Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda ilk dəfə hidravlik yükqaldırma kranı istehsal edilir - Video
Azərbaycanda ilk dəfə hidravlik yükqaldırma kranı istehsal edilir - Video

Bugün “STP Şirkətlər Qrupu” təşkilatçılığı ilə Sumqayıt Texnologiyalar Parkına media nümayəndələrinin səfəri təşkil olunub. Azərbaycanda ilk dəfə STP-də istehsal olunacaq yeni məhsul media nümayəndələrinə təqdim olunub.

Bizimyol.info xəbər verir ki, “STP Şirkətlər Qrupu” təşkilatçılığı ilə Sumqayıt Texnologiyalar Parkına təşkil olunan proqram çərçivəsində media nümayəndələri  Azərbaycanda ilk dəfə STP-də istehsal olunacaq yeni məhsulla tanış olub və qurum nümayəndələrindən ətraflı məlumat alıb.

SOCAR-STP 11 aprel 2023-ci il tarixində kranının istehsalının tamamlanması münasibətilə kranın təqdimat mərasimi baş tutmuşdur. Stasionar dəniz platforma kranı SOCAR-ın “Azneft” İB-nin sifarişi əsasında “SOCAR-STP” MMC tərəfindən istehsal edilmişdir ve “Azneft” İB-nin platformalarında istismar ediləcək.

Yeni məhsulların istehsalı və daha çox sənayelərə xidmətin göstərilməsi STP-də aparılmış transformasiya və müştəri ehtiyacların öyrənilməsi nəticəsində mümkün olub. Bu gün kranın istehsalının tamamlanması ilə əlaqədar olaraq, təqdimat mərasimi keçirilib.

Qeyd edək ki, kranın əsas təyinatı yük və işçi heyətini barjadan, gəmidən dəniz platformasına qaldırma və daşıma əməliyyatlarını icra etmək üçündür.

Mərasimdə SOCAR STP-nin baş icraçı direktoru Fərid Ağayev qeyd edib ki, bu kranlardan gəmilərdə də istifadə edilə bilər.

“Test ərazimiz 100 Tona qədər olduğu üçün bu gün bu ölçüdə qaldıra bilir. Gələcəkdə yeni bir test ərazisinin tikilməsi gözlənilir. Bu gün açılış etdik ki, hər kəs gəlib görə bilsin.

Mən ixtisasca mühəndisəm və tam əminliklə deyə bilərəm k, avtomobil istehsal etmək bu texnikanı istehsal etməkdən 10 dəfə asandır”-deyə Fərid Ağayev bildirib.

Fərid Ağayev qeyd edib ki, kranlar standartlara uyğun olduğu üçün beynəlxalq rəqabət qabiliyyətlidir. Kranın xarici ölkələrə satılması da nəzərdə tutulur.

Mütəxəssisin sözlərinə görə, kranların daşınması da olduqca böyük xərc tələb edir.

“Kranların testləri Fövqəladə Hallar Nazirliyi və RİNA-CLASS tərəfindən həyata keçirilir”-deyə Fərid Ağayev əlavə edib.

Daha sonra kranlar test edildi. 35 Tonluq krana 49 tonluq yük verildi. Kran testdən keçirildi və müəyyən edildi ki, kran nəzərdə tutulan ölçüdən artıq yükə davam gətirə bilir.

"İlk sifariş SOCAR Azneft İstehsalat Birliyinin 7 kran sifarişidir. Hazırda 7 sifarişdən 5-i hazırdır. Ancaq kranların test prosesi bir-bir həyata keçirilir. Yəni kran test olunur, sökülür, daha sonra digər kran test edilir"-deyən icraçı direktor bildirib ki, hazırda Qazaxıstan və Səudiyyə Ərəbistanı ilə danışıqlar aparılır. Burada birinci texniki spesifikasiyalar nəzərdə tutulur.

Fərid Ağayevin sözlərinə görə, müştərilərin fərqli spesifikasiyalar üzrə sifarişləri olur.

“Bu kranın sadəcə Azərbaycan deyil, eyni zamanda Cənubi Qafqazda bir ilk olduğunu demək olar. Qazaxıstan, Özbəkistan və s. ölkələrdə yoxdur.

Cənubi Qafqazda SOCAR 5 İPA sertifikatı olan yeganə şirkətdir. Güclü komandamız var”-deyə Fərid Ağayev əlavə edib.

Layihə rəhbəri Ümid Nağıyev bildirib ki, kranın istehsalı Türkiyənin “Gürdesan” şirkəti ilə birlikdə həyata keçirilib.

“Kranların gövdə hissəsi Türkiyədə yığılıb. Bizim bir qrup işçimiz Türkiyəyə gedərək, birlikdə istehsal prosesində iştirak ediblər. Digər hissələr - qol hissəsi isə SOCAR STP Azərbayacana aiddir.

Kranın sertifikat alması üçün istər layihləndirmə istər, istehsalat mərhələsində yoxlamalar aparılır. Hər mərhələnin içərisində müxtəlif mərhələlər var. Hər mərhələdən sonra digər mərhələyə keçmək üçün icazə verilir. Böyük məsuliyyət daşıdığı üçün uyğunsuzluq olan zaman icazə verilmir. İstehsalata başlamazdan öncə bizim bu layihədə istifadə ediləcək materialların tərkibinə, qalınlığına görə imtahan veririk. İmtahanlar keçdikdən sonra nəticələr qənaətbəxş olduğu halda RİNA-CLASS icazə verir ki, növbəti mərhələyə keçilsin. Daha sonra layihədə çalışan qaynaqçılar imtahana cəlb edilir. Hər qaynaqçını layihəyə qəbul etmək olmaz. Daha sonra onların qaynaq etdikləri parçalar üçüncü tərəfə göndərilir. Biz “Azərtexnolayn” müəssisəsinə göndərmişdik. Nəticələr gəldikdən sonra qaynaqçılarımız sertifikatlaşdırılıb və qaynağa icazə verilib. Bundan sonra istehsalata start verilir. Plazma kəsimi, bükmə işləri, torna əməliyyatları, qaynaq işləri aparıldığı müddətdə RİNA-CLASS həftədə bir dəfə gələrək inspeksiya aparır”-deyə Ümid Nağıyev qeyd edib. Onun sözlərinə görə, RİNA-CLASS bu günə qədər 8 min tona yaxın kranların sertifikasiyasını həyata keçirib. RİNA-CLASS yalnız kranların deyil, eyni zamanda dəniz platformalarının və digər layihələrin sertifikasiyasını həyata keçirən İtaliya müəssisəsidir.

Nağıyevin sözlərinə görə, kranlar insan daşımaq üçün də istifadə edilə bilər. Bu zaman kranlara səbətlər bağlanılır. Və bu qaydada insanlar daşınır. O, qeyd edib ki, ortada insan faktoru olduğu üçün kranın layihələndirilməsi və istehsalatı çox yüksək səviyyədə həyata keçirilib.

Layihənin təqdimatı rəhbər şəxslərin media nümayəndələrinə müsahibə və sertifikatlandırma mərasimindən sonra yekunlaşıb.

Orxan Musabəyli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »