Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Əhalinin qayıdışı nəzərdə tutulduğu müddətdən də tez başa çatdırılacaq"
"Əhalinin qayıdışı nəzərdə tutulduğu müddətdən də tez başa çatdırılacaq"

“Böyük Qayıdış” planına yolların tikintisi, rabitə, beynəlxalq hava limanlarının, elektrik stansiyalarının açılması, “ağıllı kəndlər”in tikintisi daxildir. 2022-ci il Qarabağın və işğal zamanı dağıdılmış Şərqi Zəngəzurun bərpası ilə bağlı çoxsaylı hadisələrlə yadda qaldı. İşğaldan azad edilmiş ərazilər təmizlənir, yeni evlər, sosial obyektlər tikilir, yollar çəkilir - tarixi Azərbaycan torpaqları addım-addım öz əvvəlki dinc həyatına qayıdır. Keçən il yayda ilk məcburi köçkünlər doğma Zəngilan rayonunun Ağalı kəndinə qayıdıblar. İndi bu, ən müasir texnologiyaların tətbiq olunduğu, sakinlərinin həyatını sadələşdirəcək “ağıllı kənd”dir. Burada müəssisələr, uşaq bağçası, məktəb, poçt, mağazalar fəaliyyətə başlayıb...

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, işğaldan azad olunmuş ərazilərdə tikinti - abadlıq, bərpa -quruculuq işləri sürətlə davam edir. Onun sözlərinə görə, həyata keçirilən mühüm tədbirlər deməyə əsas verir ki, bu torpaqların sakinləri bir neçə ildə öz ata-baba torpaqlarına qayıdacaqlar.

Tahir Rzayev Tahir Rzayev

“Bilavasitə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nəzarəti altında, Mehriban xanım Əliyevanın dəstəyi ilə görülən möhtəşəm işlərin miqyası çox əhatəlidir. Az bir müddətdə Füzuli və Zəngilan rayonlarında beynəlxalq əhəmiyyətli hava limanlarının tikintisi, Laçın rayonunda bu tipli limanın tikintisinin davam etdirilməsi, yüz kilometrlərlə müasir tipli avtomobil və dəmir yolların çəkilişi, yeni tunellərin qazılması, körpülərin salınması, məktəblərin, xəstəxanaların inşası, elektrik stansiyalarının

quraşdırılması, su anbarlarının yaradılması göstərir ki, əhalinin qayıdışı nəzərdə tutulduğu müddətdən də tez başa çatdırılacaqdır”,- deyə deputat bildirib. O, qeyd edib ki, artıq Şuşa müasir şəhər görkəmini alır, Ağalıya xeyli sayda ailə köçürülüb, Laçında, Ağdamda tikinti işləri sürətlə gedir. Füzulidə genişmiqyaslı işlərə start verilib. Dövlətyarlı kəndində “ağıllı kənd” layihəsi həyata keçirilməsi planlaşdırılır. Burada yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi tikilib.

Deputatın sözlərinə görə, Özbəkistan Respublikası tərəfindən inşa edilən tam orta məktəb binasının, Qazaxıstan Respublikası tərəfindən inşa edilən Kurmanqızı adına Yaradıcılıq İnkişaf Mərkəzinin, Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdiyi yaşayış mərhələsinin və s. obyektlərin tikintisinin sürətlə davam etdirilməsi qayıdışın tez bir zamanda həyata keçiriləcəyinə ümidləri artırır.

Deputat bildirib ki, bütövlükdə tikiləcək evlərə 21593, o cümlədən 8009 nəfər sakinin köçürülməsi nəzərdə tutulub. İşğaldan azad olunmuş ərazilərdə əhalinin rahat yaşaması və işləməsi üçün lazım olan bütün infrastruktur layihələri - qaz, işıq, su təminatı ön plana çəkilmiş və işlər əsaslandırılmış qrafikə uyğun aparılmaqdadır.

“Mənfur düşmənin xarabalıqlara çevirdiyi Qarabağ Şərqi Zəngəzur torpaqları xeyirxah və qurucu insanların əli ilə gülüstana çevrilməkdədir. Azərbaycanın iqtisadi qüdrəti, xalqın məhəbbəti və qayğısı sayəsində çox çəkməyəcək bu yurdun sahibləri torpaqlarına dönəcək və öz el-obalarını cənnətə çevirəcəklər”-deyə deputat qeyd edib.

Ölkə başçısı dəfələrlə çıxışlarında “Böyük Qayıdış” planından söz açıb, prosesin hansı sürətlə inkişafı haqqında məlumat verib.

“Artıq bir sıra şəhərlərdə tikinti işləri geniş vüsət alıb. İlk növbədə Şuşada eyni vaxtda Ağdamda, Füzulidə, Zəngilanda, Laçında geniş tikinti işləri aparılır, xəstəxanalar, məktəblər, yaşayış binaları tikilir. Bundan əlavə, ondan artıq kəndin baş planları artıq təsdiqlənib. Və onlardan bir neçəsinin əsasını şəxsən mən qoymuşam.Ümumiyyətlə deməliyəm ki, i20şğaldan azad edilmiş bütün şəhər və kəndlərin baş planları hazırlanıb təsdiq edilib. Bütün işlər bu ümumi planlara uyğun aparılacaq”-deyə prezident bildirib.

İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işləri barədə də danışır. Onun sözlərinə görə, “Böyük Qayıdış” planına paralel olaraq minatəmizləmə işləri də aparılır.

“Təəssüf ki, Ermənistan bizə dəqiq mina sahələrinin xəritələrini vermədi. Müharibədən sonrakı dövrdə mina partlayışları nəticəsində 300-ə yaxın azərbaycanlı həlak olub və ya ağır yaralanıb”, - dövlət başçısı bildirib.

P.S. 44 günlük müharibə zamanı Azərbaycan uzun illər işğal altında qalmış torpaqları geri aldı. İndi artıq həmin ərazilərdə bərpa işləri aparılır. Yaxın illərdə düşmən tapdağından azad etdiyimiz ərazilərimizin Azərbaycanın cənnət guşəsinə çevriləcəyinə ümid edirik.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”.

Son xəbərlər
Bütün xəbərlər »