Türkiyənin Qaziantep bölgəsində hava məkanında naməlum obyektin olduğu bildirildikdən sonra gecə yarısından etibarən Qaziantep Hava Limanında dayandırılan uçuşlar təxminən 12 saat sonra normala qayıdıb.
Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlumata görə, Qaziantepdə saat 00:30 radələrində baş verən hadisəyə görə, təxminən 9000 fut (2743 metr) yüksəklikdə hərəkət edən iki sərnişin təyyarəsinin kokpit heyəti tərəfindən naməlum obyekt aşkar edilib. Pilotlar vəziyyəti Qaziantep Hava Xətti İdarəetmə Qülləsinə çatdırıblar. Naməlum obyektin hava dispetçerləri tərəfindən də təsdiqləndiyi bəlli olub.
Hadisədən sonra Qaziantep hava limanında uçuşlar dayandırılıb. Qaziantepə eniş etməyi planlaşdıran bəzi təyyarələr Şanlıurfa və Adana hava limanlarına yönləndirilib. Gecədən etibarən Qaziantep Hava Limanından 13-ü uçuş, 13-ü eniş olmaqla 26 reys təxirə salınıb.
Qaziantep Hava Limanı Dövlət Hava Limanları İdarəsindən (DHLİ) alınan məlumata görə, NOTAM-ın dərc edilmədiyi və yaxın saatlarda mövzu ilə bağlı rəsmi açıqlamanın ediləcəyi öyrənilib.
Saat 11.30 radələrində Qaziantepdən uçuşlar bərpa edilib. Türk Hava Yollarının İstanbul Hava Limanı və Ankara Esenboğa Hava Limanından həyata keçirəcəyi reyslərə hazırlıq işləri tamamlanıb. Təyyarələrin qısa müddətdə Qaziantepə yola düşməsi planlaşdırılır.
Qeyd edək ki, NOTAM (Notice to airman) hər hansı bir araşdırma, xidmət, metod və ya təhlükə, həmçinin hər hansı dəyişiklik barədə zabitləri vaxtında məlumatlandırmaq üçün xəbərdarlıq nəşridir.
Qadir, Bizimyol.info