıtdıqdan bir gün sonra isə, Obalıya hücum edilir…

“Bu hücum təkcə Azərbaycana deyil, həm də Güney Azərbaycanlı mühacirlərə mesajdır. Mənim fikrimcə, bu sui-qəsd hadisəsi İranın bir mesajıdır. İran Xüsusi Kəşfiyyat orqanlarının bir mesajıdır ki, “əlimiz uzundur, sizi hər yerə taparıq. Bu, sadəcə bir xəbərdarlıqdır. Sabah taleyiniz daha faciəvi şəkildə nəticələnə bilər”… Mən bunu ciddi bir hadisə hesab edirəm”…

Bu barədə Bizimyol.info xəbər portalına “Ağ Partiya” başqan müavini Əhəd Məmmədli danışıb.

Əhəd Məmmədli Əhəd Məmmədli

Politoloq qeyd edib ki, bu məsələdə mühacirlərin hansı ölkədə yaşamasından asılı olmayaraq, istər Avropa ölkələri olsun, istər Şimali Amerika qitəsi olsun, Kanada olsun, fərq etməz, mühacirlər həmin ölkələrin Xüsusi Xidmət Orqanlarına müraciət etməli və onların mühafizəsi, müdafiəsi təşkil edilməlidir.

“Azərbaycan da, Türkiyə də bu məsələdə diqqətli olmalıdır. Bu məsələni biz özümüz üçün prioritet məsələ hesab etməli və özümüz, öz soydaşlarımızı qorumağı bacarmalıyıq”-deyə Əhəd Məmmədli qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »