Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sağlığımızı "yeyən" zalım "qonaq"
Sağlığımızı "yeyən" zalım "qonaq"

Televiziyalarımızda bütün xəstəliklərə səbəb var.

Televizorun ixtira olunduğu dövrlə indiki dövr arasında istifadə və faydalılıq üzrə ciddi fərqlər var. İxtira olunduğu zaman informasiya məqsədi daşıyırdı, sonra əyləncəyə və daha sonra artıq bir "mədəniyyət"ə çevrildi.

Televizor artıq hansısa texnoloji cihaz deyil, mədəniyyət daşıyıcısıdır. Bu texnologiya məhsuluna evin işığı və səsi də demək olar.

Bəs keçmişdən gələn bu "qonaq" bizi işıqlı yola aparırmı, ya səsləndirdiyi fikirlər bizi nə qədər aydınladır? Bu da ciddi müzakirə mövzusudur.

Qulaq zövqünü korlayan və bayağı musiqi ilə "bəzənən" və ya sosial fayda məqsədi daşıdığını iddia edib əxlaq və mədəniyyətdən məhrum, cəmiyyətin zəka səviyyəsini dünya sıralamasında son pillələrinə "sürüyən" zərərli verlişlərinə insanları zəhərləməsi göz önündədir. Evdəki televizor işığından "kor", səsindən "kar" oluruq... xəbərimiz yox. Bəlkə görmürük, ya da görmə qabiliyyətimiz də bu "işıq"dan ziyan çəkib. Necə bir qaranlığa qərq olduğumuzun fərqində deyilik...

Ötən günlərdə ancaq cərimə yazanda adını eşitdiyimiz qurum, televiziya kanallarının birində səsləndirilən reklam ifadəsinə görə kanalı qısa müddət yayım məhdudiyyəti ilə "cəzalandırıb". Bu cəza nə qədər çəkindirici və ibrətamizdir, bu, müzakirə oluna bilər. 3 saatlıq yayım məhdudiyyətindən yaranan maddi zərərin reklamdan əldə olunan gəlirlə nə qədər qarşılanacağı artıq kanalın "problemi"dir. Reklam məqsədi daşıyan: "Klinikamızda bütün xəstəliklərə çarə var" cümləsinin isə müzakirəyə ehtiyacı yoxdur. Bu cümlə şüura səsləndisə, məsul şura o səsi 3 saatlıq yayım məhdudiyyəti ilə silə bilməyəcək. "Şur" səslənən evlərdə televizorun "şüur" məhdudiyyətinə məruz qalmış zərərçəkənlərə məsul şura necə kömək edəcək? Cəmiyyəti zəhərləyən, xəstə salan və dərmana möhtac qoyan telekanallar varsa, ekranlarda "açıq" cərrahi əməliyyatın təbliğ edildiyi klinika reklamlarının da bol olmasına təəccüblənməyək. Televiziyalarımızda bütün xəstəliklərə səbəb var. Və bu xəstəliklərin həqiqi dərmanını, düzgün müalicəsini televiziyada reklam edəcəklərinə inanmaq çətindir.

Düşünürəm ki, insanların cərrahi əməliyyata ehtiyacından daha çox telekanallarımızın Audiovizual Şura tərəfindən "əməliyyat"a ehtiyacı var. Bunu gərək şura da düşünsün, hətta düşünməklə qalmayıb hərəkət etsin. Təbii ki, məlum qurumun feili olaraq psixoloji gücü varsa və fiziki varlığını davam etdirirsə...

Orxan Musabəyli Orxan Musabəyli

Orxan Musabəyli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »