Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bakı şəhəri ilə yanaşı Bakının kənd və qəsəbələri ermənilər tərəfindən törədilən soyqırım və talanlara məruz qalıb"
"Bakı şəhəri ilə yanaşı Bakının kənd və qəsəbələri ermənilər tərəfindən törədilən soyqırım və talanlara məruz qalıb"

1918-ci ildə daşnak-bolşevik alyansı tərəfindən Azərbaycan xalqına qarşı tarixin ən dəhşətli soyqırımlarından biri həyata keçirildi. Bu soyqırımların törədilməsində əsas məqsəd Azərbaycanın muxtariyyəti və müstəqilliyi uğrunda mübarizə aparan Müsavat partiyasının sosial bazasını məhv etmək və bu prosesin qarşısını almaq idi. Siyasi baxışlarında kəskin fərqlər olmasına baxmayaraq Bakıda fəaliyyət göstərən bütün rus və erməni siyasi partiya və təşkilatları “Bakını Azərbaycanın paytaxtı elan etmək istəyən” müsəlmanlara qarşı vahid cəbhədə birləşdilər. Daşnaksütyun partiyasının o dövrdəki liderlərindən biri olan O.Kaçaznuni də bolşevik-daşnak əməkdaşlığından danışaraq qeyd edirdi ki, “Bakının erməni əhalisinin təhlükəsizliyi nöqteyi-nəzərindən bolşevik diktaturası Müsavat diktaturasından daha münasib idi… Bizim köməyimizlə bolşeviklər 1918-ci ilin martında Müsavatı darmadağın etdilər”. Məhz rus-erməni əməkdaşlığı ilə 1918-ci ildə demək olar ki, bütün Azərbaycan boyu həyata keçirilən soyqırım aktları nəticəsində on minlərlə türk-müsəlman qadın, qoca, uşaq fərqi qoyulmadan sırf irqi, milli və dini əlamətlərinə görə qətlə yetirildi, insan cəsəsdləri üzərində olmazın təhqiramiz hərəkətlər edildi və əhalinin əmlakı talan edildi. Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım cinayətlərini araşdırmaq üçün Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindən aydın olur ki, Bakıda törədiləcək soyqırımın planı hələ 1917-ci ildə “Daşnaksütyun” partiyası və Erməni Milli Şurası tərəfindən hazırlanmışdı.

Tarix elmləri doktoru Vasif Qafarov Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, “Fövqəladə Təhqiqat Komissiyasının materiallarında tam sübuta yetirilir ki, insanlar sırf dini və milli mənsubiyyətlərinə görə kütləvi şəkildə qətlə yetirilmişlər. Eyni zamanda, insanlar əzab və işgəncə ilə qətlə yetirilmiş, öldürüldükdən sonra isə onların meyitləri üzərində iyrənc zorakılıq aktları törədilmişdir. Müsəlman meyitlərinin yandırılması və iyrənc formada təhqir edilməsinin erməni ziyalıları və kilsə xadimləri tərəfindən törədildiyini təsdiq edən onlarca sənəd mövcuddur”.

1918-ci ildə Azərbaycanda türk-müsəlman əhalisinə qarşı həyata keçirilən bu soyqırım aktlarının miqyası çox böyükdür. Vasif Qafarov qeyd edir ki, 1918-ci ilin mart qırğınları zamanı 3 gün ərzində (30 mart – 2 aprel 1918-ci il) təkcə Bakıda 12 min müsəlman öldürülüb, kütləvi formada insan cəsədləri iyrənc və dəhşətli şəkildə təhqir edilib. Ümumi olaraq, Bakının müsəlman əhalisinə 1918-ci ilin mart qiymətləri ilə 400 milyon rubl, 1918-ci ilin son rübünün qiymətləri ilə isə 1,2 milyard rubl maddi zərər vurulub. Bütün bunlar Fövqəladə Təhqiqat Komissiyasının təhqiqat materialları əsasında şahid ifadələri, təftiş və ekspertiza protokolları ilə təsdiq edilmiş və çoxlu sayda yanmış ev və daha çox işgəncələrə məruz qalmış cəsədlərin fotoşəkilləri çəkilərək təhqiqat işinə əlavə edilmişdir. İnsanların əzabla qətlə yetirilməsi, öldürülən insanların üzərində təhqiramiz hərəkətlərin həyata keçirilməsi kimi faktlar soyqırımın milli-etnik zəmində baş verdiyini sübut edir.

1918-ci ildə Britaniyanın Bakıdakı konsulluğunun tərtib etdiyi materiallarda mart qırğını zamanı 20 min müsəlmanın qətlə yetirildiyi bildirilir. Həmin dövrdə İranın Bakıda konsulu olan Said Məhəmməd Əl-Vəzarə Marağayi isə, çap etdirdiyi xatirələrində göstərir ki, yalnız İran konsulluğu mart hadisələri baş verəndə qətlə yetirilən 5000 nəfər müsəlmanı dəfn edib. Əlbəttə ki, rəqəmlərdə uyğunsuzluq insanların kütləvi şəkildə qətlə yetirilməsi və onların dəqiq sayının müəyyənləşdirilməsinin mümkünsüz olduğundan xəbər verir.

Şəhərin Məhəmmədli və Zibillidərə məhəllələrində yaşayan müsəlman əhali son nəfərinə qədər məhv edilmişdi. FTK bu məhəllələrdə hadisələrlə bağlı ifadə almaq üçün bir nəfər belə tapa bilməmişdi. Britaniyalı konsul sənədlərdən birində yazır ki, “ermənilər bu hərəkətləri ilə tarixlərinin ən böyük səhvini etmiş oldular... Bu siyasətə görə bütün məsuliyyəti “Daşnaksütyun” daşıyır”.

Bakı şəhəri ilə yanaşı Bakının kənd və qəsəbələri (Məhəmmədli, Əhmədli, Balaxanı, Hökməli, Binəqədi, Zabrat, Sabunçu, Ramana, Bibiheybət, Xırdalan) də ermənilər tərəfindən törədilən soyqırım və talanlara məruz qalıb.

1918-ci il mayın 1-də Qubaya girən Amazaspın rəhbərlik etdiyi daşnak silahlı birləşmələrinin Qubada silahsız dinc əhaliyə azğınlıqla divan tutması nəticəsində Quba şəhəri tamamilə viran edilib, 2800 türk-müsəlman öldürülüb. Bununla yanaşı, Quba qəzasının Dəvəçi, Müşkür, Qusar, Rustov və 5-ci Fəthibəy polis nahiyyələrini əhatə edən 168 müsəlman kəndi erməni hücumuna məruz qalıb və dağıdılıb.

Vasif Qafarov bildirib ki, bütövlükdə Quba qəzası üzrə 4261 nəfər türk-müsəlman öldürülüb və müsəlman əhalisinə 187 milyon rubl maddi ziyan vurulub. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələrinin Quba qəzasında dağıtdığı və soyqırıma məruz qoyduğu 168 kənddən 35-i hazırda mövcud deyildir. Hazırda Qubada aşkar edilən kütləvi insan məzarlığı buna sübütdur. 2007-ci ildə 2 quyuda 600-ə yaxın insan skeleti, arxlarda isə 211 kəllə sümüyü tapılıb. Lakin törədilən soyqırımın sənədlərdən anlaşılan miqyası onu deməyə əsas verir ki, bu kimi məzarlıqlar qəza ərazisində 10-larladır.

Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında Fövqəladə Təhqiqat Komissiyasının 7 cild, 925 vərəqdən ibarət təhqiqat materialları toplanıb. Stepan Lalayevin və Tatevos Əmirovun başçılıq etdiyi erməni-bolşevik birləşmələri Şamaxı şəhərinin müsəlmanlar yaşayan hissəsi¬nin hamısına od vurub, şəhərin 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq – 800 illik tarixi olan Cümə məscidi yandırıblar.

Vasif Qafarov bildirib ki, Fövqəladə Təhqiqat Komissiyasının hesablamalarına görə, Şamaxı şəhərində törədilmiş türk-müsəlman qaırğınları zamanı şəhərin 21.127 nəfər müsəlman əhalisindən 10 min-i öldürülüb, Şamaxı şəhəri tamamilə dağıdılıb və yandırılıb, türk-müsəlman əhaliyə 1 milyard rubl maddi ziyan vurulub. Arxiv sənədlərində qaçqın və köçkünə çevrilən əhali arasında soyuq, aclıq və xəstəlikdən ölənlərin sayının çox olduğu bildirilsə də, yekun rəqəm göstərilmir. Əslində davam etməkdə olan anarxiya və qarışıqlıq dövründə belə bir statistikanın aparılması mümkün olmayıb. Şamaxı şəhəri ilə paralel olaraq Şamaxı qəzasının 110 kəndi də erməni-bolşevik-molokan silahlı birləşmələrinin hücumlarına və soyqırıma məruz qalıb. Şamaxı qəzasının 110 müsəlman kəndinə hücum edən ermənilər bu kəndlərdən 106-nı tamamilə yandırıb və dağıdıb, 10440 nəfər türk-müsəlmanı soyqırıma məruz qoyaraq ağır işgəncələrlə öldürüb, meyidlərin üzərində belə təhqiramiz hərəkət ediblər.

“Məsələn, 700 evdən ibarət olan Nəvai kəndində 955 nəfər (555 kişi, 260 qadın, 140 uşaq) öldürülüb; 260 evdən ibarət olan Qaqyalı kəndində 922 nəfər (360 kişi, 412 qadın, 150 uşaq) öldürülüb; 240 evdən ibarət olan Dilman kəndində 585 nəfər (300 kişi, 235 qadın, 50 uşaq) öldürülüb; 217 evdən ibarət olan Qubalı Bala-Oğlan kəndində 535 nəfər (250 kişi, 150 qadın, 135 uşaq) öldürülüb; 500 evdən ibarət olan Axsu kəndində 500 nəfər (200 kişi, 300 qadın və uşaq) öldürülüb; 200 evdən ibarət olan Kelva kəndində 500 nəfər (250 kişi, 150 qadın, 100 uşaq) öldürülüb; 358 evdən ibarət olan Ərəb-Kadım kəndində 378 nəfər (200 kişi, 100 qadın, 78 uşaq) öldürülüb; 130 evdən ibarət olan Bağırlı kəndində 370 nəfər (80 kişi, 150 qadın, 140 uşaq) öldürülüb; 300 evdən ibarət olan Tircan kəndində 360 nəfər (300 kişi, 40 qadın, 20 uşaq) öldürülüb; 600 evdən ibarət olan Kuşi kəndində 332 nəfər (192 kişi, 115 qadın, 25 uşaq) öldürülüb; 186 evdən ibarət olan Angexaran kəndində 235 nəfər (176 kişi, 28 qadın, 31 uşaq) öldürülüb və s”-deyə tarix elmləri doktoru qeyd edib.

Vasif Qafarov bildirib ki, Fövqəladə Təhqiqat Komissiyasının Şamaxı qəzasının erməni hücumuna məruz qalan hər bir kəndi üzrə tərtib etdiyi yekun aktlara görə, 110 kənd üzrə öldürülən 10.440 nəfərin 5023-ü kişi, 2741-i qadın, 1444-ü uşaq, 300-ü qadın və uşaq olaraq göstərilib, 932-sinin isə cinsi göstərilməyib, sadəcə öldürülən insan sayı kimi verilib. Bunlardan başqa ermənilərin hücumlarından canlarını qurtarmaq üçün dağlara və meşələrə qaçanlardan əksəriyyəti qadın, qoca və uşaq olmaqla 1855 nəfəri də həyatını itirib. 1918-ci il soyqırımları zamanı bütövlükdə Şamaxı qəzasında 22.295 nəfər öldürülüb, Şamaxı qəzasının müsəlman əhalisinə 1 milyard 631 milyon rubl maddi ziyan vurulub. Bütün bunlar Fövqəladə Təhqiqat Komissiyasının təhqiqat və istintaq materialları ilə tam sübuta yetirilmişdir. Şamaxı qəzasında erməni-bolşevik alyansı tərəfindən həyata keçirilən türk-müsəlman soyqırımı Fövqəladə Təhqiqat Komissiyasının 22 cild istintaq materialı və 63 fotoşəkil əsasında sənədləşdirilib.

Vasif Qafarov qeyd edib ki, 1918-ci il soyqırımları zamanı bütövlükdə Bakı quberniyasının qəza mərkəzləri olan Bakı, Salyan, Göyçay, Quba, Lənkəran və Şamaxı şəhərləri və eyni adlı qəzalar üzrə 367 kənd tamamilə talan edilib, dağıdılıb və yandırılıb. Fövqəladə Təhqiqat Komissiyasının təhqiqat və istintaq sənədlərinə görə, ümumilikdə Bakı quberniyası üzrə 41.024 nəfər türk-müsəlman qətlə yetirilib, əhalinin əmlakına 1918-ci ilin qiymətləri ilə 3, milyard 323 milyon rubl maddi ziyan vurulub. Bu məbləğin hazırki dövrdə diskont əmsalı təxminən 150 milyard dollara bərabərdir. Bu rəqəmlər təkcə FTK-nın təhqiqatları üzrə çıxarılan rəqəmlərdir. Nəzərə alsaq ki, 1918-ci ildə soyqırımlarının bütün Azərbaycan üzrə, o cümlədən də Bakı quberniyası üzrə nəticələrinin bir xeyli hissəsi adı çəkilən komissiyanın təhqiqatlarından kənarda qalmışdır. O zaman Azərbaycanın digər bölgələri kimi, Bakı quberniyasında da 1918-ci il soyqırımlarının miqyasının daha böyük olduğu üzə çıxır. 1918-ci il soyqırımları zamanı təkcə Bakı quberniyasında soyqırım qurbanlarının sayı ən azı 50.000 nəfərdən çox olub. Azərbaycanın Yelizavetpol və İrəvan quberniyalarında ermənilərin törətdiyi soyqırımın qurbanlarının sayı bu rəqəmə daxil deyildir.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği.

Son xəbərlər
Bütün xəbərlər »