Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Görürsən ki, bütün gözəllikləri var, amma insanları özünə cəlb edə bilmir"
"Görürsən ki, bütün gözəllikləri var, amma insanları özünə cəlb edə bilmir"

Bəzən həyatda münasibətlərimiz alınmır. Ya tərk edilirik, ya tərk edilmək qorxusu ilə yaşayırıq, ya da qarşımızdakının bizdən ayrılacağını düşünüb ona getmək üçün şərait yaradırıq. Tənha qaldığımızda isə, bir sual bizi narahat edir: “Görəsən, münasibətlərim niyə alınmır? Mənim problemim nədir?”...

Bu mövzu ilə bağlı Bizimyol.info xəbər portalına psixoloq Fidan Nizamova danışıb. Psixoloq bu gün gənclər arasında geniş yayılmış “münasibət qura bilməmə” problemindən söz açıb.

psixoloq Fidan Nizamova Fidan Nizamova

“Bəzən görürsünüz ki, insanda bütün gözəllik, ağıl və s. hər şeyi var. Amma insanları özünə cəlb edə bilmir və yaxud qurduğu münasibəti davam etdirə bilmir. Bu da əsasən ünsiyyəti bacarmamaqdan və münasibəti qura bilməməkdən irəli gəlir. Adətən bu insanlara ünsiyyət qura bilməmək qəribə gəlir.

Təəssüflər olsun ki, bizdə qadınlar kişi psixologiyasını, kişilər isə, qadın psixologiyasını çox az bilir. Və müasir dövr elədir ki, əvvəllər insanların göz yumduğu, önəmsəmədiyi şeylər artıq çox önəmli və əhəmiyyətli hal alıb. Bu səbəbdən də cütlüklər bir məsələyə toxunanda, artıq ciddi bir problem olanda onu tənzimləyə bilmirlər. Münasibətlərini tənzimləyə bilmirlər. “Harda nəyi demək olar, harda “sussam” daha yaxşıdır. Onun nəyi xoşuma gəlir.” Yəni qarşı tərəfi oxuya bilmirlər ki, qarşı tərəf necə biridir və hansı reaksiyaları verə bilər. Ən böyük problemlərdən biri də budur”-deyən psixoloq bildirib ki, münasibətlərin davam etdirilə bilməməsinin ikinci səbəbi isə, ailədən qaynaqlanır. Burada ailə tərbiyəsinin böyük rolu var.

“Bəzən elə olur ki, uşaqlarda, gənclərdə itirmə qorxusu kimi komplekslər olur. Onlar “məndən ayrılacaqlar” deyə bilmədən özləri şərait yaradır ki, qarşı tərəf ayrılsın. Elə bir situasiya yaransın ki, ayrılsınlar. Və yaxud münasibətə girməyə qorxur. Əslində bəyənir, onu çox sevir. Amma ciddiyətə gəldikdə sanki geriləyir. Eyni qorxuyla düşünür ki, "birdən nəsə olar, ya biz ayrılarıq, ya da məni tərk edər". Bu da keçmişdə yaşanmış travmalarla əlaqəli olur. İtirmə qorxusu və sevilməmə komplekslərindən irəli gəlir”-deyə psixoloq izah edib.

Psixoloqun fikrincə, insanı bu qorxudan, bu problemdən qurtarmaq üçün isə, əvvəlcə problemin qaynağını öyrənmək lazımdır. Onun sözlərinə görə, bəzən insanlar bu problemin yanlış yerdən qaynaqlandığını düşünür. “Yeni yaranıb”, “filankəsdən sonra oldu” və s. yanlış istiqamətlənmələr müalicənin yanlış aparılmasına səbəb olur.

“İmkan varsa, mütəxəssislərə müraciət etsinlər. Bu haqda çox sayda kitab var. Kitab oxuya bilərlər. Amma hər bir halda çalışsınlar ki, belə davam etməsin. Çünki insan özü müdaxilə etməyincə və özü istəməyincə, dəyişmir vəziyyət. Yəni həyatda elə bir məqam olmur ki, sənin dünyagörüşün, xarakterin öz-özünə dəyişsin. Əslində, əvvəlcə problemin fərqinə varmaq lazımdır. Sonra problemi incə-incə həll etmək mümkün olur. Bu səbəbdən əvvəlcə peşəkarlara müraciət edib, problemin həllini doğru və təməldən başlamalıdırlar. Problemin hardan qaynaqlandığını bilmək, insanın həyatını dəyişməsi üçün böyük təkandır. Bəzən o fərqindəlikdən sonra insan hər şeyi başa düşür. Hətta müalicəyə də ehtiyac qalmır. Sanki yatmışdın və birdən ayılırsan və hər şey sənə aydın olur”,- deyən psixoloq bu və oxşar problem yaşayan insanların mütləq şəkildə peşəkarlara müraciət etmələrini tövsiyyə edir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »