Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Tərtər işgəncələri”ndə ittiham olunan polkovnik: “Nazir, müavini, Baş Qərargah rəisi, Hərbi Prokurorluqdan verilən əmri icra eləmişəm”
“Tərtər işgəncələri”ndə ittiham olunan polkovnik: “Nazir, müavini, Baş Qərargah rəisi, Hərbi Prokurorluqdan verilən əmri icra eləmişəm”

2017-ci ilin may-iyun aylarında Tərtər hadisələri zamanı yüzlərlə hərbçiyə işgəncə verməkdə ittiham olunaraq həbs edilən polkovnik, keçmiş hərbi hissə komandiri Vüsal Ələsgərov deyir ki, o, əmr icra edib. Bu səbəbdən də özünü təqsirli bilmir.

Bizimyol.info xəbər verir ki, Vüsal Ələsgərov martın 28-də öz məhkəməsində ona qarşı irəli sürülmüş ittihamlara münasibət bildirərkən bunu deyib. O, ifadə verməkdən imtina etsə də, bu barədə qısa danışıb.

“Mən əmrlərin icrasına görə məsuliyyət daşıyan şəxs olmuşam. İki müharibədən keçən zabit kimi, yuxarıdan verilən əmr və göstərişləri icra etmişəm. Müdafiə nazirinin, onun birinci müavininin, Baş Qərargah rəisinin, korpus komandirinin, eləcə də Hərbi Prokurorluğun əmr və göstərişlərini yerinə yetirmişəm. Bu da qanunla tənzimlənir. Bunun harası cinayətdir – buna da məhkəmə qərar versin”,- Vüsal Ələsgərov bildirib.

Vüsal Ələsgərov daha üç nəfərlə birlikdə mühakimə olunur. Bunlar polkovnik-leytenant Rəşid Niftəliyev, kəşfiyyatçı olmuş Ramil Qarayev və müddətdən artıq xidmət etmiş əsgər Rüstəm Ələsgərovdur. Onların işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev və daha iki hakimi – Rafiq Abbasov və Camal Ramazanovdan ibarət hakimlər kollegiyası baxır. Zərərçəkmişlərin sayı çox olduğuna görə şərait baxımından məhkəmə prosesi Sumqayıt Məhkəmə Kompleksində keçirilir.

Adları çəkilən 4 nəfərin işi üzrə 192 nəfər zərərçəkmiş qismində tanınıb. Onlardan 7 nəfər işgəncələr nəticəsində öldüyünə görə onların ailə üzvləri hüquqi varis qismində tanınıb. Martın 28-də məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror Orxan Səmədov ittiham aktını elan edib.

İttihama əsasən, Tərtər rayonu ərazində yerləşən N saylı hərbi hissənin komandiri Vüsal Ələsgərov yuxarı komandanlıq qarşısında nüfuz qazanmaq, vəzifədə irəli çəkilmək və başqa məqsədlərlə hərbi hissənin zabitlərindən ibarət dəstə yaradıb. O, müxtəlif hərbçiləri düşmənə işləmə şübhəsiylə qanunsuz şəkildə sorğu-sual edib. Dindirmə zamanı hərbçilərə işgəncələrə yol verilib, onların ləyaqəti alçaldılıb. İşgəncə növləri arasında suda boğma, bədənə elektrik vermə, dəyənəklə döymə və başqa üsullardan istifadə olunub.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 341.2.1 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma) maddələrilə ittiham irəli sürülüb. Onlardan Rüstəm Ələsgərova bu maddələrdən əlavə, həm də Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 126.3 (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ölümə səbəb olduqda) maddələrilə ittiham verilib.

İttihamlara münasibət bildirən dörd nəfərin heç biri özünü təqsirli bilməyib. Onlara ifadə vermək təklif olunsa da, üçü imtina edib, yalnız Rüstəm Ələsgərov ifadə verməyə razılaşıb.

“Özümü tam təqsirsiz bilirəm. Məhkəmənin sonuna qədər də ifadə vermək niyyətim yoxdur”, - polkovnik Vüsal Ələsgərov belə deyib. Dövlət ittihamçısı təklif edib ki, təqsirləndirilən polkovnik məhkəmədə ifadə verməkdən imtina etdiyinə görə onun istintaqdakı ifadəsi elan olunsun. Həmin ifadədə isə o, özünü qismən təqsirli bildiyini söyləyib.

Vüsal Ələsgərov orada bildirib ki, hadisələr baş verməmişdən bir neçə gün əvvəl 1-ci korpusun rəhbəri, general-mayor Hikmət Həsənov iclas keçirib, düşmənlə əlaqəyə girən şəxslərin aşkar olunmasını tapşırıb: “İclasda müdafiə naziri və Baş Qərargah rəisi online formada iştirak edirdilər. Bundan sonra hərbi hissədə şübhəli hərəkət edən hərbçilərin təqibinə başlandı. Qarşıdakı günlərdə korpusun hüquqşünası Fuad Ağayevin də iştirakı ilə şübhəli hərbçilər gözləri və qolları bağlı şəkildə işgəncə verilən hərbi hissələrə göndərildi”.

Vüsal Ələsgərov istintaqa ifadəsində deyib ki, işgəncə verilən hərbi hissədə oldeğu vaxt korpus komandiri Hikmət Həsənov, müavini Babək Səmidli və Tərtər prokurorluğunun əməkdaşları da orada idi. Onun ifadəsinə görə, həmin vaxt Hikmət Həsənov onunla söhbət edib dayanıqlılığı artırmağı tapşırıb: “Hərbi prokuror Xanlar Vəliyev və müavinləri də işgəncələr baş verən hərbi hissəyə gəlmişdi...”

Vüsal Ələsgərovdan soruşulub ki, istintaqda verdiyi bu ifadəni təsdiqləyir, yoxsa yox? O, ifadəsini təsdiqləyib. Həmçinin məhkəmədə özünü qətiyyən təqsirli bilmədiyi halda, istintaqda qismən təqsirli bilməsi də onun nəzərinə çatdırılıb, bu ziddiyyətə aydınlıq gətirməsi istənilib.

“O zaman DTX-da saxlanılırdım, sarsıntı keçirmişdim, ona görə elə demişəm. Özümü qətiyyən təqsirli bilmirəm. Bu işi tam, obyektiv araşdırılması üçün birinci növbədə əmr verənlərdən başlamaq lazımdır. Mənə Baş Qərargah rəisi Nəcməddin Sadıqov əmr veribsə, onu icra etməyə məhkumam”, - Vüsal Ələsgərov belə cavab verib.

Daha sonra təqsirləndirilən Rüstəm Ələsgərov ifadə verib. O bildirib ki, Tərtərdə hərbçilərə işgəncə verilən ikimərtəbəli binanın mühafizəçisi olub. Heç həmin binaya özbaşına daxil olmağa səlahiyyəti yox idi: “Biri generaldı, birinin başqa vəzifəsi var deyə, gedib evində rahat yatır, mən yetiməm, heç kimim yoxdur deyə, yükləyiblər üstümə. Mən briqada komandiri deyilən, kəşfiyyat rəisi deyiləm, adi əsgərin nə səlahiyyəti ola bilərdi? “1001 gecə nağılları”nı yazıb doldurub müstəntiq ora. 7 zərərçəkmiş qoyublar mənim işimə, ölənlərin də adamlarını aldadıblar, məni də. KamAz-ın içində adamları gətirirdilər, görürdüm. Mən əmr icra edirəm, deyirlər bu binanın mühafizəsində dayanmalısan, mən də dayanmışam. Mən kimə işgəncə vermişəm?”

“Tərtər işi” üzrə işgəncə verməkdə təqsirləndirilən daha 5 nəfərin, o cümlədən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra etmiş general-mayor Bəkir Orucovun məhkəməsi aprelin 5-də başlayacaq. Tərtər işi üzrə işgəncələrə, pis rəftara məruz qaldığı iddia olunan 452 nəfər zərərçəkmiş var.

2021-ci ilin dekabrında Tərtər işi üzrə icraat yenilənəndən sonra dövlətə xəyanət və başqa ağır ittihamlarla 20 ilə qədər həbs cəzasına məhkum edilmiş 19 nəfərin işinə yenidən baxılıb. Onlar haqqında hökm 2022-ci ilin noyabrında ləğv edilib, işlər istintaqa qaytarılıb, 5 il sonra onlara bəraət verilib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »