Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda siyasi partiyalar niyə bağlanır?
Azərbaycanda siyasi partiyalar niyə bağlanır?

Azərbaycanda siyasi partiyalar bir-birinin arxasınca fəaliyyətinə xitam verir. Bu partiyalar arasında fəaliyyətə hələ 1992-ci ildə başlamış Xudadat Xuduyevin rəhbərlik etdiyi Birlik partiyası, 1994-cü ildə fəaliyyətə başlayan Abutalıb Səmədovun rəhbərlik etdiyi Azərbaycan naminə Alyans partiyaları da var. Ümumiyyətlə, bu günə qədər 6 partiya öz fəaliyyətinə xitam verib. Partiyaların fəaliyyətlərinə xitam vermə prosesi “Siyasi partiyalar haqqında qanun” qüvvəyə mindikdən sonra başlayıb.

“Ana Vətən” Partiyasının sədr müavini Yalçın Hacızadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu ilin yanvar ayından “Siyasi partiyalar haqqında” yeni qanun qüvvəyə minib. Köhnə qanun 1992-ci ildə Azərbaycan Respublikası Ali Soveti tərəfindən qəbul olunmuşdu. Sonrakı illərdə qanuna müxtəlif dəyişikliklər edilsə də, aradan uzun illər keçdiyi üçün yeni qanunun yaranmasının zəurət olduğunu bildirən politoloq qeyd edib ki, “Siyasi Partiyalar” haqqında yeni qanunda siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı müəyyən müddəalar var.

Yalçın Hacızadə Yalçın Hacızadə

Yalçın Hacızadənin fikrincə, qanunlar siyasi fəaliyyətlə məşğul olan insanlar üçün məhdudiyyət qoymamaqla yanaşı sui-istifadə hallarının baş verməməsini də tənzimləməlidir. Həmsöhbətimiz bildirir ki, “Siyasi partiyalar haqqında” qanunda əvvəlcə partiyaların qeydiyyata alınması üçün on min üzvün olması tələb edilsə də, sonradan müzakirələr zamanı bu rəqəm azaldılaraq beş minə çatdırıldı.

“Qanun qəbul edildikdən 180 gün ərzində partiyalar beş min üzvü barədə məlumatları dövlət orqanının reyestrinə daxil etməılidirlər. Partiyaların qeydiyyata alınması onların təqdim etdiyi məlumatların düzgün olması təsdiq edildikdən sonra baş tutur.

30 il əvvəl 5-6 nəfərlik partiyalar yaradılırdı. Bu partiyaların sayı çox idi. Hal-hazırda da onların bəziləri yenidən qeydiyyatdan keçmək üçün qanunla tələb olunan 5 min üzv barədə məlumatları təqdim etmək imkanında deyillər. Yəni üzv sayılarını 5 minə çatdıra bilmirlər. Ona görə də məcburiyyətdən ya hansısa partiya ilə birləşməli, ya da öz qərarları ilə fəaliyyətlərini dayandırmaqla, ləğv edilməlidirlər. Yoxsa, 180 gün müddətində müvafiq sənədləri qeydiyyat üçün təqdim edə bilməyən partiyaların qeydiyyatı qanuna görə nəzərdə tutulmuş qaydada ləğv olunacaq”-deyən Yalçın Hacızadə bildirib.

P.S. Yəni partiyaların bağlanması, ləğv edilməsi prosesi bizə təəccüblü görünməməlidir. Çünki elə partiyalar var ki, onların sadəcə adı var. Bu partiyaların fəaliyyəti, üzvləri, əsasları və s. yoxdur. Belə partiyaların olmasındansa, bir neçə partiyanın birləşərək eyni hədəfə xidmət etməsi və ya ləğv edilməsi daha məqbuldur.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »