Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qardaş demokratiyanın dərsləri
Qardaş demokratiyanın dərsləri

Düzünü deyim ki, bu "bir millət-iki dövlət" deyimi şəxsən məni yorub. Tək ona görə yox ki, yeri gəldi-gəlmədi, hər kəs hər yerdə bu sözü deyir (özü də əsl müəllifə istinad etmədən - istinad etdiyiniz kəsin leksikonunda "millət" ifadəsi varmı deyə baxmaq gərək).

Necə ki Qarabağda qələbələr qazanılana qədər hətta az qala repçi də dövlət konsertlərində "Qarabağ şikəstəsi" oxuyurdu.

Yaxud: "Şuşanın dağları, başı dumanlı..."

Şuşaya, sadəcə, xəritədə baxa bilirdi, di gəl...

Nə isə.

İndi də qalmışıq bu "bir millət-iki dövlət" deyiminə. Gerçəkdən əldən salır. Biz bir millətin iki dövlətiyik, bəli, amma iki fərqli dövlətiksə?!

Belə örnəklər daim var idi və var da. İstər tarixin dərinliklərinə baş vur, istər çağdaş Dünyaya göz gəzdir - çox yerdə görəcəksən. Bax, elə "ərəb" adlı bir millətin nəinki iki, hətta az qala iyirmi iki dövləti var. Hərəsi də bir cür "xoşbəxt". Bunun özü də başqa kontrastdır.

Eyni yarımadanın sahibi olan Koreya xalqının yarısı öz coğrafiyasına qapanıb, qəddar diktatorunun qədəmlərinə sərilmiş və yerlərdə sürünür, o biri yarısı da öz coğrafiyasından Dünyaya açılmış, sivil Dünyada özünə xas yerini tapmış və başını dik tutub azad gəzir.

Anlayacağınız: məsələ, bir millətin neçə dövlət deyil, necə dövlət qurmağındadır.

Cek Londonun yazdığı o məşhur "Əcdadların harayı" romanında da olduğu kimi, qurdun bir gözü həmişə meşədəymiş. İnsan daim daxili azadlığının inikasını özünün xaricində axtarır. Bu, insan ruhunun olayıdır. Məşhur fransız filosofu Emmanuel Munyenin "Personalizmin manifesti" əsərindən oxumuşam: "...ruh bioloji refleks deyil, ...bizə hakim olan, bizə üstün gələn və bizi öz hüdudlarımızdan kənara çıxaran reallıqdır".

Biz keçən yüz ildə iki dəfə müstəqil dövlət (həm də respublika) qura bildik. O taylı-bu taylı məmləkətimizdə, bax, gör, neçə dəfə inqilab eləmişik. Bunları tarixin hansı tarixlərində, hansı ruh halımızda etmişik?! O zaman ki biz öz hüdudlarımızı aşmışıq. Bəlkə hər kəs (ya da çoxumuz)  ömründə heç olmasa bircə dəfə öz ikinci nəfəsini, öz təhtəlgücünü yaşayıb; elə bir təhlükə qarşısında qalıb ki, ya qaçıb canını qurtarmaq üçün ikinci nəfəsi açılıb, ya da, əksinə, qalıb vuruşsun deyə hardansa ona özününkündən qat-qat böyük ikinci güc verilib.

Bunun izahını elm verib, ya din verib - kim verib, bilmirəm. İndiyədək oxuduqlarım məni hələlik oralara - o nöqtələrə aparıb çatdırmayıbsa, demək, hələ heç nə oxumamışam!

Düşününcə, belə fikrə gəlirsən: bədənin tələbatı qaçıb qurtulmağaymış (ki, ikinci nəfəsini almısan). Döyüşmək istəmisənsə, sənə öz gücündən dəfələrlə üstün ikinci güc verən isə sənin öz ruhundur.

Öləri tənin, necə olursa-olsun, sağ qalmağın hayındaydı, çünki o, zərər görə biləcək fiziki varlığın bədən ölçüsüdür. Ruhun isə fiziki ölçüləri yoxdur, heç bir güllə, mərmi onu yaralamaz, öldürməz. Bu üzdən şəhidlər müqəddəsdir, çünki ölümsüz ruhlardır. İnsan öz hüdudlarını aşanda, bədənini unudacaq qədər bir ruha dönəndə şəhid ola bilər, qəhrəman ola bilər. Qazi olar. Şeyx Şamilin dediyi kimi, sonunu düşünməz.

Axı ruhun nə əvvəli var, nə sonu. Onun harda başlayıb hardasa bitdiyi bir məkanı, zamanı yoxdur. Ruh bizim bildiyimiz ölçüləri bilməz. İnsanın doğulması, yaşaması, ölümü - bunlar hamısı bildiyimiz ölçülərdir. Ruhumuz isə doğulmaq ehtiyacı, yaşamaq qayğısı və ölüm qorxusu bilməz. Bizi gecələr "yuxuya verib" istədiyi kimi, istədiyi qədər gəzib dolaşar. Gecə bitəndə heç əvvəlki bədənə qayıtmadığı da olur və onda deyirlər: "Filankəs gecə yatdı, səhər ayılmadı". Və buna "xoşbəxt ölüm" deyirlər (sanki lap elə Kamyüsayağı). Səbəbi: ruh çıxıb gedərkən bədən əziyyət çəkmədi.

Elə insan var, ömrü boyu bədənin əmrlərinə qulluq edir, ruhunu bədəninə o qədər tabe tutub, öz bədənində elə "həbsə salır" ki, son günündə ruhunu asanlıqla təslim edə bilmir. Ruh bu günahkar qəfəsdən azad olmaqda çətinlik çəkir və bədənə olmazın əzablar verir.

Xatırlayın, Planetimizin poetik pikinə qalxa bilmiş Məhəmməd Füzuli nə demiş:

"Ruzi-hicrandır sevin, ey murği-ruhim kim, bu gün

Bu qəfəsdən mən səni, əlbəttə, azad eylərəm".

Yəni bədəndən ayrılıb getdiyi gün, əslində, ruhun bayramıdır...

Deyəsən, çox uzandı bu söhbət. Həm də çox mübahisəli sularda üzdük bir xeyli. Deməyim odur ki, bəli, biz bir millətin iki dövlətiyik, amma...

Amma son ayların olaylarına baxsaq, görəcəyik ki, deyəsən, bədənimiz bir dövlətin torpağında gəzərkən, ruhumuz o biri dövlətin göylərində dolaşır. Bu, daha əvvəl də dəfələrlə belə olub.

"Qarabağ-Qalatasaray" oyununda da gördük; öz ölkəsinin meydanına toplaşmış bədənlər qardaş ölkədən gəlmiş komandaya RUH verirdi.

Bəlkə də bu, millətin bir ölkəsində tapa bilmədiyini o biri ölkəsində axtarmağından irəli gəlir?!

Elədirsə, bu faktın, ya da bu hissin özü, bəli, Azərbaycanla Türkiyənin tək millətin iki dövləti olmağının etnopsixoloji "notarialdakı" təsdiqidir ki var! O üzdəndir,  öz ölkəsində indiyədək bir seçkidə belə səs verməyənin "başqa" ölkədəki səsverməyə fokuslanması, öz ölkəsində baş verənlərə səs çıxarmayanın, qardaş məmləkət üçün: "Diktator getsin, demokrat gəlsin..." deməsinin psixoloji kodları bir az əvvəlki analizdə "gizlənib-şifrələnib".

Hərçənd, diqqətlə baxsaq, qardaş ölkədə nə "getsin" dediyiniz adam bildiyiniz qədər diktatordur, nə "gəlsin" dediyiniz adam düşündüyünüz qədər demokratdır. "Distillə edilmiş" demokratiya dünyanın heç yerində yoxdur. Hər yerdə "demokratik" qüsurlar vardı, var, olacaq da. Söhbət xalqın hakimiyyətindən gedirsə, xalq - insanlar deməkdir. Bəşər isə həmişə olmasa da, hərdən çaşar. Və hər yerdə. Qardaş ölkənin seçkisində də qüsurlar olmuş və olacaq. Bundan sığorta yox! Əsas odur, ümumi nəticəyə təsir etməsin.

Ancaq məni şəxsən maraqlandıran millətimizin 85 milyonluq yarısının o seçkidəki RUH halıydı. Bax, bu, doğrudan da, deyildiyi kimi, hamı üçün örnəkdir. Kapitoli təpəsinə dırmanıb Konqres binasını yağmalayan siyasi affektli Amerikalıya da, ikidəbir Paris küçələrini atəşə verən narazı fransıza da, hər kəsə. Oğurlanmış səsinin dalınca düşmüş seçicini güllələyən ermənidən heç danışmıram da.

Əhalisinin tamamı çox fərqli təriqətlərə "səpələnmiş" müsəlman inanclılara Vətən olan, çox mürəkkəb etnomədəni mozaikaya coğrafiyalıq edən, çox qəliz, qarmaşıq geosiyasətin mərkəzinə, həm də hədəfinə çevrilmiş belə bir böyük ölkədə bu qədər çətin bir seçki keçirəsən, özü də dövlətin iki qolunu - iki hakimiyyət institutunu eyni vaxtda yenidən, özü də çoxpartiyalı-çoxspektrli əsasda daha yaxşı olası başqa bir şəkildə şəkilləndirməyə qalxasan və bu da başqalarının körüklədiyi, ya da ən azı istədiyi xaosa deyil, coşqulu bayram havasına köklənə, bax, bu cür sonuc, əlbəttə ki, azad və mədəni millət ruhunun olayıdır.

Bizim telekanallar da elə bu cür başlıqla verdi: "Qardaş ölkədən dünyaya demokratiya dərsi". Bəs görəsən biz də dərsimizi aldıqmı?! Millətimizin o biri yarısının əllərinə baxıb səs verməyi (elə səs almağı da) öyrənə bildikmi?! Ya da millətimizin o biri yarısının ayaqlarına baxıb futbol oynamağı öyrənsəydik, heç olmasa. Bilmədiklərimizi qardaşımızdan da öyrənməyib, kimdən öyrənəcəyik?!

Yox, heç məndəki ritorika tək bu da deyil. Soruşmaq istərəm: bəs deyirdiniz, diktatordur!

Yox, atam, öz seçiminə - taleyinə sahiblik edən belə bir millət hətta Tayyib Ərdoğan kimi xarizmaya da diktatorluq şansı verməzmiş və verməmiş də!

Adam bu gün seçkidən öz müxalif rəqibi ilə başabaş çıxırsa, ikinci tura qalırsa və nə birinci, nə ikinci turda qalibin kim olacağını heç kim bilə bilmirsə, deməli, bu, doğrudan da, demokratiyadır. Deyildiyi kimi, öyrənmək istəyənlərdən ötrü - dərsdən qaçmayanlar üçün demokratiya dərsidir. Nəticələri hətta faiz bölgüsünə qədər əvvəldən bəlli olan "seçki" deyil bu. Seçicinin ən azı 40-45 faizinin, öz təbirlərincə desək, sandıq başında qərar verdiyi bir seçkidir. Bu cür hal insanın, konkret halda seçib-seçilmək hüququ olan vətəndaşın bioloji refleksə qapılmadığı, öz hüdudlarını aşa bildiyi həmin o ruh halıdır.

Ölkəsindəki indiki sosial-iqtisadi şərtlərdə Türk seçicisi, sadəcə, bədəni ilə səs versəydi, hazırkı hakim partiya nəinki parlamentdə əzici üstünlük alardı, əksinə, barajın altında qalardı. Hazırkı prezident isə 49 faiz səslə ikinci tura keçmək yerinə, 4,9 faizlə cəzalandırılıb, yerlə bir edilər, yerin dibinə keçərdi. Demək, Türk xalqı olaya təkcə mədə niyyətli yanaşmır, özünün-ölkəsinin gələcəyinə daha geniş baxış baxmağın, daha miqyaslı düşünməyin siyasi mədəniyyətini yarada bilib. Yoxsa indiki prezident çoxdan dünəndə qalmışdı.

Adamın səsvermədən siyasi cəsəd kimi çıxacağını gözləyirdilər, amma parlament yarışından qalib, prezidentlik marafonundan favorit olaraq çıxdı. Həm də təkbaşına. Demək, gücü özündədir.

Əgər onun rəqibi bütün müxalif cırtdanları başına toplayıb özünə güc qazanmağa çalışırdısa, hazırkı prezident özündəki öz gücünü ortaya qoydu. Rəqib namizəd güclü saydığı fiqurlardan qurduğu komandanın gücünə möhtacdırsa, hazırkı prezident komandasına özü öz gücündən verirdi.

İyirmi illik iqtidarın özülündə elə bu faktor dayanırdı. Qardaş ölkənin siyasətində qeyri-səlis məntiq tam gücü ilə işlədi: elə hallar var, siyasi güclər birləşib zəifləyər, elə hallar var, ayrılıb güclənər. İki üstə gəl iki, siyasətdə heç də hər zaman dörd eləmir. Bir də görürsən, ən yaxşı halda üçə endi (örnəyi: "Millət" ittifaqı). Amma iki dəfə iki beşə də qalxa bilər. Misal: Sinan Oğan. Türk siyasəti indi ona kilid namizəd deyir. Əslində isə əksini deyərdim: yeni prezidentin kim olacağının açar sözüdür Sinan Oğan.

P.S. Bu arada Tayyib Ərdoğan kimi özündə güclü rəqiblə dabanqırma yarışa bilən müxalif iddiaçının - Kemal Kılıçdaroğlunun da haqqını ayrıca vermək lazımdır; yəni qardaş müxalifətdən də öyrənməli çox şey var. Təkcə düzlərindən deyil, həm də onu hələlik "düzdə" qoyan səhvlərindən.

Söhbət müxalifətin parlamenti uduzmağına, prezidentliyin ikinci turuna ikinci sırada qalmağına səbəb olan çox ciddi səhvlərdən gedir. Eləcə də iqtidarın düzlərindən, səhvlərindən  öyrənmək istəyənə də çox dərs var. Axı bir millətik. Bir millətin iki dövlətiyiksə, elə yenə əvvəlki kimi iki qalaq, o ayrı. Ancaq niyə iki ayrı cür qalaq?! Bir millətin iki eyni dövləti olsaq, "bir millət-iki dövlət" yorumu da bizi heç də yormaz. Necə ki, Şuşa azad olunandan sonra "Qarabağ şikəstəsi" də bizə daha şikəst kimi görünmür...

Bəlkə düz demədim?!

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info
Son xəbərlər
Bütün xəbərlər »