Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün Avropa Oyunları Parkında media nümayəndələri üçün təlim proqramı keçirilib
Bu gün Avropa Oyunları Parkında media nümayəndələri üçün təlim proqramı keçirilib

Bu gün Avropa Oyunları Parkında media nümayəndələri üçün təlim proqramı keçirilib. Proqram nəzəri və simulyasiya olmaqla 2 hissədən ibarət olub. Təlimin əsas məqsədi, yerli media nümayəndələrini Formula 1 yarışlarının ümumi qaydaları barədə nəzəri və praktiki cəhətdən məlumatlandırmaq olub.

Bizimyol.info xəbər verir ki, media nümayəndələri üçün təşkil olunmuş təlimdə çıxış edən Formula yarışı nümayəndəsi İlqar Kərimov bildirib ki, Formula 1 və Formula 2 Bakıda keçirilən zaman FİA-nın (Dünya Avtomobil Federasiyası İdman Birliyi) nümayəndələri Azərbaycana gəlir və qanunlar əsasında yarışlar keçirilir. Formula yarışlarında sürücülər və komandalar var. Sürücülər çempionatı ayrı, komandalar yarışları ayrı keçirilir.

Təlim çərçivəsində 2017-ci ildə keçirilən yarışdan kadrlar göstərilib və 2023-cü ildə keçiriləcək yarış haqqında məlumat verilib.

"Yarışlarda fəaliyyət göstərən marşallar var. Yarışı sevən, ingilis dilini bilən və cəld insanlar marşal ola bilərlər. Marşalların üzərində təhlükəsizlik avadanlıqları və radiolar olur"-deyən İlqar Kərimov bildirib ki, marşal olmaq üçün yaş həddi minimum 21 olmalıdır və xüsusilə, ingilis dili biliyinin yetərli səviyyədə olması gözlənilir.

"Marşallar testlərdən keçdikdən sonra qəbul edilir. Testləri keçməyən marşallar təcrübəsi olsa belə qəbul edilmirlər.  Amma təcrübələr göstərir ki, daha əvvəlki illərdən təcrübəsi olan marşallar testlərdən keçə bilir. Daha sonra marşallara sahələri üzrə treninqlər keçirilir. Marşallar sürücülər qəza keçirdikləri zaman istiqamətləri üzrə fəaliyyət göstərirlər”-deyə mütəxəssis qeyd edib.

Daha sonra İlqar Kərimov Formula 1 və Formula 2 yarışları, həmçinin onların arasındakı fərqlər barədə məlumat verib.

“Bütün yarışlar eyni formada keçirilir. Yarışlar 3 hissədən ibarətdir. Bizdə ilk dəfə bu il sprint yarışı olacaq. Bu yarışı əslində mən də başa düşə bilmirəm, amma baxış üçün yaxşıdır. Yarış qısadır, 30 dəqiqəlik olur. Yarış 6-cı gün keçiriləcək”-deyən Kərimov yarış təqvimi haqqında məlumat verib

Daha sonra 2022-ci il yarışlarından kadrlar nümayiş etdirilib və media nümayəndələrinin yarışla bağlı sualları cavablandırılıb.

Proqram çərçivəsində müxtəlif modellərdən ibarət avtomobillərin sərgisi keçirilib. Sərginin qonaqları "volkie car" paradını və mini-yarış keçidini izləyiblər.

Tədbir Formula marşallarının iştirakı ilə fəaliyyət istiqamətləri simulativ təlim məşqləri keçirilməsi ilə davam edib. Trekə gerçək Formula avtomobili gətirilərək nümayiş etdirilib və təlim məşqlərində istifadə olunub. Çevik və diqqətli fəaliyyətlərini təlimdə sərgiləyən FHN və Təxirəsalınmaz Təcili Tibbi Yardım əməkdaşları tədbirin qonaqları tərəfindən alqışlarla dəstəklənib.

Tədbirin sonunda BMW markalı avtomobillərin "drift" şousu göstərilib və izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, “Formula 1 Azərbaycan Qran Prisi 2023” bu ilin 28-30 aprel tarixlərində paytaxt Bakıda keçiriləcək.

Orxan Musabəyli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »