Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Heyrətamiz yaxşı insan
Böyük ziyalımız, müəllimim Nəcəf Nəcəfov haqqında xatirələrim, düşüncələrim

Bahəddin Həzi

Bir körpə məsumluğunun yüksək intellektlə, daxili saflığın sərt prinsipiallıqla, tələbkarlığın qayğıkeşliklə birləşdiyi şəxsiyyət. Nəcəf Nəcəfov haqqında daha çox epitetlər demək olar. Mən həyatım boyu gördüyüm ən dürüst insan və ən prinsipial peşəkar idi. Onu əfsanəvi “Molodyoj Azerbaydjana” qəzetindən tanıdım. Tələbə idim. Həmin qəzetə məqalələr aparırdım. O zaman Arif Əliyevi, Mehman Əliyevi, Fərhad Əsgərovu, Şahin Hacıyevi, Salatın Əsgərovanı, Gündüz Şabanovu, Nazim Rəhimovu... orda tanımışdım. Bir-birindən istedadlı, cəsur jurnalsitlər idilər. Salatın xanım sonralar Qarabağda erməni terroruna tuş gəldi, şəhid oldu. Fərhad Əsgərov Çeçenistanda həlak oldu. Mən Fərhadın ağıllı gözlərini, gülümsər simasını hər zaman xatırlayıram. Sonralar Arif Əliyevlə “Xazar” (rusca) jurnalında, Mehman Əliyevlə Turan Agentliyində birlikdə çalışdıq. Nazim Rəhimov ölkəni tərk etdi, Gündüz Şabanov başqa sahəyə keçdi.

Bu qədər illər keçib, mən hələ də o “Molodyojka”nı, o kollektivi unutmuram. “Nəcəfin komandası” – o zaman belə adlandırırdılar. Tale elə gətridi ki, mən bu istedadlı jurnalistin, dəyərli redaktorun, mahir publisistin, qüdrətli qələm sahibi olan dəyərli ziyalımızın başqa bir komandasında – “Azadlıq” qəzetində onunla birlikdə çalışdım. Nəcəf Nəcəfovu mən müasirlərindən heç kimlə müqayisə edə bilmirəm, bənzədə bilmirəm. Nəcəf Nəcəfov Həsən bəy Zərdabi , Üzeyir bəy Hacıbəyli kimi... şəxsiyyətlərlə bir mərtəbədədir. O, Həsən bəyin əsasını qoyduğu, ancaq Sovet hakimiyyəti dövründə sıradan çıxmış müstəqil, milli mətbuatımızı yenidən dirçəltdi, ayaq üstə qoydu. Çox heyf ki, Nəcəf Nəcəfovu çağdaş gənclik yaxşı tanımır. Heç olmasa jurnalistika fakültəsində bu nadir şəxsiyyət öyrənilməli və tədris edilməlidir. Onun haqqında filmlər, kitablar olmalıdır. Tariximizdən və taleyimizdən bir Nəcəf Nəcəfov keçdiyini yeni nəsillərə anlatmaq boynumuzun borcudur.

Nəcəf Nəcəfov 1990-cı ilin yanvarında evində oturmamışdı, canından çox sevdiyi xalqı ilə birlikdəı küçələrdə, meydanlarda idi. Rus tankının qarşısına çıxan, öz millətini, mənliyini, gələcəyini qorumaq üçün ayaqdaydı. Nəcəf Nəcəfov əslində 20 yanvar şəhididir; həmin məşum gecədə rus əsgərlərinin zərbələrindən ağır zədə aldı, xəstəlik tapdı. Həmin hadisələrdən sonra cəmi 9 il yaşadı və 44 yaşında həyata, onu sevənlərə, millətinə əlvida deyərək həyata gözlərini yumdu. Qısaca ömrünə ömürlər sığdıran Nəcəf Nəcəfov inanılmaz dərəcədə təmiz, mehriban, yumşaq təbiətli, ancaq prinsipial məsələlərdə dönməz bir insan idi. Mənim Nəcəf bəylə bağlı çox xatirələrim var.

“Azadlıq” qəzetində müxbir işləyirdim. Bir gün redaktorun otağına getdim. Həmişəki kimi Nəcəf bəy sakitcə işləyirdi. Məni görüb başını qaldırdı, tanıyanların dərhal xatırlayacağı o zərif təbəssümlə: “Hə, gəl, sənin üçün nə edə bilərəm?” dedi. Rayona getmək üçün iki günlüyə icazə istədim. İcazə verdi. Bütün söhbət boyu o şirin təbəssüm üzündən silinmədi. Mən rayona – anamgili görməyə getdim. Yay idi, abituriyentlərin Bakıya axışdığı vaxt avtobusa bilet tapmaq müşküldü. Buna görə bir gün gecikməli oldum. Təbii ki, Nəcəf bəydən iki gün icazə alıb bir gün daha artıq rayonda qaldığım üçün çox utanırdım. Redaksiyaya gəlib içəri girdim – aydım məsələdir ki, gecikməyimin səbəbini olduğu kimi deyəcəkdim. Yenə həmin şirin təbəssümlə qarşıladı məni. Gecikməyimin səbəbini izah etməyə başladığımda dərhal mehriban bir jestlə sözümü kəsdi: “Bilirəm, indi abituriyentlərin gələn vaxtıdır, yəqin bilet tapa bilməmisən. Əvəzində dincəlmisən, deməli, yaxşı yazılar verəcəksən” dedi. Heyrətimdən donub qalmışdım. Elə bil ürəyimi oxumuşdu. Sonralar bu haqda çox düşündüm. Bəlkə də Nəcəf bəy düşündü ki, mən bir bəhanə uyduraram – mənim yalan deyəcəyimdən ehtiyatlandı. Mənim dilimdən yalan eşitməkdən qorxdu. Bunu istəmədiyi üçün mənim əvəzimdən özü o sözləri dedi. Ən qəribəsi də o oldu ki, onun dedikləri ilə mənim deyəcəklərm üst-üstə düşürdü.

Bir dəfə də yenə rayona gedəcəkdim. Mənə dedi ki, qaraciyərim narahatdır, həkim deyib ki, təmiz bəhməz lazımdır. Xahiş elədi ki, rayondan gətirim. Çıxarıb pulunu da verirdi. Götürmədim. Kəndə gedib qayıtdım. Nəcəf bəy üçün 3 kiloluq şüşə qabda təmiz bəhməz tapıb gətirdiyim üçün çox sevinirdim. Ancaq içimdə bir narahatlıq da vardı – axı Nəcəf bəy necə olursa-olsun, bu bəhməzi pay kimi qəbul etməyəcəkdi. Bazar günü olduğu üçün bəhməzi onun evinə aparacaqdım . Fikirli halda soraqlaşa-soraqlaşa gedib mənə dediyi ünvanı tapdım. Qapını həyat yoldaşı Lələ xanım açdı. Lalə xanım da çox gözəl insandır. Bizi də tanıyırdı. “Nəcəf, Bahəddin gəlib” dedi. Nəcəf bəy içəridən: “Gətirdiyini hələ alma” deyə səsləndi. Tezliklə də əlində pul gəldi. Bəhməzin pulunu almağım üçün çox israr etdi. Sağ olsun, Lalə xanım araya girib məni “xilas elədi”.

Nəcəf bəyin çox incə yumor hissi də vardı. Bir dəfə qəzetdə keçmiş kommunist liderlərdən birinin müsahibəsi getdi (Nəcəf bəy deyirdi ki, söz azadlığı hamı üçün olmalıdır. “Razılaşmadığımız fikirlərin də ifadə olunmaq hüququ var” deyirdi. Həmin gün səhər iclasında Xaliq Bahadır Nəcəf bəyi tənqid etdi. Redaktorumuz Xalq bəyin çıxışını həmin o məşhur şirin təbəssümü ilə dinləyirdi. Xaliq bəy: “Nəcəf bəy, bu xəyanətdir , bu cinayətdir” deyib sözünü tamamlayanda Nəcəf Nəcəfov belə bir replika ilə cavab verdi: “Xaliq bəy, əminəm ki, cinayət yerində mənim saçımın tükünü tapmısınız”. Xaliq bəy də daxil olmaqla hamı güldü və gərginlik aradan qalxdı, Nəcəf bəy özünə xas yumşaq, inandırıcı nitqi ilə izahat verdi, hamı razılaşıb dağılışdı. Başqa bir iclasda isə rəhmətlik Elçin Səlcuq özünə xas emosional tərzdə tənqidi çıxış edirdi. Çox ucadan və bəzən də acıqlı tonda danışır, hamıya sataşırdı. Elçinin sataşmalarından heç kim incimirdi; hamı olduğu kimi qəbul etmişdi – coşacaq, danışacaq, yetənə yetəcək, yetməyənə bir daş atacaq, ancaq ürəyində heç kimə qarşı heç nə olmayacaq – bunu hamı bilirdi ki, Elçinin nəyi var dilindədir, ürəyi təmizdir. Elçinin çıxışının emosional pikində Nəcəf bə birdən cibindən körpə qızı Nərgiz üçün aldığı oyuncağı çıxarıb səhv etmirəmsə, İsrail Musayevə uzatdı: “Al, bunu ona ver, bəlkə sakitləşə”. Ortam yenə də birdən-birə yüz səksən dərəcədə dəyişdi. Ancaq Nəcəf bəy bu tənqidi çıxışı da izahatsız, cavabsız buraxmadı. Səbrlı, aramla, o şirin təbəssümünün müşaiyətilə, ancaq dəmir məntiqlə öz fikrini, mövqeyini əsaslandırdı. Elçin də, hər kəs də məmnun qaldı.

Nəcəf bəy haqqında xatirələr, düşüncələr danışmaqla bitməz. Mən də yazmaq istədiklərimin kiçik bir hissəsini yazdım. İyunun 24-ü onun ad günüdür. Adı özündən uzun yaşayan və hə zaman da yaşayacaq olan bu nadir insan – mənim bir dəfə də yazdığım kimi, heyrətamiz dərəcədə yaxşı insan nə yaxşı ki, bizim həyatımızdan keçdi, nə yaxşı ki, bizim həyatımızda, millətimizin tarixində var. Çox sağ olun, Nəcəf bəy, hər şey üçün çox sağ olun! Haqqınızı halal edin!

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »